Zaviye Medresesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zaviyə mədrəsəsi — Naxçıvan şəhərində bu günə qədər salamat vəziyyətdə gəlib çatan orta əsr təhsil mərkəzlərindən Zaviyə-mədrəsə binası nəinki Naxçıvan şəhərinin, ümumiyyətlə bölgə əhalisinin təhsilində mühüm rol oynamışdır.
Zəviyyə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Aidiyyatı | Səfəvilər dövləti |
Tikilmə tarixi | XVII-XVIII əsrlər |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | Bərpa olunub. |
Yerləşdiyi ərazi və toponimin izahı
redaktəBu təhsil mərkəzi hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində yerləşir. Ərəbcə "guşə", "künc", "bucaq" mənasını verən "zaviyə" orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufı təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Memarlıq quruluşu
redaktəZaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 metr hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m²-dir. Binanın divarlarının qalınlığı 0,9–1,5 metr arasında dəyişsə də əsas qalınlıq 90 sm-dir. Zaviyə mədrəsəsi bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilmişdir. Kərpiclər iki ölçüdədir. Ölçüsü 20x20x5 sm olan sarı rəngli kərpiclərdən binanın əsas tikintisində istifadə olunmuşdur. XIX əsrin 2-ci yarısında məscidin əsaslı təmiri zamanı 26 x 13 x 5 sm-lik qırmızı rəngli kərpiclərdən daha çox istifadə edilmişdir. Bu kərpiclərə sonradan tikilən şərq və şimal divarlarda, otaqların arakəsmələrində, minarənin və binanın başına əlavə olunmuş antamblementdə, parapetdə və eləcə də binanın fasadında da geniş yer verilmişdir[1].
Bərpa tarixi
redaktəZaviyə – mədrəsə binası istər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir. Çox güman ki, XIX əsrin axırlarında aparılan təmir işləri zamanı yeni tikintilər və formalar əlavə olunduğundan binanın memarlıq quruluşu xeyli dəyişdirilmiş, əvvəlki zamanların tikintisində istifadə olunan çatma tağlar və sferik günbəzlər əvəzinə, XIX əsrin mürəkkəb xətli tağları və düz dam örtüyü ilə əvəz edilmişdir. Ona görə də binanın tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir. Ancaq Naxçıvan memarlıq məktəbinə məxsus ustalar tərəfindən inşa edilən mədrəsə – məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII–XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. XVII–XVIII əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi.[2]
Zaviyə-mədrəsə binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə 2008 ildə əsaslı təmir və bərpa olunmuşdur.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.