Elifalet Braun Cunior - Wikipedia
Elifalet Braun Cunior (ing. Eliphalet Brown Jr.; 1816[1], Nyuberiport[d], Massaçusets – 23 yanvar 1886, Nyu-York, Nyu-York ştatı) – ABŞ fotoqrafı, dagerotipisti, litoqrafı və rəssamı. Yaponiyaya göndərilmiş Perri ekspedisiyasının rəsmi fotoqrafı olmuşdur. Yaponiyada çəkilmiş ilk fotoların müəllifidir.
Elifalet Braun Cunior | |
---|---|
Doğum tarixi | 1816[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 yanvar 1886 |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, fotoqraf, dagerotipist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYaponiya səyahəti
redaktəElifalet Braun 1816-cı ildə ABŞ-də doğulmuşdur.[2] 1846–48-ci illərdə Nyu-York şəhərində dagerotipist qardaşı Ceyms Sidni Braunla işləmişdir.[2] 1848-ci ildə litoqraf Çarlz Severinə qoşulmuşdur. "Currier and Ives" şirkəti üçün işləyərkən 1852-ci ildə Perri ekspedisiyasının fotoqrafı seçilmişdir.[2] O, ekspedisiya boyunca rəssam Vilhelm Heyne və teleqrafdan məsul olan Vilyam Dreyperlə əməkdaşlıq etmişdir.[2]
Metyü Perri 1853-cü ilin avqustunda Makaoda yazdığı jurnal qeydlərində Braundan bəhs etmiş və onun kalotipiya təcrübələri apardığını qeyd etmişdir.[3] Perri ekspedisiyası Yaponiyaya çatmazdan öncə 26 may 1853-cü ildə Okinavanın paytaxtı olan Naha şəhərində dayanmışdır.[3] Ekspedisiya üzvlərindən biri olmuş Teylor Beyyard 1887-ci ildə yazdığı "1853-cü ilin Hindistan, Çin və Yaponiya ziyarətləri" kitabında Braunun Okinavadakı fəaliyyətini təsvir etmişdir.[3] Braun və Dreyper üç həftələrini bir məbəddə keçirərək fotoqrafiya ilə məşğul olmuşdurlar.[3] Bir çox yerli şəxs onları ziyarət edərək fəaliyyətlərini maraqla izləmiş, hətta bəziləri fotoportret üçün əyləşmişdir.[3]
Braun ekspedisiya zamanı dagerotipiya üsulu ilə 400-dən çox foto çəkmişdir.[2] Bu fotoların bəziləri Perri tərəfindən yaponlara verilmiş, bir çoxu isə 1856-cı ildə Filadelfiyadakı çap evində baş vermiş yanğın zamanı məhv olmuşdur.[2] Yanğında salamat qalmış 20 foto həmin il nəşr olunmuş "Amerika eskadrasının Çin dənizlərinə və Yaponiyaya ekspedisiyasının hekayəsi" kitabında təsvir edilsə də, ancaq altı foto müasir dövrə qədər çata bilmişdir.[2] Fotoların çoxunun yanğında məhv olduğu iddia güman edilsə də, Rob Eksle 1987-ci ildə yazdığı kitabında fotoların başqa çap evlərinə də göndərildiyi üçün böyük qisminin salamat qaldığını iddia etmişdir.[2] Braunun Yaponiyada çəkdiyi fotoların bir çoxunun mövzusu demək olar ki, naməlumdur.[4] Sadəcə 60 fotonun mövzusu identifikasiya edilə bilmişdir.[4]
ABŞ-yə qayıdışı
redaktəBraun Yaponiyadan qayıtdıqdan sonra fotoqrafiya ilə məşğul olmaqdan əl çəkmişdir.[4] Lakin Yaponiyada çəkdikləri əsasında böyük litoqraf vərəqləri nəşr etdirmişdir.[4] 1860-cı ildə Perri ekspedisiyası zamanı xərclədiyi pul üçün ABŞ Konqresindən təzminat tələb etsə də, tələbi yerinə yetirilməmişdir.[4]
Braun donanmaya qoşulmağa qərar vermiş və növbəti 20 ilini hərbi xidmətdə keçirmişdir.[4] ABŞ Vətəndaş müharibəsində master və gizir kimi döyüşmüşdür.[4] Müharibədən sonra kargüzarlıq vəzifəsinə keçmişdir.[4] Aralıq dənizi eskadrasında admiralın katibi olmuşdur.[4] 1875-ci ildə təqaüdə çıxaraq evlənmişdir. Üç ay davam edən xəstəlikdən sonra 23 yanvar 1886-cı ildə Nyu-Yorkda ölmüşdür.[4]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. 27–29. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 8 oktyabr 2022.