Yeddigunbez Turbeler Kompleksi - Wikipedia
Yeddigünbəz türbələr kompleksi — Şamaxı şəhərindəki üç tarixi qəbirsanlıqdan birində yerləşən və Şamaxı xanlığının süqutu dövrünə (XIX əsrin əvvəlləri) aid olan türbələr kompeksidir. Türbələrdə Şirvan xanları və onların ailə üzvləri dəfn edilmişlər. Kompleksə daxil olan türbələrdən dördü dövrümüzə çatmışdır.
Yeddigünbəz türbələr kompleksi | |
---|---|
40°37′13″ şm. e. 48°38′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Şamaxı |
Aidiyyatı | Şamaxı xanlığı |
Memar | Ustad Tağı |
Tikilmə tarixi | 1806-XIX əsrin II yarısı |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Hissəsi | türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Altı türbə ərazisindən ümumilikdə 22 məzar aşkarlanmışdır ki, onlardan da 18-i sarkofaq formalı sinədaşı və üzərində kitabələr həkk edilmiş stella formalı başdaşlarından ibarətdir. Stellalardakı kitabələrdə XIX əsr hökmdarlarının və digər dövlət xadimlərinin, o cümlədən, onların ailə üzvlərinin adları qeyd edilmişdir.
Tarixi
redaktəBərpa sənədləri hazırlanarkən türbələr yerləşməsinə görə sıralanıb. Birinci türbə Şirvan xanı Ağası xanın qardaşı Məhəmmədhüseyn bəyin oğlu Şıxəli bəyin xatirəsinə 1816-cı ildə, ikinci türbə Ağası xanın adı kitabədə pozulmuş oğlanlarından birinin xatirəsinə 1806-cı ildə, üçüncü türbə Bibixanım bəyimin (Ağası xanın xanımı, Mustafa xanın anası, Səfərəli sultanın qızı) xatirəsinə 1807-ci ildə, dördüncü türbə Mustafa xanın xanımı, Şəki xanı Səlim xanın qızı Asiya bəyimin xatirəsinə 1810-cu ildə, altıncı türbə Mustafa xanın xanımı, Qazıqumuq xanı Surxay xanın qızı Xan Bikənin xatirəsinə 1847-ci ildə, yeddinci türbə Mustafa xanın oğlu Azad xanın xatirəsinə 1865-ci ildə inşa edilib. Beşinci türbə tamamilə dağıldığı üçün kitabə və başdaşılar oxunmamışdır. Bütün türbələr Şirvan xanlığının Sərkər sülaləsinin üzvlərinə aid xatirə abidələridir.
Kompleksə daxil olan və salamat şəkildə dövrümüzə çatmış türbələrdən ən qədimi hicri 1225-ci ildə (miladi 1810) inşa edilmişdir.[1] Türbənin inşa tarixi onun giriş qapısı üzərindəki kitabədə qeyd edilmişdir.[1] Kitabədə deyilir : “Bu yüksək və hörmətli günbəz hörmətli Mustafa xan tərəfindən rəhmətlik anasının xatirəsinə inşa etdirilmişdir. Böyük Allah ona rəhm etsin! 1225-ci il”.[1]
Türbənin üzlənməsi zamanı istifadə edilmiş və digər daşlar arasında asimmetrik yerləşdirilmiş kiçik daş üzərində isə ikinci kiçik kitabə vardır. Kitabədə türbənin memarının adı göstərilmişdir: “Ustad memar Tağının işi”.[1]
Altı türbə ərazisindən ümumilikdə 22 məzar aşkarlanmışdır ki, onlardan da 18-i sarkofaq formalı sinədaşı və üzərində kitabələr həkk edilmiş stella formalı başdaşlarından ibarətdir. Stellalardakı kitabələrdə XIX əsr hökmdarlarının və digər dövlət xadimlərinin, o cümlədən, onların ailə üzvlərinin adları qeyd edilmişdir.[2]
Yeddi nömrəli türbə Şamaxı xanı Mustafa xana aiddir. Türbədə xanla yanaşı Azad xan və qızı Nux bəyim dəfn edilmişlər. Qəbir daşlarındakı tarixlərə əsaslanan tarixçi S. Kərimzadə türbənin 1865-1867-ci illərdə tikilmiş ola biləcəyini ehtimal edir.[2]
Mirzə Ələkbər Sabir də 1911-ci ildə Yeddigünbəz qəbiristanlığı ərazisində dəfn edilmişdir.[3]
Memarlıq xüsusiyyətləri
redaktəMustafa xanın anası üçün inşa edilmiş türbə planda səkkizguşəli formaya malikdir.[4] Türbənin daxili sərhədləri səkkizguşəlinin yarısı formasına malik nişlər şəklində işlənmişdir. Yuxarıdan nişlər oxvari formaya malik yarımgümbəzlərlə örtülmüşdür.[4] Aşağı tərəfdən yarımgümbəzlər stalaktitlərə keçid edir.[4] Səkkizguşəli həcmdən günbəzə keçid tədricən həyata keçirilmişdir: stalaktitlərlə işlənmiş künc trompları səkkizguşəlidən altıguşəliyə keçir. Günbəzin təməli ornamental kəmərlə vurğulanmışdır. Günbəzin dəqiq sərhədlə ayrılması türbəyə kompozisiya aydınlığı bəxş edir.[5]
Türbənin xarici həcminin səthləri cənuba istiqamətlənmiş giriş hissə istisna olmaqla heç bir dekor elementi ilə işlənməmişdir. Çox da hündür olmayan oxvari aşırımlı giriş hissəsi, kifayət qədər mürəkkəb profilə malik çərçivəyə alınmışdır.[5]
Türbənin korpusu üzlənmə daşından daha tünd rəngə malik daşlardan istifadə olunaraq inşa edilmiş karnizlə tamamlanır və nəticədə türbənin həcmi barabandan kəskin şəkildə fərqlənir. Karniz mürəkkəb olmayan stalaktitlər şəklində həll edilmişdir.[5]
Türbənin üzərini örtən sferik günbəz, tikilinin özünün hündürlüyü ilə müqayisədə əhəmiyyətli hündürlüyə malik olan baraban üzərində yerləşir. Ümumilikdə tikili həm daxildən, həm də xaricdən oxra rəngli yerli daşla üzlənmişdir.[5]
Kompleksə daxil olan digər üç türbə də ümumilikdə daxili və xarici həcmin həlli baxımından Mustafa xanın anasının türbəsinin memarlığını təkrarlayır.[6] Yalnız giriş hissələrinin memarlıq həlli ilə həmin türbələr bir-birlərindən fərqlənirlər. Bu baxımdan hicri təqvimlə 1232-ci ildə (miladi 1816/1817) inşa edilmiş türbə diqqəti cəlb edir.[6]
1816-cı ilə aid türbənin giriş hissəsi qeyd edilmiş plastikliyə malikdir. Portal çərçivəsinin relyefi timpanı tağdan ayıran stalaktit kəməri ilə birlikdə işıq və kölgə oyununu gücləndirərək türbənin memarlığını əhəmiyyətli dərəcə zənginləşdirir.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 59
- ↑ 1 2 Керимзаде, 1968
- ↑ Мирахмедов, Азиз. Плачущий смехач. Жизнь и творчество М. А. Сабира. Баку: Художественная литература. 1989. səh. 317.
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 60
- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 61
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 62
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Həmçinin bax
redaktə- Kələxana türbələri - Şamaxı rayonu ərazisində yerləşən digər türbələr kompleksi