Ishaq Ceferzade - Wikipedia
İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi.
İshaq Cəfərzadə | |
---|---|
İshaq Məmmədrza oğlu Cəfərzadə | |
Doğum tarixi | 14 avqust 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1982 (86 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | arxeoloq və etnoqraf |
Elmi dərəcəsi | tarix elmləri namizədi |
İş yeri | |
Təhsili | ali |
Mükafatları |
|
Həyatı
redaktə- İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Gəncədə anadan olmuşdur.
- İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb və fars dillərini öyrənmişdir.[1]
- 1910-1916-cı illərdə 6 illik şəhər məktəbində təhsil alıb.
- 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub və 1927-ci ildə oranı başa vurub.
- 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olub.
- 1926-cı ildə Azərbaycan dövlət muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlamış və ömrününü sonuna kimi orada işləyib.
- 1927-ci ildə Azərbaycan dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olur və 1929-1930-cu təhsil illərində təhsilini başa vurur.
- 1944-cü ildə "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
- 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin – Azərbaycan Milli Elmlər Akademiyasının təməlinin üzvü seçilmişdir. O, Azərbaycan Dövlət Muzeyinin elmi əməkdaşı olmuş, SSRİ EA Azərbaycan Filialında işləmişdir.
- SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə SSRİ EA Azərbaycan Filialı 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasına (indiki Azərbaycan Milli Elmlər Akademiyası) çevrildikdən sonra İshaq Cəfərzadə həyatının sonuna kimi bu elm ocağında çalışmışdır. O, Tarix İnstitutunun Arxeologiya şöbəsinə başçılıq etmişdir.
- 1965-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adını alıb.
- 5 yanvar 1982-ci ildə Bakıda vəfat etmişdir.[2][3][4]
Elmi fəaliyyəti
redaktə- İ.Cəfərzadə ilk elmi axtarışlarını Gəncədə başlamışdır. Mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə Cəfərzadə başçılıq etmişdir. Bu elmi fəaliyyət nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdı.
- Tale İshaq Cəfərzadəyə ilk dəfə olaraq Nizami Gəncəvinin məzarını açmağı, böyük sənətkarın nəşini gün işığına çıxarmaq şərəfini nəsib etmişdi. Şairin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə qoymuş İ.Cəfərzadə bu elmi araşdırmaların nəticələrini ümumiləşdirən Gəncə tədqiqatlarına dair əsərini namizədlik dissertasiyası kimi 1944-cü ildə müdafiə etmişdir.
- İshaq Cəfərzadənin apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində 70-dən çox maddi mədəniyyət abidələri aşkara çıxarılmışdır.
- O, Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə, Örənqala və s. arxeoloji ekspedisiyalarında, həmçinin onlarca etnoqrafik səfərlərdə iştirak etmişdir.
- O, 1938-1940-cı illərdə Gəncə, 1939-1950-ci illərdə Abşeron, Səbayıl, Qobustan və s. arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olmuşdur.
- Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi ilk dəfə İshaq Cəfərzadə tərəfindən aparılmış, 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir.[1]
İshaq Cəfərzadə və "Qobustan dünyası"
redaktəZəhmətkeş arxeoloqun müharibədən sonrakı illərdə apardığı tədqiqatların əsas və mühüm hissəsi Qobustanın qayaüstü rəsmləri ilə bağlıdır. Qobustan abidələri 1939-cu ildə aşkara çıxarılsa da II Dünya müharibəsinin başlanması ilə əlaqədar burada geniş tədqiqatların aparılması mümkün olmamışdır. 1947-ci ildən başlayaraq İ.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə almışdır. Bu rəsmlərin hamısı dəqiq qeydə alınmış və alimin həyat yoldaşı, tədqiqatlarda ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü. İshaq müəllim bu rəsmlər üzərində illər boyu tədqiqatlar aparmış və yuxusuz gecələr hesabına onların sirlərini öyrənə bilmişdi. Qobustanın qədim rəsmləri üzərində belə uzun və səmərəli iş İshaq müəllimi bütün dünyada qədim qayaüstü təsvirlərin ən istedadlı və təcrübəli tədqiqatçılarından biri kimi tanıtmışdı. Elə buna görə də İshaq müəllimin qayaüstü rəsmlər üzərində iş təcrübəsi nəinki yerli, hətta xarici alimlər üçün də gözəl məktəb olmuşdu. Qədim qayaüstü təsvirlər dünyanın bir çox yerlərində aşkar edilmişdir. Lakin hər yerdə Qobustanın təsvirləri qədər geniş xronoloji çərçivəli, mövzu cəhətdən rəngarəng, orijinal süjetli və bədii dəyərli təsvirlərə təsadüf olunmamışdır. İshaq müəllim Qobustan təsvirlərinin ən qədim nümunələrini orta daş - mezolit dövrünə aid etmiş, onların 9-10 min il əvvəl çəkildiyini sübuta yetirmişdi. Sonrakı dövrlərdə Qobustanın daş salnaməsində təsvirlərin sayı daha da artmış və zənginləşmişdi. Mis, tunc və dəmir dövrlərində Qobustanın bu qeyri-adi daş kitabına qədim təsərrüfat sahələrinin genişlənməsi, inkişafı, dini təsəvvürlərin mürəkkəbləşməsi ilə əlaqədar daha geniş məzmunlu və kompozisiyalı lövhələr - əsl incəsənət əsərləri əlavə edilmişdi. Ciddi axtarışlar nəticəsində İshaq müəllimə hər bir rəsmin dövrlərə görə mənasını açmaq, onların işlənmə üslubunu aydınlaşdırmaq müyəssər olmuşdur. Yer kurəsinin müxtəlif guşələrində tapılmış bütün qədim qayaüstü təsvirlərə yaxşı bələd olan İshaq Cəfərzadə Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii və tarixi əhəmiyyətini müəyyənləşdirə bilmişdi. Görkəmli alimin tədqiqatlarında diqqəti cəlb edən cəhətlərdən biri də Qobustanın qədim təbii-coğrafi şəraitinin nəzəri bərpası ilə bağlıdır. Alimə görə uzaq keçmişdə Qobustanın iqlimi rütubətli və tropik iqlimə yaxın olmuşdur. O zaman bu ərazi sulu çaylara, çoxlu bulaqlara və bol ot örtüyünə malik olduğundan burada saysız-hesabsız ov heyvanları özlərinə sığınacaq tapmış və yerli qəbilə və tayfaların böyük mal-qara sürüləri saxlanılmışdı. Qobustan təsvirlərini öyrənərkən istedadlı alim onların meydana gəlmə tarixinə xüsusi fikir vermişdi. Tədqiqatçının fikrincə, Qobustanın saysız-hesabsız təsvirləri içərisində siluet üsulu ilə çəkilmiş, çiyinlərində kaman olan kişi və qadın təsvirləri ən qədim dövrlərə aiddir və onlar bilavasitə qadınların ibtidai cəmiyyətdə hakim olduğu madərşahlıq dövründə çəkilmişdir. İshaq Cəfərzadənin dərin və geniş axtarışları ona sonrakı dövrlərin təsvirlərini də müəyyən etməyə, onların fərqləndirici xüsusiyyətlərini aydınlaşdırmağa imkan vermişdi. O, müəyyən bir dövrün təsvirlərini tədqiq edərkən çox düzgün olaraq onları həmin dövrün təsərrüfatı, dini təsəvvürləri və mədəni nailiyyətləri ilə əlaqələndirmiş, mütəxəssislərin diqqətini cəlb edən maraqlı elmi fikirlər irəli sürmüşdü. Tədqiqatçının qaya təsvirlərinin dövrlərə görə işlənmə üslubları haqqında fikirləri xüsusilə əhəmiyyətlidir. Qürurla deyə bilərik ki, dünya qayaüstü təsvirlərinin tədqiqində onların dövrlərə görə işlənmə üsulları sirlərinin açılması bilavasitə görkəmli alimimiz İshaq Cəfərzadəyə məxsusdur. İshaq müəllim tərəfindən başlanılan Qobustan arxeoloji tədqiqatlarının Azərbaycan və keçmiş Sovet arxeologiya elminin inkişafına böyük təsiri olmuşdur. Bu tədqiqatlar vaxtilə Sovet arxeologiyasının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilmişdi. 1973-cü ildə zəhmətkeş alimin “Qobustan” adlı böyük bir əsəri çapdan çıxmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının nəşriyyatı tərəfindən iri həcmli albom şəklində çap olunmuş bu kitab Qobustan tədqiqatlarının ilk yekunlarına həsr olunsa da, mühüm elmi əhəmiyyət kəsb edir. Ulularımızın qiymətli mirası, zəngin mədəni irsimizin ayrılmaz hissəsi olan Qobustan haqqında çoxlu şeirlər yazılmış, mahnılar bəstələnmiş, rəsm əsərləri çəkilmişdir. Lankin İshaq müəllimin “Qobustan” kitabına qədər bu qeyri-adi abidə haqqında müəyyən bir elmi əsər yazılmamışdı. Buna görə də bu kitab respublikamızın mədəni həyatında mühüm bir hadisə kimi qiymətləndirilmiş, elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Mənə isə bu dəyərli elmi əsər haqqında o vaxtlar “Kommunist” qəzetində çap olunan geniş rəy yazmaq şərəfi nəsib olmuşdu. Yorulmaq bilməyən qocaman alim ömrünün son illərində “Qobustanın petroqlifləri” adlı daha bir mükəmməl elmi əsəri uğurla başa çatdırmışdı. Təəssüf ki, böyük alimin ölümündən sonra əsər ayrı-ayrı adamların məkrli xislətinin qurbanı oldu, işiq üzü görmədi. Onu da qeyd etməyə dəyər ki, İsaq müəllim ömür yoldaşı Səfiyyə xanımla birlikdə “Abşeronun qəbir daşları” adlı əsər də yazmış, çap üçün Elmlər Akademiyasının nəşriyyatına təqdim etmişdi. Həyatlarını bütünlüklə elmə həsr edən İshaq müəllim və Səfiyyə xanım gecəni gündüzə qataraq həmin əsər üzərində necə də böyük şövqlə işləyirdilər. Lakin bu əsərin də taleyi acı oldu. Əsər çap olunmadı, “Elm” nəşriyyatının otaqlarında itib-batdı. İshaq müəllimlə işlədiyim müddətdə iki dəfə onun yubiley gecəsində iştirak etmişdim. Anadan olmasının 70 illiyi də, 80 illiyi də bizim üçün, respublikamızın bütün tarixçiləri və ictimaiyyəti üçün əsl bayram olmuşdu. Ümid edirdik ki, böyük alimin 90 illiyini də ona layiq dərin hörmət və minnətdarlıq hissilə, sevinc və xoş arzularla keçirəcəyik. Çox təəssüf ki, bu, bizə qismət olmadı. Görkəmli alim 1982-ci ilin yanvarın 5-də uzun illərdən bəri topladığı misilsiz zəngin mirası bizə ərməğan edərək dünyasını dəyişdi. Azərbaycanın elə bir guşəsi tapılmaz ki, oraya tanınmış alimin ayağı dəyməmiş ola. Lakin onun adı ilə daha çox dünya sənət xəzinəsini bəzəyən, milli mədəni və mənəvi qürurumuzu təşkil edən məhz Qobustanın daş naxışları, rəsmləri bağlıdır. Ulu babalarımızın hiss və duyğularını qoruyub saxlayan bu abidənin tədqiqinə o, ömrünün 40 ilə yaxın bir dövrünü həsr etmişdi. Bəlkə də elə buna görə Qobustanın yalçın qayaları uzaq minilliklərin, əsrlərin sirlərini ondan gizlətmək istəməmiş, çətin və əziyyətli axtarışlarda ona qüvvət, əzəmət vermiş, möhkəm arxa olmuşdu. Bəlkə də elə buna görə tanınmış alimin yerişində və duruşunda, söhbətlərində və yazılarında həmişə Qobustanın düşüncəsi, onun nəhəng qayalarının vüqarı, minbir səsli qədim və ecazkar mahnısı əks olunmuşdu. Uzun illər keçməsinə və Qobustan abidələri üzrə yeni-yeni kitabların, elmi məqalələrin nəşrinə baxmayaraq İ.Cəfərzadənin “Qobustan” kitabı bu gün də Qobustan barədə ən sanballı və etibarlı elmi mənbə olaraq öz aktuallığını saxlamaqdadır. Təsadüfi deyil ki, 1999-cu ildə “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində İshaq Cəfərzadənin “Qobustan” kitabı Azərbaycan və rus dillərində yenidən nəşr edilmişdir. Alimin apardığı tədqiqatlar nəticəsində Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik Qobustan abidələri bütün dünyada məşhurlaşmışdır. 2007-ci ildə isə Qobustan abidələri kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.[2]
Mükafatları
redaktə- Elmin inkişafındakı xidmətlərinə görə SSRİ Ali sovetinin rəyasət Heyəti tərəfindən "Qırmızı Bayraq" ordeni ilə təltif olunub.
- "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Şərəfli Əmək” medal ilə təltif olunub.
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub.
- Azərbaycan SSR-in Ali soveti tərəfindən fəxri fərman və "Əməkdar elm xadimi" adı ilə təltif olunub.[3]
Əsas elmi əsərləri
redaktə- Azərbaycanın qədim tarixi. Azərb.SSR EA Tarix və Fəlsəfə İnstitutunun əsərləri, c.I, Bakı, 1961.
- Историко-архелогический очерк старой Ганджи (Родина Низами). Баку, 1949.
- Гобустан. Наскальные изображения. Баку, 1973.
- Qədim Gəncənin tarixi-arxeoloji oçerki. 1947
Mənbə
redaktə- Q.M.Əhmədov, F.M.Muradova. Axtarışda keçən ömür. Azərbaycan SSR EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), Bakı, 1978, № 1
- R.M.Vahidov. Görkəmli alim - Azərbaycanın maddi mədəniyyəti. t. 7, Bakı, 1973, s. 5-10.
- Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987. s. 430-431
- Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı. Azərbaycan müəllimi, 2011, 21 oktyabr
- İshaq Məmmədrza oğlu Cəfərzadə - Görkəmli arxeoloq və etnoqraf - Məqalənin müəllifi Nəcəf Müseyiblidir (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini)
- Savalan Fərəcov. Qobustanın sirrini açan alim
- İsmayılzadə Q. Azərbaycan arxeologiyasının sarbanı Arxivləşdirilib 2017-04-08 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 "Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı. Azərbaycan müəllimi, 2011, 21 oktyabr, s. 8". 2017-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.
- ↑ 1 2 [1] Arxivləşdirilib 2018-07-10 at the Wayback Machineİshaq Məmmədrza oğlu Cəfərzadə - Görkəmli arxeoloq və etnoqraf - Məqalənin müəllifi Nəcəf Müseyiblidir (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini)[ölü keçid]
- ↑ 1 2 Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 372-373
- ↑ Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987. s. 430-431