Goycay Cayi - Wikipedia
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay, Ucar və Zərdab rayonları ərazisindən axır.
Göyçay | |
---|---|
Ölkə | Azərbaycan |
Rayonlar | |
Mənsəbi | Türyançay |
Uzunluğu | 115 km |
Su sərfi | 12,9 m³/s |
Su sistemi | Kür |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 1770 km² |
Ümumi məlumat
redaktəUzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir.
Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur. Asılı gətirmələr sərfi 35,0 kq/san və ya orta hesabla bir ildə Şirvan düzü-nə 1 milyon tona qədər lil aparır. Orta lillənməsi isə 2700 q/kub m-dir. Aprel-iyun aylarında asılı gətirmələrin 45–65%-i, sentyabr-oktyabrda isə 15–30%-i keçir.
Göyçayın suyu hidrokarbonatlı-kalsiumlu olmaqla, 250–500 mq/l minerallaşmaya malikdir. Çay Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır və suvarma işlərinə məsrəf olunur. Çayın suyu yay aylarında əkin sahələrinin tələbatını ödəmədiyinə görə Nohur-Qışlaq su anbarının suyu xüsusi kanallar vasitəsilə çaya axıdılır. Göyçay şəhəri çayın suyu ilə təchiz olunur.
İvanovka kəndi yaxınlığında çayın üzərində HES tikilmişdir.
Göyçay çayının məcrası 2000-ci illərin əvvəllərindək 3–4 metr, bəzi yerlərdə 5–6 metr dərinliyində olmuşdur[1].
Körpülər
redaktəÇayı üzərində ilk avtomobil körpüsü 1947-ci ildə tikilmişdir.[1] Həmin körpü 2002-ci ilədək tab gətirmişdir. Belə ki, körpünün dayaqlarını, istinad laylarını su yumamışdır.[1] Lakin TIR-lar peyda olandan, ağır tonnajlı avtomobillər həmin dəmir konstruksiyalı körpünü qəzalı vəziyyətə saldıqdan sonra 2003-cü ildə ona paralel yeni körpü inşa edilib istifadəyə verilmişdir.[1] Mütəxəssislərə görə həmin tikilmiş, 2018-ci ildə uçmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Göyçayı fəlakətə sürükləyənlər kimlərdir? — Fotolar + Video Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine. qafqazinfo.az, 03.06.2018