Islamin Qizil Dovru - Wikipedia
İslamın qızıl dövrü ya da İslam renessansı[1] — VIII əsrdən XIII əsrə qədər[2] İslam dünyasının yüksəlişini ifadə edən dövr. Ancaq bəzi mənbələrdə bu dövrün XIV əsrə, bir başqa mənbələrdə isə XV əsrə qədər davam etdiyi deyilir.[3][4] Bu dövr əsnasında İslam dünyasında mühəndislər, alimlər, tacirlər sənətə, əkinçiliyə, iqtisadiyyata, sənayeyə, hüquqa, ədəbiyyata, gəmiçiliyə, fəlsəfəyə və elmə və texnologiyaya köhnə adətləri qoruyub yenilərini əlavə edərək iştirak etdi.[5] Hovard R. Terner: "Müsəlman sənətkarlar və alimlər, şahzadələr və işçilər birlikdə unikal bir mədəniyyət yaratdı, birbaşa və dolayı olaraq hər qitədəki cəmiyyətlərə təsir etdi." demişdir.[5]
Haqqında
redaktəVII əsrdə Şərq ölkələrini işğal edən bədəvi ərəblər burada özlərindən qat-qat mədəni xalqlarla qarşılaşdılar. Misir, Finikiya, Suriya, Mesopotomiya və İranın zəngin mədəniyyəti qarşısında çaşıb qalan bədəvilər bu ehtişamı mənimsəməyə başladılar. Tezliklə Arami, Şumer, Yunan, Fars mədəniyyətləri çox haqsız yerə "ərəb-islam mədəniyyəti" adı ilə dünyaya tanıdıldı. Bu mühitdə yetişən böyük dahilərə "ərəb alimləri" deyilməyə başlandı. Halbuki İslam Renessansının böyük xadimlərindən heç biri ərəb deyildi. Məhz bu alimlər böyük bir İntibah başlatdılar.
Bu dövrdə şərq mədəniyyəti, qərbə qarşı olduqca böyük bir üstünlük qurmuş, xüsusilə elmi və texnoloji mənada bir çox inkişaf göstərmişdir. Şərqdə olan inkişaflar Avropaya Səlib yürüşləri nəticəsində çatmışdır. Orta əsrlərin əvvəlləri Avropada "qaranlıq çağ" adlanırdı. Hər şəhər özünü dövlət, hər feodal hökmdar sayırdı və əsl hökmdarlar da belələrinin başını əzir, şəhərlərini alır, dövlət qururdular. Avropa şəhərlərinin istisnasız olaraq hamısında hamam, kanalizasiya, balacalar üçün məktəblər, böyüklər üçün həkimxanalar və xəstəxanaların nə olduğunu bilmirdilər. VII əsrin əvvəllərində İslam xəlifələri nəhəng əraziləri idarə edir, fütuhatlarla zəfər çalır, alimləri himayə edirdilər. Onlar dərk edirdilər ki, hakimiyyətlə elmin intibahı bir-birindən ayrılanda ölkə üçün faciələr yaradır və bu səbəbdən də elmə böyük diqqət verirdilər. Bunun da çeşidli səbəbləri vardı. Təbabət bilikləri insanların həyatını xilas edir, hərbi texnika və döyüş təmrinləri müharibələrdə qələbəni təmin edir, riyaziyyat isə qalalar, qəsrlər və sarayların tikintisini sürətləndirməklə bahəm, gözəllik və möhtəşəmliyi böyüdürdü. Elmə xüsusi diqqət verilirdi. Məsələn, X əsrdə, sadəcə, Kordovada 700 məscid və 70 kitabxana vardı. Qahirədəki kitabxanada 2 milyon kitab saxlanılırdı. Mərakeşdəki Əl Qəruin darülfünunu tələbələrinə "elmi hasil etmiş adam kağızı" verirdi ki, bu da müasir diplomların ulu babası idi.
Ərəb dili elmin universal lisanına çevrilmişdi. Əvvəllər ünsiyyət saxlamaq imkanı olmayan alimlər müxtəlif ölkələrdə yaşasalar da, asanlıqla yazışırdılar. Bundan başqa, ərəb dili dəqiqliyi ilə seçildiyindən elmi və texniki terminologiya üçün ideal səviyyədə əlverişli idi. İspaniyanın cənubundakı Kordovadakı mədrəsələrdən birində dərs deyən alim Bağdad, Şamaxı və ya Səmərqənddəki həmkarları ilə ədəbiyyat, ya da elmlə bağlı müzakirələrə varır, mübahisələr edirdi. IX əsrdə Bağdadda, xəlifə sarayında hər iki həftədən bir, çərşənbə günləri "məclisül-əql" toplantıları təşkil edilirdi. Yaş, din, irq və yaşadığı ölkədən asılı olmayaraq alimlər, din xadimləri, astronomlar, riyaziyyatçılar, hükəmalar, şairlər bir yerə yığışır, fikir və ideyalarını müzakirə edirdilər. Xəlifənin də qatıldığı bu məclislərdə alimlərdən bir fikrə riayət etmələri və ya İslamı qəbul etmələri tələb olunmurdu. Onlar fikirlərini, mövqelərini aşkar deyə bilərdilər. Bir şərtlə ki, ərəb dilində danışaraq iddialarını məntiqlə izah və sübut etsinlər. Fars imperiyasında mövcud olmuş böyük Gundişapur Tibb Akademiyasından 400 il sonra Xəlifə Valid bin Əbdülməlik 707-ci ildə Bağdadda dünyanın 2-ci xəstəxanasını yaradanda Avropada cərrahlar fırıldaqçı elan edilir, cərrahiyyə əməliyyatı aparmaq istəyən həkimlər isə edam olunurdular. Əbdülmalikin xəstəxanasında xəstələr dövlət hesabına müalicə olunur, korlar və vəbalılar yeməklə təmin edilirdilər. Səhiyyə və təbabət müsəlman alimlərin ən böyük uğurlar qazandığı sahələrdi. Məhz İslam xilafətində Sasanilərdən sonra dünyanın 2-ci xəstəxanaları, hərbi hospitalları, tibb mədrəsələri inşa edildi. Dahi ibn Sina isə çağdaş səhiyyənin ulu babası sayıldı. 10 yaşında Quranı əzbər bilən, 18 yaşında şəriət, fiqh, fəlsəfə, həndəsə, təbiət elmləri, məntiq və ali riyaziyyatı öyrənmiş ibn Sina 18 yaşına çatanda artıq böyük həkim kimi tanınırdı. İbn Sina yoluxucu xəstəliklər, anesteziya, insanın psixoloji və fiziki durumu arasında əlaqəni kəşf etdi, yüzlərlə ideyası ilə təbabətin ehkamlarının əsasını qoydu. Onun "Tibb elminin əsasları" kitabı tam 5 əsr boyunca Avropanın ən yaxşı və məşhur universitetlərində dərslik təki istifadə olunmuşdu.
Fizikaya gəldikdə, eksperimental fizikanın və optikanın banisi İbn əl Həysam sayılır. Optika qanunlarının çoxunu kəşf edən, fizioloji optika sahəsində gözün quruluşunu və binokulyar baxışın əsaslarını təyin edən əl Həysam işıq sürətinin məhdud olduğunu da iddia etmişdi. İndi dünyadakı bütün foto və videoçəkilişlər məhz əl Həysamın ideyalarına borcludur. Xarəzm şəhərində yaşamış dahi riyaziyyatçı Məhəmməd əl Xarəzminin cəbr və alqoritmlər, onluq hesab sistemi, kökaltı, triqonometriya və başqa onlarla kəşfi olmadan riyaziyyat elmini təsəvvür etmək mümkün deyil. Sabun, saatlar, şüşə, ətirlər, silahlar, gəmiqayırma, xalçaçılıq, istehsalı mexanikləşdirmək üçün külək və suyun qüvvəsindən istifadə - bütün bunlar da İslam aləmindəki kəşflər idi.
Əhməd ibn əl Şətirlə yanaşı, digər İranlı alim Nəsrəddin Tusi də dünya elminə böyük təkan vermiş dühalardan idi. Hüquq, məntiq, fəlsəfə, riyaziyyat, səhiyyə, astronomiyada çox dərin biliklərə malik Tusi 1259-cu ildə Təbriz yaxınlığındakı Marağa şəhərində rəsədxananın əsasını qoydu. Marağadakı bu elm ocağı o vaxt dünyanın ən böyük rəsədxanası idi.
Kimyaya gəldikdə isə, bu elmin "ata"sı Cabir ibn Həyyan sayılır. Xlor, ammonium, limon, sirkə və şərab turşuları kimi onlarla turşunun xassələrindən bəhs edən ibn Həyyan kimyada təcrübələr vasitəsilə tədqiqatlar yolunun əsasını qoydu. Fəlsəfədə ibn Rüşd və əl Kindi kimi alimlər elmin inkişafına çox böyük təsir göstərdisə, Əl Qəzali teologiya, sufizm, fiqh, məntiq və fəlsəfədə böyük irəliləyişlərin əsasını qoydu. Üstəlik, Əl Qəzali sufiliyin nəzəri bünövrəsini qoymuş adamdır. Qərbin çox sonralar "İslam aləminin Leonardo da Vinçisi" adlandıracağı Əl Cəzari isə dahi mexanik, ixtiraçı, riyaziyatçı və astronom idi. O, 1206-cı ildə yazdığı "Kitab fi mərifət əl xiyal əl həndəsiyyə" kitabında 50 mexanizmin, o cümlədən saat, tüfəng, top, su nasosu, kodlu qıfıl, kompas, kompüter, videokamera və s.-nin iş prinsiplərindən bəhs etmişdi. Diyarbəkir şəhərində yaşamış Əl Cəzarinin müəllimləri isə fəvvarə mexanizmini kəşf etmiş Banu Musa qardaşları, şam saatının müəllifi əl Səqani, düyməsi basılanda onlarla mahnı çalan ilk "musiqi yeşiyi"ni yaratmış Heybətulla ibn əl Hüseyni idilər. Əl Cəzarinin kəşflər arasında çarxqolu və sürgüqolu, klapanlı su nasosları, sulu qaldırıcı kranlar, su saatları, fəvvarələr də var. O, dörd robot hazırlayaraq onları qayığa oturtmuş, təbil və tütək çalmağa "vadar" etmişdi. Üstəlik, müsəlman alimlərin, xüsusilə də riyaziyyatçıların az qala hamısı həm də gözəl şairlərdi. İbn Sina, Ömər Xəyyam, Əl Biruni, İbn əl Yəsmin, İbn əl Qazi əl Fəsi, İbn əl Haim - onların nəzmi insanın ruhunu oxşayır. VII əsrdə yaşamış dilçi alim Əl Fərahidinin şagirdi Əs Sibaveyh ərəb dilinin qrammatikasını yaratmaqla yanaşı, "Kitab ül Əyn" əsərində dil lüğətinin fonetik quruluşunun əsasını qoydu. 1200 il əvvəl o, riyaziyyatla linqvistikanı birləşdirməyə çalışmışdı. Müasir riyaziyyatın baniləri isə iki nəfərdir. Onlar biri İbn Yəsmin və ya tam adı Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn Həccac ibn əl Yəsmin əl Ədrini əl İşbili idi. Sevilya və Mərakeş sultanının sarayında yaşamış bu dahi 54 yaşında sultanın əmri ilə boğularaq quyuya atılmışdı. Onun yeganə əsəri "Əl Cəbr fil əl Müqabilə" idi ki, bu kitabında dahi riyaziyyatçı təvazökarlıqla "bütün biliklərimi müəllimindən, o nur çeşməsindən aldım" yazmışdı. İbn Yəsminin müəllimi isə riyaziyyat dühası Əhməd əl Cəbr əl Əballağ idi.
Elm adamları
redaktəİslamın Qızıl Çağında yaşayan ən əhəmiyyətli elm insanları;
İstinadlar
redaktə- ↑ Joel L. Kraemer (1992), Humanism in the Renaissance of Islam, p. 1 & 148, Brill Publishers, ISBN 90-04-07259-4.
- ↑ Matthew E. Falagas, Effie A. Zarkadoulia, George Samonis (2006). "Arab science in the golden age (750–1258 C.E.) and today", EBACF jurnalı 20, p. 1581-1586.
- ↑ İslam'ın Altın Çağı Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine - Milliyet
- ↑ Şakir Gözütox, İslamın qızıl çağında elm
- ↑ 1 2 Howard R. Turner, Science in Medieval Islam, University of Texas Press, 1 noyabr, 1997, ISBN 0-292-78149-0, pg. 270 (book cover, last page)