Yusif Kuseyir Oglu - Wikipedia
Yusif Küseyir oğlu — Orta əsrlərdə Naxçıvan şəhərində yaşamış nüfuzlu dövlət və din xadimlərindən biri.
Haqqında
redaktəOnun haqqında məlumat verən ən dəqiq mənbə Naxçıvan şəhərində şərəfinə tikilmiş qəbirüstü türbədir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə hələ 2011-ci ildə "Şərq qapısı" qəzetində nəşr etdirdiyi "Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx" adlı məqaləsində Yusif Küseyir oğlu şəxsiyyəti ilə bağlı bir sıra məqamlara toxunmuşdur.[1] Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsinin əsas fasadından sol tərəfdəki kitabə bu memarlıq abidəsinin bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikildiyinə işarə verir: "Bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvaninin əməlidir"
Türbənin üzərindəki digər bir kitabədə isə yazılıb: "Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur."
Bu yazılar Yusif ibn Küseyir şəxsiyyəti haqqında məlumat verən ən dəqiq faktlardır. Tədqiqatçılar qeyd edirlər ki, həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında–yəni miladi təqvimlə 1162-ci ildə tikildiyini bildirir. Təbii ki, türbə qəbirüstü dəfn olunan şəxsin vəfatından sonra inşa olunub. Bu məntiqdən çıxış edərək Yusif Küseyir oğlunun təqribən XII əsrin 50-ci illərində vəfat etdiyi qənaətinə gəlmək olar.
Nəzərə alsaq ki, Atabəy Şəmsəddin Eldəniz Naxçıvan vilayətini 1136-cı ildə İraq Səlcuq Sultanı Məsudun Azərbaycan canişini Çavlanın ölümündən sonra öz torpaqlarına birləşdirib, Yusif ibn Küseyirin Atabəylər dövlətində təqribən 15 ilə yaxın bir müddətdə yüksək vəzifə tutduğunu söyləmək olar. Belə bir türbənin tikilməsi Yusif Küseyir oğlunun həqiqətən də böyük nüfuz sahibi olduğunu deməyə əsas verir.[2]
Milli mənsubiyyəti
redaktəBəs Yusif Küseyir oğlu milli mənsubiyyətcə kim olub? Onun tutduğu dini qanunların qorunması ilə bağlı vəzifə Yusif Küseyir oğlunun şəxsiyyəti, milli mənsubiyyəti ilə bağlı nəsə deyə bilərmi? Görkəmli Azərbaycan tarixçisi Ziya Bünyadov Atabəylər dövlətində milli mənsubiyyətə görə vəzifələrə yerləşdirmədən danışarkən yazırdı: "Yalnız hərbi vəzifələr və qanunla bağlı bütün işlər zadəganlığın türkdilli qulluqçularının əlində idi."[3]
Abidənin üzərindəki yazını bir daha xatırlayaq: "islamın camalı, şeyxlər başçısı". Şeyxlər başçısı orta əsr Azərbaycan dövlətlərində ən yüksək dini rütbə olub və bu şəxs islam dininə uyğun fitvaların verilməsi ilə məşğul idi. AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərliyə görə "şeyx" titulu ilə orta əsrlər zamanı xanəgah rəhbərlərinə, təriqət başçılarına, dini rəhbərlərə müraciət edilirdi.
Nəzərə alsaq ki, orta əsr Azərbaycan dövlətlərinin idarəçiliyində qanunçuluq məhz şəriət qanunlarına əsaslanıb və Yusif Küseyir oğlu şeyx olub, onun əsl türk-azərbaycanlı olmasına heç bir şübhə qalmır.[4] Çünki yuxarıda gətirdiyimiz sitatdan da aydın olduğu kimi, Atabəylər dövlətində qanunla bağlı bütün işlər zadəganlığın türkdilli qulluqçularının əlində olub.
"Şanlı rəis" – Bu ifadə də Yusif Küseyir oğlunun öz dövrü üçün böyük nüfuz sahibi olduğundan xəbər verir. Səlcuq tarixinin məşhur araşdırıcısı Lambton bu dövrdə dövlət idarəçilik quruluşundan bəhs edərkən yazırdı: "Şəhərləri valinin adından şəhər rəisləri idarə edirdilər. Ətraf kəndlər onlara tabe idi."<ref>Kəlbizadə E. Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx. "Şərq qapısı" qəzeti, 2011-ci il "Azərbaycan Atabəyləri dövləti" kitabında dövlətin idarəçilik sistemindən bəhs edən akademik Ziya Bünyadov isə Labtonun yuxarıda göstərilən fikrinə istinad edərək yazır: "Rəislər bir qayda olaraq, yerli tanınmış nəsildən seçilirdi. Onların vəzifəsi həmişə irsi olurdu. Ətrafdakı mahal və kənd rəisləri şəhər rəisinə tabe idilər".
Abidədə Küseyir oğlunun kimliyini və nüfuzunu müəyyənləşdirmək üçün diqqət çəkən başqa məqamlar da var. Belə ki, abidənin giriş hissəsi orta əsrlərin islam qanunlarında nəzərdə tutulduğundan fərqli olaraq qibləyə-yəni cənub-şərq istiqamətinə deyil, qərb istiqamətində baxır. Bəlkə, də Memar Əcəmi abidəni Şeyxlərin rəisi olan Yusif Küseyir oğlunun öz vəsiyyətinə əsasən bu cür tikib. Ola bilərdi ki, o, məşhur şeyxlərdən birinin tələbəsi olsun və məzarının məhz ustadının məzarına istiqamətlənmiş olmasını vəsiyyyət etsin.
Orta əsrlərdə belə faktlara bir çox hallarda rast gəlinib. Məsələn, dünyanın fatehi olan Əmir Teymur ölərkən ustadının ayaq tərəfində dəfn olunmasını istəyib.
Digər tərəfdən məqbərənin 8 guşəli formada tikilməsi Yusif Küseyir oğlu kimi böyük şəxsiyyətə cənnət arzularını ifadə edə bilərdi. Şərq fəlsəfəsinə görə 8 guşə cənnətin rəmzidir. Türbə üzərindəki ən maraqlı məqam isə giriş qapısının tağ hissəsində əks olunmuş altı bucaqlı ulduzdur.
6 guşəli ulduz tarixən peyğəmbərlik rəmzi olub və hətta bir çox hallarda Azərbaycan xalçaları üzərində də həkk olunub. Bütün bunlar isə Yusif Küseyir oğlunun kifayət qədər nüfuzundan xəbər verir.
Mənbə
redaktə- Kəlbizadə E. Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx. "Şərq qapısı" qəzeti, 2011-ci il
İstinadlar
redaktə- ↑ Kəlbizadə E. Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx. "Şərq qapısı" qəzeti, 2011-ci il
- ↑ Kəlbizadə E. Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx. "Şərq qapısı" qəzeti, 2011-ci il
- ↑ Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər). Rus dilindən tərc. ed. C. V. Qəhrəmanov. Bakı: AMEA Şərqşünaslıq İnstitutu, "Elm", 1985
- ↑ Kəlbizadə E. Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx. "Şərq qapısı" qəzeti, 2011-ci il