1912 1913 Cu Iller Aqrar Qanunlari - Wikipedia
1912-1913-cü illər aqrar qanunları — Çar Rusiyası tərəfindən Azərbaycanda kəndlilərin torpaq sahiblərindən asılılığından azad olunmasını rəsmiləşdirən qanunlar.
Yeni aqrar qanunların qəbul edilməsi zəruriliyi
redaktəXX əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sistemini xəzinə kəndində ağırlaşdıraraq mürəkkəbləşdirdi və əsarəti daha da qüvvətləndirdi. Sahibkar kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının-qolçomaqların şəxsində özünə dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin tətbiqində görürdülər. Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və xeyirxah aktdır.
1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi.
Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar kəndinə tətbiq olunmasına razılıq vermişdi. Buna görə də 1908-1909-cu illərdə xəzinə kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız üzərində qalmışdı.
Qanun layihəsinin hazırlanması
redaktə1909-cu ilin əvvəlində - Stolıpin aqrar siyasətinin həyata keçirilməsinin qızğın dövründə Qafqaz canişini Vorontsov-Daşkov tərəfindən Cənubi Qafqaz quberniyaları, o cümlədən Azərbaycan üçün tərtib edilmiş qanun layihəsi yalnız sahibkar torpaqlarda yaşayan kəndlilərə torpaqlarını ödənclə almaq və xüsusi mülkiyyətçilər qrupuna daxil olmaq hüququ verilməsini, kəndlilərin xüsusi mülkiyyətinə keçmiş pay torpağı üçün mülk sahiblərinə dövlət xəzinəsi tərəfindən ildə ümumi ödənc pulundan 5 faiz ödənməsi nəzərdə tutulurdu. Rusiyada olduğu kimi, bu, nağd pulla deyil, beşfaizli pul təəhhüdü ilə verilməli idi. Kəndlilər isə dövlət tərəfindən torpaq sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı idilər
Qanun layihəsinə görə, kəndlilər çəmən, otlaq, meşə yerlərindən və su arxlarından ancaq torpaq sahibinin razılığı ilə istifadə edə bilərdilər. Vorontsov-Daşkov tərəfindən tərtib olunan qanun layihəsi 1909-cu il aprelin 2-də canişin şurasının müzakirəsinə verildi. Müzakirələr 1910-cu il mayın 22-nə qədər davam etdi. Qanun layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin idarəsinə öz tənqidi mülahizələrindən ibarət məktublarını göndərmişdilər. Onlar həmin məktublarda kəndlilər tərəfindən torpaqların ödənclə alınması ilə əlaqədar bir çox məsələlərə qarşı çıxırdılar. Yelizavetpol quberniyası torpaq sahiblərinin nümayəndəsi Fərrux bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən əsrin 60-70-ci illərindəki qiymətilə müəyyənləşdirilməsinə etiraz edirdi. Bu, yalnız Fərrux bəy Vəzirovun deyil, bütün Azərbaycan torpaq sahiblərinin tələbi idi. Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığından ehtiyat edən hökumət bu tələblə razılaşmaqdan çəkinməyə məcbur oldu.
1910-cu il may ayının 22-də qanun layihəsi canişin idarəsi tərəfindən qəbul olunub, yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi yanında idarələrarası müşavirəyə təqdim edildi. Burada qanun layihəsinin müzakirəsi ilə əlaqədar təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri özlərinin iki nümayəndəsini - Abbasqulu xanı və Cəfərqulu xanı 1910-cu il dekabrın 1-də Peterburqa göndərdi. Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq birini nəzərə aldı, yəni kəndlilərin mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara, Rusiyada olduğu kimi, pul verməli idilər. Müşavirə 1910-cu il dekabrın 20-da qanun layihəsinə əhəmiyyətsiz düzəlişlər edib, onu Nazirlər Şurasının sərəncamına verdi.
Qanun layihəsinin III Dövlət Dumasında müzakirəsi və təsdiqi
redaktə1911-ci il martın 17-də Nazirlər Şurası layihəni III Dövlət Dumasına təqdim etdi. Müzakirələrdə III Dövlət Dumasının üzvü, Bakı və Yelizavetpol quberniyaları torpaq sahiblərinin nümayəndəsi Xəlil bəy Xasməmmədov iştirak edirdi. Bütün Zaqafqaziya torpaq sahiblərinin nümayəndələri və millətçi-burjua deputatlar ödəncin xüsusi sahibkarların xeyrinə aparılmasını tələb edir, hətta əkin üçün yararsız yerlərin kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar.
III Dumada qanun layihəsinin əleyhinə ancaq sosial-demokratlar səs verdilər. Canişinin layihəsi ilə əlaqədar olaraq, sonradan bir deputatın da qoşulduğu 34 deputat hələ 1908-ci ilin dekabrında Zaqafqaziyada kəndlilərin mülkədarlara olan mükəlləfiyyətli münasibətlərini ləğv etmək haqqında özlərinin qanunverici təkliflərini Dumanın müzakirəsinə vermişdilər. Bu təkliflərdə göstərilirdi ki, təhkimçiliyin qalıqları iqtisadi və mədəni inkişafa mane olur, "kəndli istismarının ən vahid formalarının mühafizə olunmasına və qüvvətlənməsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə saxlayır". Qeyd edilirdi ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yerli kəndlilərin Rusiyanın daxili quberniya kəndlilərindən iki-üç dəfə az pay torpaqları olmasına baxmayaraq, onlar 3-4 dəfə artıq mükəlləfiyyət daşıyırlar. Kəndliləri ödənc verməyə məcbur etmək onların onsuz da tükənmiş büdcələrinə əlavə və gücçatmaz yük olar, təsərrüfat vəziyyətlərini sarsıdır, bu "görülən iş ədalətsizlik, ümumxalq və ümumdövlət mənafeyinə açıqcasına zidd gedən bir aktlardı". Deputatların tələbləri asılı və müvəqqəti mükəlləfiyyətli münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv edilməsinə, müvəqqəti mükəlləfiyyətli və asılı kəndlilərdən, həmçinin Dağıstanda və Zaqatala dairəsində olan asılı rəiyyətlərin və keşkəlçilərin torpaq sahibləri üçün icra etdikləri hər cür mükəlləfiyyətlərin aradan qaldırılmasına, bu kəndlilərin istifadəsində olan pay torpaqlarının, torpaq nizamnaməsində göstərilmiş sərhədlərə uyğun olaraq, onların mülkiyyətlərinə çevrilməsinə yönəldilmişdi.
Mülkədarların mənafeyini müdafiə edən canişin bu təkliflərin əleyhinə çıxdı. 1911-ci ilin mayında Dövlət Dumasının torpaq komissiyası 35 deputatın təklifini müzakirə edib, kəndlilərin mülkədarlara müvəqqəti mükəlləfiyyətli münasibətləri ləğv etmək mülahizəsi ilə razılaşdı. Lakin komissiya kəndliləri mülkədarlar qarşısında daşımalı olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz pay torpaqları müqabilində ödənc ödəmələrini bunun üçün əsas şərt hesab etdi.
III Dövlət Dumasında qanun layihəsinə Stolıpin aqrar siyasətinin əsas müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində deyil, onun əlavələrində öz əksini tapmışdı. Bu əlavələrdən birinin məzmunu belə idi: "Ayrı-ayrı kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə başqasının əlinə keçə bilər...". Lakin pay torpağının sərbəst alınıb-satılmasını məhdudlaşdırmaq üçün əlavələrdə müəyyən şərtlər də qoyulmuşdu. Həmin şərtlərə görə, kəndli xüsusi mülkiyyəti sayılan pay torpağını ancaq kənd icmasının iclasında kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi. Bundan başqa, satılan torpağın qiyməti 500 manatdan baha olduqda, həmin torpaq ancaq maliyyə nazirinin icazəsinə əsasən Daxili İşlər Nazirliyinin sərəncamı ilə alqı-satqı obyekti ola bilərdi. Daha sonrakı müzakirə mərhələlərində qanun layihəsi torpağını ödənclə əldə etmiş kəndliyə xüsusi mülkiyyətçi hüquqi verirdi.
Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi Dövlət Dumasında təsdiq olunduqdan sonra Dövlət Şurasına təqdim edildi, 1912-ci il dekabrın 19-da Şuranın 36 üzvünün razılığı ilə, heç bir dəyişiklik edilmədən 1912-ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi.
1912-ci il 20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və Yelizavetpol quberniyalarını, İrəvan quberniyasında isə Naxçıvan qəzasını da əhatə edirdi. Qanun Zaqatala dairəsinə aid edilmədi. Müstəqil inzibati ərazi sayılan Zaqatala dairəsində asılılıq münasibətlərinin ləğvi haqqında müddəalar isə 1908-ci ildə canişinin tərtib etdiyi "Dağıstan və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun layihəsində verilmişdi. Bu layihə 1910-1912-ci illərdə canişin idarələrində dəfələrlə müzakirə olunduqdan sonra 1912-ci ildə Daxili İşlər Nazirliyi yanında idarələrarası müşavirəyə təqdim edildi. 1912-ci ildə IV Dövlət Dumasında təsdiq edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi.
1912-1013-cü illər aqrar qanunların əsas məzmunu və mahiyyəti
redaktə1912-ci il 20 dekabr qanunu bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da 1913-cü il yanvarın 1-dən həyata keçirilirdi. Bakı və Yelizavetpol quberniyaları üzrə ödənc 1163 mülkə aid edilmişdi. 1913-cü il yanvarın 1-dən etibarən 403,4 min desyatin. pay torpağı sahibkar kəndlilərin xüsusi mülkiyyəti elan edildi, kəndlilər xüsusi mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə faizlə birlikdə 20755376 rubl pul ödəməli idilər. Zaqatala dairəsində isə ödəncə aid edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi.
Ödənc əməliyyatına başlamaq üçün 1913-cü ildə Azərbaycanda münsif şöbələrinin sayı xeyli artırıldı. 1912-ci ildə, islahat ərəfəsində, Bakı və Yelizavetpol quberniyalarında 12 münsif şöbəsi yaradıldı və 1913-cü ildə onların sayı 32-yə çatdırıldı.
Zaqatala dairəsində isə ödənc əməliyyatını aparmaq üçün üç münsif vəzifəsi təsis edildi, bununla əlaqədar olaraq inzibati dairənin ərazisi 3 barışdırıcı şöbəyə bölündü. Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik edirdi.
Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış ödənc əməliyyatının ayrı-ayrı mərhələlərindən birincisində kəndlilər tərəfindən veriləcək ödəncin hər kənd üzrə hesablanması üçün ilk hesablama siyahılarının tərtib edilməsinə 1913-cü ilin əvvəllərində başlandı və 17 kənd istisna olunmaqla, həmin ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678 rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və onların borcu sonrakı illərə keçirdi.
İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1-dən ləğv olunmuş mükəlləfiyyət əvəzində bəylər ödənc almağa başladılar. 1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu almaq üçün vəsiqə verildi. Torpaq sahibləri həmin vəsiqələr üzrə 241811 rubl ödənc pulu almışdılar. 1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsində ikinci və üçüncü barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu alması başa çatdırılmışdı, ancaq birinci barışdırıcı şöbədə Zaqatala xəzinəsinin bəylərə və keşkəl sahiblərinə 16962 rubl borcu qalmışdı.
1912-ci il qanunu üzrə ödəncə aid edilmiş mülklərdə pay torpaqlarının ölçülməsi ödənc əməliyyatının başqa bir mərhələsi idi. Kəndlilər üçün pay torpağının mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki münsiflər çox vaxt pay torpağının sahəsini əslində olduğundan artıq göstərir, yararsız torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb edirdilər. Lakin bu proses çox ləng gedirdi. 1913-cü ildən 1916-cı ilin axırına qədər keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i yerinə yetirilmişdi.
Bakı və Yelizavetpol qubemiyalarında ilk hesablama siyahılarının tərtib edilməsindən sonra münsiflər pay torpağı üzrə mübahisə doğurmayan mülklər üçün ödənc aktı tərtib edirdilər,pay torpağının sahəsi, mərzi ilə əlaqədar mübahisəyə səbəb olmuş mülklər üçün isə ödənc aktının tərtib edilməsi yerin ölçülməsinə qədər təxirə salınırdı.
Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün ödənc aktlarının tərtib və təsdiq olunub-olunmamasının əhəmiyyəti yox idi, çünki, yuxarıda göstərildiyi kimi, kəndlilər ödənc aktlarının tərtib və təsdiq edilməsinə qədər artıq ilk hesablama siyahıları üzrə ödənc pulunu ödəməyə başlamışdılar. Ödənc aktlarının tərtib və təsdiq edilməsi ilk hesablama siyahılarında təxmini hesablanmış ödənc pulunun qədərini dəqiqləşdirmək və rəsmiləşdirmək məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki, ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq etmişdi.
1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci il qanunu üzrə, ödənc əməliyyatı bir neçə mərhələdən ibarət olduğu halda, Zaqatala dairəsində bu mərhələlər yox idi, çünki ödənc əməliyyatının başlanmasına qədər, hələ 1908-ci ildə ödənc pulunun məbləği Zaqatala dairəsinə ezam edilmiş komissiya tərəfindən müəyyən olunmuşdu. Odur ki, ödənc əməliyyatı başlayan zaman münsifin vəzifəsi ödənc pulunu hesablamaq deyil, onu ancaq hər kənd üzrə həyətlər arasında bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini həyata keçirməyə ehtiyac qalmamışdı.
1912-1913-cü illər qanunları aqrar məsələni həll edə bilmədi. 1870-ci il islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı.
1912-1913-cü illərin aqrar qanunları təhkimçilər tərəfindən həyata keçirilməsinə və təhkimçilik aktı olmasına baxmayaraq, öz məzmununa görə burjua xarakteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis burjua xarakterli hadisə idi. Məhsul mülkiyyətinin ləğv edilməsi, kəndlinin ödənc ödəməyə başlaması sahibkar kəndində kapitalist münasibətlərinin inkişafını, təbəqələşməni daha da sürətləndirirdi, yoxsullaşmış və əmlakdan məhrum olmuş kəndlilərin sayını artırırdı, tavanalı və tavanasız kəndli qrupları özünü daha aydın göstərməyə başlayırdı. Bu qanunlar sahibkar kəndinin iqtisadi həyatında kapitalist münasibətlərin inkişafını daha da sürətləndirirdi.
Mənbə
redaktə- Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədər). (İ. H. Əliyevin redaktorluğu ilə). Bakı, 1993.
- Исмаилов М . А. Капитализм в сельском хозяйстве Азербайджана на исходе Х1Х-начале XX вв. Баку, 1964.
- Гусейнов Р. Из истории крестьянского движения в Азербайджане в начале XX в. //Доклады АН Азерб. ССР, т. XVII, 1961, № 9.
- Авалиани С.Л. Крестьянский вопрос в Закавказье. Т. IV- V, Тифлис, 1920.