Abbasiler - Wikipedia
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi.
Abbasilər | |
---|---|
Ölkə | |
Hissəsidir | Bəni Haşim |
Banisi | Əbül-Abbas əs-Saffah |
Sonuncu hökmdar | III Mütəvəkkül |
Əsası qoyulub | 750 |
Soyun kəsilməsi | 1543 |
Milliyyət | Ərəb |
Titullar | |
Bağdad Xəlifi Qəhirə Xəlifi Əmir əl-Möminin |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xilafətə gəlmələri
redaktəOnların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir. Məhəmməd ibn Əli ibn Abdullah da onun bu çağırışını dəstəkləmiş, hicrətin 100-cü ilindən başlayaraq Əməvilərə qarşı yönələn təbliğata qoşulmuşdur.
Əbu Həşimin ölümündən sonra, onun xəlifə Süleyman ibn Əbdül-Məlik tərəfindən zəhərləndiyi haqqında şayiələr yayılmışdır. Ölümündən öncə o, öz yerinə Məhəmməd ibn Əlini təyin etmişdir.
Uzun müddət Abbasi dəvəti gizli həyata keçirilmişdir. Əməvilərə qarşı həlledici üsyanları Abbasilərin Kufədəki tərəfdarları təşkil etmişdirlər. Onların mərkəzi Xorasanda yerləşirdi. Hicrətin 124-cü ilində, Məhəmməd ibn Əlinin ölümündən sonra, onun oğlu İbrahim üsyançıların rəhbəri olmuşdur. 129-cu ildə o, keçmiş qul Əbu Müslüm adlı bir şəxsə Əməvilərə qarşı açıq silahlı üsyana çıxmaq əmrini vermişdir. O da, tərəfdarları ilə birlikdə Herat şəhərini ələ keçirmişdirlər.
Hadisələrin bu istiqamətdə inkişaf etdiyini görən Əməvilər İbrahimi həbs etmişdirlər. O, zindanda öldürülmüş, başqa rəvayətlərə görə isə öz əcəli ilə vəfat etmişdir. Ondan sonra Əməvilərə qarşı üsyana Abdullah ibn Məhəmməd Əs-Səffah başçılıq etmişdir. Əbu Müslüm və onun tərəfdarları irəliləyərək 130-cu ildə Mərvi ələ keçitmişdirlər. Əməvilər bu hücumların qarşısını ala bilməmiş və hakimiyyətdən uzaqlaşmağa məcbur olmuşdurlar. Onların sonuncu xəlifəsi Mərvan hakimiyyəti itirdiklərini görüb, Misirə qaçmış və 132-ci ildə orada öldürülmüşdür.
Əli soyu ilə münasibətlər
redaktəBu hadisələrin sonunda Abbasilər Xilafəti ələ keçirmişdir. Onların ilk xəlifəsi Abdullahh ibn Məhəmməd əs-Səffah olmuşdur. Abbasilərin hakimiyyətə gəlməsindən sonra onların Əli ibn Əbu Talibin varisləri ilə ixtilafları yaranmışdır. Çünki, onlar birbaşa Məhəmməd peyğəmbərin soyundan idilər. Buna görə də, Əli soyunun tərəfdarları onları xəlifə kimi görmək istəyirdilər. Əvvəl, Abbasilər Əli soyunun tərəfdarlarını təqib etmiş, sonralar isə bəzi xəlifələr onları özlərinə yaxınlaşdırmışlar.
Dövrləşmə
redaktəAbbasilər dövründə Xilafətdə fars mədəniyyətinin təsirləri də güçlənmişdir. Abbasilər hakimiyyətini dörd dövrə ayırmaq mümkündür: yüksəliş; tənəzzül; Büveyhililərin təsiri altına düşmə (132/750–247/861); və Səlcuqluların (467/1075–560/1194) təsiri altına düşməsi dövrləri. Beləliklə, ilk olaraq Abbasilərin yüksəlişi tənəzzüllə nəticələnmişdir. Tənəzzül dövründə onlar türk əsilli ordu başçalarının təsiri altına düşmüşdürlər. Elə o dövrlərdən, Xilafətin parçalanması prosesi başlamışdır. Bundan sonra Abbasilərin hakimiyyəti formal xarakter daşıyırdı. Həqiqətdə isə onlar öncə iranlı Büveyhilərin, daha sonra isə türk Səlcuqluların təsiri altına düşmüşlər.
Sonu
redaktəSəlcuq imperiyası dağıldıqdan sonra Abbasilər daha 60 il hakimiyyətdə qalmışdırlar. Onların xilafətdə hakimiyyətinə monqollar son qoymuşdur. Bundan sonra Abbasilər sülaləsinin nümayəndələrini məmlükilər Misirə dəvət etmiş, onların xəlifəliyini formal olaraq tanımışlar. Hicri X (miladi XVI) əsrdə isə Osmanlı Sultanı I Səlim Misirdə məmlükilərin hakimiyyətinə son qoymuşdur. O, Misirə gələrək sonuncu Abbasi xəlifəsi hesab edilən III Mütəvəkkildən xəlifəliyi almışdır. Bundan sonra Osmanlı sultanları bütün müsəlmanların xəlifəsi olmuşdurlar. Bu hadisədən sonra Abbasilər dövrü bitmişdir.
Mənbə
redaktə- A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 5–6. ISBN 5-89968-070-9.