Aza Sah Abbas Korpusu - Wikipedia
Aza (Şah Abbas) körpüsü — Ordubad rayonunun Aza və Darkənd kəndlərini birləşdirən körpüdür.
Aza (Şah Abbas) körpüsü | |
---|---|
Ölkə | |
Yerləşir | Aza |
Vikianbarda əlaqəli mediafayllar |
Tikinti materialı və memarlıq quruluşu
redaktəQırmızımtıl rəngli yonulmuş yerli dağ daşından beş aşırımlı şəkildə inşa edilmiş və zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan körpünün uzunu 46 poqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların-aşırımların oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğakəsən düzəldilmişdir.
Böyük İpək yolu ilə hərəkət edən ticarət karvanlarının işini asanlaşdıran, onların rahatlığını təmin edən bu körpü Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində inşa edilmişdir. Bu yollarla şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının sahibləri keçdikləri ərazilərin malları ilə yanaşı Naxçıvan bölgəsinin məhsullarını da, o cümlədən duz, quru meyvə, sənətkarlıq məhsulları, xam ipək, ipək məhsullarını və s. də alıb aparır getdikləri ölkələrdə satırdılar[1].
Kitabəsi
redaktəKörpü zamanın sınaqlarına mətanətlə sinə gərərək əsasən salamat qalsa da, müəyyən vaxtlarda təbii fəlakətlər və tarixi hadisələr nəticəsində dağıntılara məruz qalmış, sonralar bərpa olunmuşdur. Belə bərpa işlərindən biri XIX yüzilliyin ortalarında aparılmışdır. Bu haqda vaxtılə onun üzərində ərəb-fars və rus dillərində qoyulmuş kitabələr məlumat vermişdir[2]. XX yüzilliyin 90-cı illərinin ortalarında güclü sel suları körpünün qərb tərəfini dağıtmış, həmin vaxt haqqında bəhs olunan kitabələr də itib bataraq məhv olmuşdur. Körpü 1997-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.
Bu körpüdən təxminən 500 metr yuxarıda salınan yeni, müasir körpü istifadəyə verilənədək, keçən yüzilliyin 60-cı illərində, sovet hakimiyyəti dövründə Naxçıvan – Ordubad maşrutu ilə və əksinə hərəkət edən nəqliyyat vasitələri və insanlar bu körpüdən istifadə edirdilər. Hazırda, Azadkəndə gedən və oradan gələn insanlar, heyvan və mal-qara sürüləri, həmçinin minik və yük avtomobilləri bu körpüdən keçirlər.
Körpünün inşa tarixi haqqında dəqiq məlumat yoxdur.
Tarixi dövrləşdirməsi
redaktəYerli əhali arasında yayılan fikirlərə görə körpü Səfəvi hökmdarı I Şah Abbasın dövründə (1587–1629-cu illər) inşa edilmişdir. Hətta onu "Şah Abbas körpüsü" adlandırılanlar da var. Tikinti texnikasına, memarlıq-konstruktiv quruluşuna görə körpünü XVI–XVII yüzilliklərə aid etmək olar.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.