Ceytun Medeniyyeti - Wikipedia
Ceytun — Aşqabaddan (Türkmənistan) 25 km. şimal-qərbdə Neolit dövrünə aid məskən (e.ə. VI minilliyin əvvəlləri)[1] və onun materialları əsasında Cənubi Türkmənistan və şimal-şərqi İranda müəyyənləşdirilmiş erkən əkinçilik mədəniyyəti (e.ə. VI minillik). Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır. Ərazidə 150–200 nəfərin yaşaya biləcəyi 30 ev yeri aşkar edilmişdi.[2]
Ceytun mədəniyyəti | |
---|---|
Yer | Kopetdağ |
Tarix | |
Mədəniyyətlər | Ceytun mədəniyyəti |
Vikianbarda əlaqəli mediafayllar |
Antropologiyası
redaktəTürkmənistanın cənubundakı Ceytun mədəniyyətinə aid ilk əkinçilər irqi nöqteyi-nəzərdən Ön Asiya və Şərqi Aralıq dənizi əhalisinə yaxındır.[3]
Səciyyəvi xüsusiyyətləri və əsas mərhələləri
redaktəCeytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi. Pessecik-Təpədə (Ceytun mədəniyyətinin orta mərhələsi) daxili sütunları və pilyastrları olan məbəd tədqiq edilmişdir; ocağın qarşısındakı suvanmış ağ divar qara və qırmızı boya ilə naxışlanmışdır (həndəsi ornamentlər, heyvan təsvirləri). Məskənlərin təbəqəsində fərdi dəfn yerləri var.
Qazıntılar zamanı çaxmaqdaşıdan nukleuslar, lövhəciklər, qaşovlar, matqablar, çoxsaylı mikrolitlər və s. aşkar olunmuşdur. Çopan-Təpədən mikrolit içlikləri olan sümükdən düzəldilmiş biçin bıçağı tapılmışdır.[4] Cilalanmış kərki-baltalar, sıxaclar və s. də var. Səhənglər, silindrik xörək kasaları və yastı oturacaqlı qədəhlər, gildən düzəldilmiş dördkünc qablar; qabın üzərindəki açıq cəhrayı, yaxud darçını anqob qəhvəyi naxışlarla bəzədilirdi; erkən mərhələdə şaquli dalğavari xətlər və qövs qrupları; orta mərhələdə şaquli xətlər və ziqzaqlar, son mərhələdə fərqli çalarlı üçbucaqlar, üfiqi dalğavari xətlər, ağac təsvirləri üstünlük təşkil edirdi. Sümükdən, daşdan, balıqqulağından olan muncuqlara və cilalanmış daş asmalara (müxtəlif heyvan formasında da var) təsadüf olunur.[5] Daş və gildən kəsik-konusvari "fişkalar", terrakotadan antropomorf və zoomorf fiqurlar da aşkar edilmişdir.
Təsərrüfatı
redaktəTəsərrüfatın əsasını əkinçilik (buğda, arpa), davar (son mərhələdə qaramal) yetişdirilməsi, həmçinin ceyran, az miqdarda dağkeçisi və qoyun, tülkü, dovşan, və s. ovu təşkil edirdi, it əhliləşdirilmişdi.[6]
Digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsi
redaktəCeytun mədəniyyətinin mənşəyi VII minilliyin II yarısında erkən əkinçi tayfaların Zaqrosdan hərəkəti ilə bağlıdır. Mikrolit industriyasında mezolit dövründə Cənubi Xəzəryanı ərazilərdə məskunlaşmış ovçuların ənənələri izlənilir. Eramızdan əvvəl VI minilliyin sonu — V minilliyin əvvəllərində Ceytun və I A Anau mədəniyyəti tiplərinin qarşılıqlı təsiri nəticəsində I Namazqa tipli mədəniyyət təşəkkül tapmışdı.
Mənbə
redaktə- Массон, Вадим Михайлович, Пугаченкова Г. А. Поселение Джейтун (Проблема становления производящей экономики) // Материалы и исследования по археологии СССР. — № 180. — Л.: Наука, 1971. — 208 с.: ил.
- Шишкин И. Б. У стен великой Намазги. — М.: Наука, Главная редакция восточной литературы, 1981. — 2-е изд., доп. — 208 с.: ил. — Серия "По следам исчезнувших культур Востока".
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Harris, 1997, p29
- ↑ Harris, 1997, pp. 29–30
- ↑ Антропология славян[ölü keçid]
- ↑ Jack Cassin (2000), A Brief Outline to the Archaeological Pre-History of Turkmenistan. Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine weavingartmuseum.org
- ↑ "Усачёва И. В. «Утюжки» в культурах Евразии". 2008-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ Harris, 1997, p. 29–30