Anadolu Roku - Wikipedia
Anadolu roku və ya Türk psixodelik rok — türk xalq musiqisi və rokun qarışığı. 1960-cı illərin ortalarında, rok qrupları Türkiyədə məşhurlaşdıqdan sonra ortaya çıxmışdır. Bu janrın ən tanınmış nümayəndələri Barış Manço, Cem Qaraca, Erkin Koray, Selda Bağcan, Fikrət Kızılok, Barış Akarsu kimi kimi türk musiqiçiləri ilə yanaşı Moğollar, Kurtalan Ekspres, 3 Hürel qruplardır.
Tarixi
redaktəZəmin (1930-1960-cı illər)
redaktəAnadolu rokunun tarixi Türkiyə Cümhuriyyətinin qurulduğu vaxta qədər uzanır. Atatürk 1930-cu illərin əvvəllərindən etibarən milli musiqi formasını qurmaq üçün geniş dəyişikliklər etmişdi. O hesab edirdi ki, musiqi milli və müasir əsaslara söykənməli və musiqiçilər türk melodiyaları üzərində işləməli və onları Qərb harmonik musiqisinin qaydalarına uyğun olaraq polifonik hala gətirməlidirlər.[1] Nəticədə Anadolu xalq musiqisi yayılmağa başladı və insanlar Osmanlı musiqisi əvəzinə Anadolu xalq mahnılarını dinləməyə başladılar.[2]
1960-cı illərdə Rok-n-roll və The Beatles, The Rolling Stones, Led Zeppelin, Yes, Status Quo və Omega kimi rok qrupları xüsusilə İstanbulda məşhurlaşdı. İstanbulda lisey və universitet tələbələri 1957-ci ildə öz qruplarını yaratmağa və rok-n-roll və twist musiqilərinin coverlərini ifa etməyə başladılar. Qalatasaray Liseyindən Barış Manço və Alman Liseyindən Erkin Koray kimi sonradan məşhur müğənni olacaq tələbələr təşkil etdikləri və Türkiyənin ilk rok-n-roll konserti kimi tanınan həvəskar konsertdə çıxış etmişdilər.[3] Erol Büyükburç kimi türkiyəli müğənnilər öz mahnıları ilə yanaşı, amerikan mahnılarının ingilis dilində cover variantlarını da yayımlamağa başlamışdılar.[4]
Anadolu rokunun və türk psixodelik rokunun qızıl dövrü (1960–1980-ci illər)
redaktə1957-ci ildən türk radiostansiyaları "The Tornados" və ya "The Ventures" qruplarının sörf-rok janrındakı mahnılarını yayımlayır, Elvis Presli və Bill Heylinin aktyorluq etdiyi filmlər kinoteatrlarında nümayiş etdirilirdi.[5] Bu, Erkin Koray kimi musiqiçiləri 1957-ci ildə yeni elektro gitaradan istifadə edərək rok-n-roll melodiyalarının cover versiyalarına başlamağa ruhlandırdı.[6] 1960-cı illərin əvvəllərində türk qrupları "The Shadows" və "The Ventures" kimi instrumentalları ifa etməyə başladılar. Çox vaxt yerli populyar ifaçılar olsa da, bu türk qrupları nadir hallarda qeydə alınırdı. İlk orijinal türkdilli pop mahnısı 1964-cü ildə Timur Selçuk tərəfindən buraxılan "Ayrılanlar İçin" mahnısı olub. 1960-cı illərin əvvəllərində ilk dəfə səsyazma aparan və daha sonra 1970-ci illərdə 2023 (1975) kimi albomlarla türk rok musiqisinin qabaqcıllarından biri və "Anadolu rokunun atası" olan Barış Manço da daxil olmaqla başqa müğənnilər də ortaya çıxdı.[7][8] Eyni zamanda, türk cəmiyyəti çoxpartiyalı demokratiyanın böyüməsi də daxil olmaqla, əhəmiyyətli mədəni dəyişikliklərə məruz qalmağa başladı.[9]
Türkiyədə yerli rok musiqisi səhnəsi 1960-cı illərin ortalarında və sonlarında sürətlə inkişaf etdi. 1963-cü ildə gitaraçı Erkin Koray türk dilində ilk rok-n-roll kimi qəbul edilən və türk psixodelik rokunda yeni bir dövr açan "Bir sentyabr gecəsi"ni (Bir Eylül Akşamı) buraxdı. 1968-ci ildən təxminən 1975-ci ilə qədər "İstanbul musiqi səhnəsində çox təsirli fiqur" olaraq qəbul edilən Koray əsəri kimi ifalar ilə Türkiyədə psixodelik rok məşhurlaşmağa başladı.[10] "Moğollar" qrupu "Anadolu xalq musiqisinin elementlərini özündə birləşdirərək türk rokunun mənzərəsini dəyişmək" ilə tanınır və Fransada "Les Mogols" kimi tanındıqdan sonra musiqi janrını Anadolu Pop adlandırıb. Başqa bir pioner Fikrət Kızılok, Anadolu Pop üslubunu açıq-aşkar siyasi sözlərlə və elektron musiqi ilə etdiyi eksperimentlərlə birləşdirdi.[7]
Türk musiqiçiləri də mütəmadi olaraq Avropanın rəqabətli musiqi festivallarında çıxış edirdilər. 1964-cü ildə Tülay German Balkan Musiqi Festivalında "Burçak Tarlası" mahnısını bossa nova üslubunda ifa etmiş və dərhal məşhurlaşmışdır. Bunun birbaşa nəticəsi olaraq, "Hürriyyət" qəzeti türk xalq melodiyaları ilə Qərb üslublu musiqiləri birləşdirən yeni mahnıların hazırlanmasını təşviq etmək üçün "Qızıl Mikrofon" (Altın Mikrofon) müsabiqəsini təşkil etdi.[11] Bu, Mavi Işıklar, Silüetler qrupları və musiqiçilər Cem Karaca, Edip Akbayram, Selçuk Alagöz və bacısı Rana Alagöz də daxil olmaqla yeni nəsil musiqiçilərin məşhurlaşmasına kömək etdi. Finalçılar 45 rpm-disk yazmaq imkanı və ölkə üzrə turla mükafatlandırıldılar. Nəticədə, böyük şəhərlərdən kənarda insanların bu janra məruz qalmasına səbəb oldu.
Anadolu roku dövrünün sonu (1980)
redaktəAnadolu roku 1970-ci illərin sonlarına qədər məşhur idi. Bu dövrlərdə bəzi musiqiçilər sadə xalqın yanında olaraq onlara dəstək oldular. Belə insanlardan biri də Selda Bağcan idi. Gənclər üçün populyar musiqi solçu təfəkkür, daha böyük bərabərlik, azadlıq və işçi hüquqları uğrunda etirazların sinonimi oldu. Bu sənətçilərin solçu baxışları onları hakimiyyətə sevdirməmişdi. 1970-ci illər davam etdikcə Türkiyədə iqtisadi tənəzzül və sosial iğtişaşlar yarandı və 12 sentyabr 1980-ci ildə hərbi çevriliş Anadolu rok janrına son qoydu. Solçu rokçular repressiyalarla üzləşdi, tutqun siyasi atmosfer isə 80-ci illərdə melanxolik arabesk janrının populyarlığını artırdı.
Çevrilişdən sonra rok musiqiçilərin ifaları qadağan edildi, Cem Karaca kimi bir çox sənətçi xaricə qaçmalı oldu və bəziləri həbs olundu.[12]
Türk rok dövrü (1990-cı illərdən sonra)
redaktəTürkiyədə digər rok janrları populyarlaşdıqca, Anadolu roku da şaxələnməyə başladı. Bu dövrdən çıxan türk roku ənənəvi Anadolu üslublu köklərindən uzaq idi və xalq musiqisi ilə heç bir əlaqəsi yox idi.
Sonrakı onilliklərdə Duman, Mor ve Ötesi, Gece Yolcuları, Almora, Kurban, Kargo, Vega, Çilekeş, Redd, Gripin və maNga kimi türk rok qruplarının artımı müşahidə olunurdu. maNga 2005-ci ildə demək olar ki, bütün sorğularda "Ən yaxşı rok qrupu" mükafatını qazanmışdı.[13] Bundan başqa, türklərin Almaniyaya köçü ilə əlaqədar Almaniyada da bir neçə türk köklü qruplar inkişaf etmişdi. Bütün bu qrupların təsirləndiyi musiqi janrları Seattle Sound, hevi metal, dum metal və rapcore kimi janrlar idi. Anadolu roku ənənəvi türk səsi və ya türk sözləri ilə ifa olunan rok musiqisi ilə geniş seçimli qərb rok alt janrlarının birləşməsi demək idi. Bu cür mədəni qaynaşma Türkiyədə rok musiqisinin inkişafına yol açırdı.
Ayna, Murat Göğebakan, Haluk Levent, Şəbnəm Fərah, Barış Akarsu, Ogün Şanlısoy, Dəmir Dəmirkan, Hayko Cepkin, Aslı Gökyokuş, Nev, Aylin Alım, Emre Aydın, Kıraç, Özlem Tekin və Teoman kimi məşhur fərdi rok ifaçıları da var. 1980-ci illərin sonunda Türkiyədə Mezarkabul (Pentagram) və Diken kimi bir neçə metal qrupları yarandı.[14]
2010-cu illər
redaktə2010-cu illərin sonlarında müğənni Gaye Su Akyol kimi xalq melodiyalarını rokla uyğunlaşdıran bəzi rok musiqiçiləri və qrupları, Palmiyeler, Ayyuka, Makas, Hollandiyanın Anadolu rok qrupu Altın Gün və İngiltərədə yerləşən Anadolu rok qrupu Kit Sebastian kimi qruplar meydana çıxdı. 2014-cü ildə Anadolu rok mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vizyonu ilə "Anadolu Rokunu Canlandırma Layihəsi" başladı.[15][16]
İstinadlar
redaktə- ↑ "Atatürk'ün Musıki Anlayışı (Atatürk's Understanding of Music)". Ministry of Culture and Tourism. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ Mumcu, Baris. "The Godfathers of Turkish Psychedelic Rock". T-Vine. 12 July 2020. 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ Yaman, Ilker. "Turkish Rock Story #1: Anatolian Rock Delight". We Love Istanbul. 17 August 2016. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ Söylemez, Seçkin. "The Sound of Protest - The Development of Political Music in Turkey between Hybridization and Cultural Heritage". Etkileşim. 5 (9). 2022-04-09: 170–192. doi:10.32739/etkilesim.2022.5.9.160 – Dergi Park vasitəsilə.
- ↑ Dede, Ecenur. "Anatolian Rock Or Turkish 'Psychedelic' Music: A Brief History". Mozar Cultures. 4 May 2021. İstifadə tarixi: 1 January 2022.
- ↑ Lund, Holger. "Anatolian Rock: Phenomena of Hybridization". Norient. 20 October 2020. 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ 1 2 Shipton, Doug. "How to collect Turkish psych, rock and pop". Record Collector #505. London: Diamond Publishing. May 2020. 52–58.
- ↑ "Remembering Baris Manco: The father of Anatolian rock". TRT World. 1 Feb 2021. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ "Turkish Progressive Music in the sixties and seventies". İstifadə tarixi: 11 June 2015.
- ↑ Yalav-Heckeroth, Feride. "A Brief History Of Anatolian Rock". Culture Trip (ingilis). İstifadə tarixi: 2017-09-11.
- ↑ "Anatolian Rock: The Roots and Rediscovery". Djbroadcast. 2022-01-01 tarixində arxivləşdirilib.
- ↑ Sharpe, Kenan Behzat. "Can Turkish Psychedelic Music Go Global?". Al-Monitor. 4 December 2018. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ "Biyografi". İstifadə tarixi: 11 June 2015.
- ↑ "Interview With Tarkan Gözübüyük and Metin Türkcan (MEZARKABUL)". Metal Shock Finland (World Assault ) (ingilis). 2013-07-29. İstifadə tarixi: 2017-09-11.
- ↑ Gazetesi, Evrensel. "Anadolu rock görsel sanatlarla buluştu". Evrensel.net (türk). 2020-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-11.
- ↑ Ereşter, Doruk. "Kayıp Hazineye Yolculuk: Anatolian Rock Revival Project". altmuzik.com - indie culture mag (türk). 2018-08-11. İstifadə tarixi: 2025-01-11.