Azadkend Minaresi - Wikipedia
Vaxtilə Naxçıvan bölgəsində yaradılan möhtəşəm memarlıq nümunələrindən biri də Azadkənd minarəsidir.
Tədqiqi tarixindən
redaktəHazırda inzibati-ərazi bölgüsü cəhətdən Ordubad rayonuna daxil olan Azadkənddə orta əsrlər zamanı inşa edilmiş minarə haqqında ilk məlumata rus şərqşünas və diplomatı N. V. Xanıkovun "Qafqazın müsəlman kitabələrinə dair memar" adlı məqaləsində rast gəlinir. XIX yüzilliyin ortalarında abidəni tədqiq etmiş şərqşünas abidənin üzərindəki kitabəni tədqiq edərək onun naxçıvanlı memar Şeyx Cühənnah oğlu tərəfindən inşa edilməsini müəyyən etmiş və onun inşa tarixini hicri VI əsrə aid etmişdir[1]. Bu minarə haqqında 1927-ci ildə Naxçıvanda ezamiyyətdə olarkən Azadkənddə də olmuş rus alimi V. M. Sısoyev də məlumat vermişdir. Ancaq V. M. Sısoyev kənddə olarkən minarə yarım dağılmış vəziyyətdə olmuşdur. Alim yazır ki, kəndin cənub-şərq tərəfində bir həyətdə kiçik qüllə vardır. Yerli əhali arasında o "minarə" adı ilə məlumdur. O dairəvi qüllə formasındadır, gövdəsinin uzunluğu 16 metrdir. Alimin yazdığına görə abidənin yuxarı hissəsi yaşıl və qara rəngli kərpiclərlə dama şəklində hörülmüş, Bərdə türbəsində olduğu kimi ərəb əlifbası ilə "Allah" sözü yaradılmışdır[2]. V. M. Sısoyev həmin vaxt hündürlüyü 6 metr olan minarənin inşa tarixini N. V. Xanıkov kimi hicri VI əsrə deyil, oxşar xüsusiyyətlərinə əsasən Bərdə (1322-ci il) və Qarabağlar (XIV yüzilliyin 30-cu illəri) türbələti ilə bir dövrə — hicri VIII yüzilliyə (miladi ilə XIV yüzilliyə) aid edir. Bir sıra tarixi faktlara söykənərək bu haqda V. M. Sısoyevin fikri ilə razılaşmaq olar.[3]
Memarlıq quruluşu
redaktəVaxtilə minarənin ətrafında inşa olunan məscidin, karvansaranın[4] və başqa tikintilərin qalıqlarına əsasən demək olar ki, bu ərazidə böyük bir memarlıq kompleksi olmuşdur. Çox təəssüflər olsun ki, bu memarlıq kompleksi zaman keçdikcə tamamilə dağılaraq məhv olmuşdur. Ondan indiyədək ancaq Azadkəndin cənub-şərq tərəfində, yerli əhali arasında "Minar dibi" adlanan yerdə vaxtilə kompleksin əsasını təşkil edən minarənin kiçik bir qalığı qalmışdır. Bu qalıqdan görünür ki, minarənin içərisində yuxarıya çıxmaq üçün dolama pilləkən olmuşdur.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
İstinadlar
redaktə- ↑ Khanykoff M. N. Memoire sür les inscriptions musulmanes du Caucase.–Journal Asiatique. Paris, 1862, t. XX, Aout, V serie, s. 70
- ↑ Сысоев В. М. Нахичевань на Араксе и древности Нах. ССР (отчет опоездке Летом 1926 г.). Известия "Азкомстарис"а, вып. 4 (тетрадь 2). Баку, 1929, с. 87–121., с. 197
- ↑ Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
- ↑ İsayev E. Böyük İpək yolu və Naxçıvan. Bakı: Elm və təhsil, 2012, 214 s., s. 114