Dami Im - Wikipedia
Dami İm (kor. 임다미, ing. Dami Im; 17 oktyabr 1988, Seul) — Cənubi Koreyada anadan olmuş Avstraliya müğənnisi və bəstəkarı. İm doqquz yaşında ikən ailəsi ilə birlikdə Cənubi Koreyadan Avstraliyaya köçmüşdür.
Dami İm | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1988 (36 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2010-cu ildən |
Janr | pop musiqisi |
Səs tembri | soprano |
Təhsili | |
damiim.com damiim.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
O, 2013-cü ildə Avstraliyanın The X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmış və nəticədə Sony Music Australia albom şirkəti ilə müqavilə fürsəti əldə etmişdir. Yarışmadakı qalibiyyətindən sonra İmin "Alive" adlı debüt sinqlı təqdim olunmuşdur. Mahnı Avstraliya hit paradlarında birinciliyə yüksələ bilmişdir. Daha sonra ifaçının öz adını verdiyi ikinci studiya albomu işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almışdır.
İmin Heart Beats adlı üçüncü studiya albomu 2014-cü ildə işıq üzü görmüş və ümumilikdə ifaçının ikinci uğur qazanan albomu olmuşdur. Albomun ən çox dinlənən mahnıları "Super Love" və "Gladiator" olmuşdur.
Dami İm Avstraliyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müsabiqənin finalında ikinci yeri tutmaqla Avstraliyaya Avroviziyadakı ən yaxşı nəticəsini qazandırmışdır.
Həyatı
redaktəDami İm 17 oktyabr 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində anadan olmuşdur. İmin atası Li Hae-yun peşəkar opera ifaçısıdır. İm hələ beş yaşında ikən piano dərslərinə başlamış və eyni zamanda tanınmış müğənnilərin mahnılarını oxumağa başlamışdır. Valideynləri doqquz yaşlı İm və onun kiçik qardaşı Kenninin Avstraliyada daha gözəl həyat yaşaya biləcəklərini düşündükləri üçün onlar anaları ilə birlikdə Avstraliyaya köçmüşdür.[1] Onlar Brisbendə dayıları ilə birlikdə yaşayarkən, İmin atası onlara maddi yardım göstərmək üçün Cənubi Koreyada qalıb, işləməyə davam etmişdir. Hal-hazırda İmin valideynləri birlikdə yaşayır, onlar ilin yarısını Avstraliyada, digər yarısını isə Cənubi Koreyada keçirirlər.[1]
11 yaşında İm Kvinslenddə yerləşən Qriffit Universitetinin Gənc musiqi konservatoriyası bölümündə təhsil almağa başlamışdır. O, Yamaha gənc pianoçular müsabiqəsində finalçı olmuş və eyni zamanda Kvinslend piano yarışmasında bir neçə dəfə qələbə qazanmışdır. İm Kvinslenddə Con Pol kollecinə daxil olmuş və 2005-ci ildə orada təhsilini başa vurmuşdur. 2009-cu ildə isə o, Kvinslend Universitetini fərqlənmə ilə bitirmişdir. The X Factor musiqi yarışmasına qatılmazdan öncə İm musiqi və piano müəlliməsi olaraq fəaliyyət göstərmişdir.
İm xristiandır. O, ilk dəfə kilsədə tanış olduğu Noa Kim ilə 2012-ci ilin sentyabr ayında, Seulda ailə həyatı qurmuşdur. Onlar hal-hazırda Kvinslendin Loqan şəhərində yaşayırlar.
Musiqi karyerası
redaktə2010–2012: Karyeranın başlanğıcı
redaktəDami İm Cənubi Koreyada qısa müddətlik qospel ifaçısı olaraq çalışmışdır. 2010-cu ildə ifaçının Dream adlı debüt albomu işıq üzü görmüşdür. Doqquz mahnının yer aldığı albomdan əldə olunan gəlir İm tərəfindən kilsəyə bağışlanmışdır. 2011-ci ilin iyul ayında ifaçı ingilis dilində səsləndirdiyi daha iki mahnısını da əlavə edərək Dream albomunun yeni versiyasını təqdim etmişdir. Həmin ilin sonunda İmin Milad bayramı münasibətilə yazdırdığı və yeddi mahnının daxil olduğu Snow & Carol adlı mini-albomu təqdim olunmuşdur. 2012-ci ilin iyul ayında ifaçının Intimacy adlı ikinci mini-albomu işıq üzü görmüşdür.
2013: The X Factor Australia
redaktə2013-cü ildə Dami İm Avstraliyanın The X Factor musiqi yarışmasının dinləmələrinə qatılmışdır. Dinləmə mərhələsində Meraya Kerinin "Hero" mahnısını ifa edən İm növbəti mərhələyə vəsiqə qazanmışdır. Yarışmanın üçüncü mərhələsində İm Beyonsenin "If I Were a Boy" mahnısı ilə Avstraliyanın tanınmış ifaçılarından olan Kayli Minoqun qarşısında çıxış etmişdir. Bu mərhələdə də münsiflərin dəstəyini qazandıqdan sonra Dami İm yarışmanın televiziyada canlı yayımlanan bölümlərində iştirak hüququ əldə etmişdir.
Yarışmanın ilk canlı yayımlanan şousunda Dami İm U2 qrupunun "One" mahnısı ilə çıxış etmiş və zalda əyləşən tamaşaçılardan ayaqüstə alqışlar qazanmışdır. İkinci şouda İm Prinsin "Purple Rain" mahnısını ifa etmiş və növbəti dəfə ayaqüstə alqışlar qazana bilmişdir. Münsiflərdən biri İmin hal-hazırda qalibiyyətə ən yaxın iştirakçı olduğunu söyləmişdir. Yarışmanın üçüncü canlı yayımlanan şousunda ifaçı Telma Hyustonun "Don't Leave Me This Way" mahnısı ilə çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanmışdır. Dördüncü şouda Keti Perrinin "Roar" mahnısını ifa edən İm dördüncü dəfə ard-arda zalda əyləşən tamaşaçılardan və münsiflər heyətindən ayaqüstə alqışlar qazanmışdır. Bir birinin ardınca göstərdiyi yüksək səviyyəli ifalar nəticəsində Dami İm yarışmanın final mərhələsinə yüksələ bilmişdir.
2013-cü ilin 27 oktyabr tarixində keçirilən final gecəsində Dami İm özünün "Alive" mahnısı ilə çıxış etmişdir. Növbəti dəfə tamaşaçılardan və münsiflərdən ayaqüstə alqışlar qazanan ifaçı The X Factor Australia yarışmasının qalibi elan edilmişdir.
2013–2015: Dami Im və Heart Beats albomları
redaktəThe X Factor musiqi yarışmasında əldə etdiyi qalibiyyətdən sonra Dami İmin "Alive" mahnısı iTunes Store onlayn mağazasında təqdim edilmişdir. Eyni zamanda ifaçı Avstraliyanın Sony Music albom şirkəti ilə uzun müddətli anlaşma imzalamışdır. Təqdimatından dörd gün sonra "Alive" mahnısı Avstraliyanın sinql siyahılarında birinciliyə yüksələ bilmiş və 70,000-dən artıq nüsxəsi satılmışdır. 2013-cü ilin noyabr ayında Dami İmin öz adını verdiyi ikinci studiya albomu işıq üzü görmüşdür. Albomda ifaçının The X Factor yarışmasında ifa etdiyi mahnıların studiya versiyaları yer almışdır. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almışdır. 2013-cü ilin dekabr ayında İm digər The X Factor yarışmasının iştirakçıları ilə birlikdə tur çərçivəsində Avstraliyanın müxtəlif şəhərlərində konsert proqramı ilə çıxış etmişdir.
2014-cü ilin yanvar ayında Dami İm Avstraliya gününə xüsusi olaraq həmkarı Cessika Mauboy, Castis Kryu, Nataniel Uillyems, Samanta Ceyd və Teylor Henderson ilə birlikdə ifa etdiyi "I Am Australian" mahnısını təqdim etmişdir. Həmin ilin sentyabrında ifaçı Avstraliya radio stansiyalarından biri Nova FM-in təşkil etdiyi tur çərçivəsində Sidneydə çıxış etmişdir. Dami İmin Heart Beats adlı üçüncü studiya albomu 2014-cü ilin oktyabr ayında işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında yeddinci yerdə debüt edərək, ümumilikdə ifaçının ikinci uğur qazanan albomu olmuşdur. Albomun ən çox dinlənən mahnıları "Super Love" və "Gladiator" olmuşdur. Albom eyni zamanda Cənubi Koreyada da satışa çıxarılmışdır. Həmin ili dekabr ayında Con Leqendin All of Me turu çərçivəsində Avstraliyada keçirdiyi konsert proqramında Dami İm ifaçını səhnədə müşayiət etmişdir. İmin altıncı sinqlı olan "Smile" 2015-ci ilin may ayında təqdim edilmişdir. Həmin ilin iyun ayında ifaçının dördüncü studiya albomunun üzərində çalışdığı öz təsdiqini tapmışdır.
2016-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi
redaktəDami İm 2016-cı ilin fevral ayında Çin Xalq Respublikasının BTV telekanalında yayımlanan Yaz festivalında çıxış etmişdir. İm festivalda "Close to You" mahnısını və eyni zamanda Qazaxıstanlı müğənni Tasiken ilə duet şəklində "365 Mile Road" mahnısını çin dilində ifa etmişdir.
3 mart 2016-cı il tarixində Avstraliyanın SBS telekanalı Dami İmin Avstraliyanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.[2] Bir neçə gün sonra İmin müsabiqədə ifa etdiyi "Sound of Silence" mahnısı dinləyicilərə təqdim olunmuşdur. Avroviziya ərəfəsində ifaçının eyni zamanda dördüncü studiya albomu olan Classic Carpenters işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almağa nail olmuşdur. Aprel ayında albomda yer alan "(They Long to Be) Close to You", "There's a Kind of Hush (All Over the World)" və "Yesterday Once More" mahnılarına çəkilən videokliplər təqdim edilmişdir.
Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Dami İm 12 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 10-cu nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 330 xalla 1-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən İm 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 511 xal toplayaraq, 2-ci yeri tutmuşdur. İm finalda münsif səsverməsinə görə birinci yeri tutsa da, SMS səsverməsində dördüncü yerdə qərarlaşmışdır.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
Dream | 2010 |
Dami Im | 2013 |
Heart Beats | 2014 |
Classic Carpenters | 2016 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Alive" | 2013 |
"I Am Australian" | 2014 |
"Jolene (Acoustic)" | |
"Super Love" | |
"Gladiator" | |
"Living Dangerously" | |
"Smile" | 2015 |
"Sound of Silence" | 2016 |
"Fighting for Love" | |
"Hold Me in Your Arms" | 2017 |
İstinadlar
redaktə- ↑ 1 2 "'Some people thought I was stupid': X Factor star Dami recalls terrible childhood". The Age. Fairfax Media. 29 avqust 2013. 23 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-30.
Əvvəlki: Qay Sebastian "Tonight" |
Avstraliya Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Ayzeya Fayrbreys "Don't Come Easy" |