Vyetnamda Rabite - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vyetnam rabitəsi –
Telekommunikasiya
redaktəVyetnam iqtisadiyyatında rabitə dinamik inkişaf edən sahədir. Beynəlxalq Elektrikrabitə İttifaqının qərarına əsasən, Vyetnam rabitə bazarında artım və telekommunikasiyanın modernləşmə tempinə görə dünyanın lider onluğuna daxildir və bu göstəricilərə görə 2002-ci ildə 2-ci yeri tutmuşdur. İlbəil ölkədə rabitə sahəsində irəliləyiş qeydə alınır.
Hələ 1986-cı ildə ölkədə aparılan islahatlar zamanı cəmi 80 min telefon xətti mövcud idi, yəni demək olar ki, min nəfərə 1 telefon düşürdu. 1994-cü ildə çətinliklər aradan qaldırıldı və nəticədə 100 nəfərə bir telefon xətti düşürdü. 2001-ci ildə bu göstərici 4,5, 2003-cü ildə isə 7,5 telefon xəttinə bərabər idi. Bununla yanaşı kənd yerlərində rabitədən geniş istifadəni nəzərə alaraq 6 min poçt şöbəsi və mədəniyyət mərkəzləri açılmışdır. Hökumət 2005-ci ilin sonuna bütün kənd yaşayış məntəqələrinin telefonlaşdırılmasını qarşısına məqsəd qoymuşdur. 2001-ci ildə "poçt xidməti və telekommunikasiyanın inkişaf strategiyası"na uyğun olaraq 2005-ci ilin sonuna Vyetnamda hər 100 nəfərə 8–10, 2010-cu ildə isə 15–18 telefon düşəcəyi nəzərdə tutulub. 2020-ci ildə isə B-İSDN, ATM, SDH və digər texnologiyalar əsasında rabitə infrastrukturunun modernləşməsi işinin başa çatdırılması planlaşdırılıb. Hazırda əyalətlərdə telefon stansiyaları rəqəmləşdirilib, radiorele kanalları və yaxud fiber-optik xətt ilə Hanoy, Dananq və Xoşiminlə rabitə həyata keçirilir.[mənbə göstərin]
Sabit rabitədə baş verən irəliləyiş digər seqmenlərdə nəzərə çarpmır. Vyetnamda bir sıra telekommunikasiya xidmət növlərinə dövlət tərəfindən nəzarət edilir. Vyetnamda formal olaraq tənzimləyici orqan Poçt Rabitəsi və Telekommunikasiya Baş İdarəsi və rabitə operatoru VNPT (Vietnam Posts and Telekommunications Corporation) 1993-cü ildən ayrılmışdır. Onların ayrılmasına baxmayaraq ölkədə təqdim edilən yerli rabitə xidməti funksiyaları dəyişilməz olaraq qalır. Hazırda VNPT ölkədə poçt və elektrik rabitə xidmətini təqdim edən nəhəng kompaniyadır. Kompaniyanın tərkibinə 8 dövlət, 8 birgə müəssisə və digər 13 tabe müəssisə daxildir. Artıq kompaniya VoİP texnologiyasından istifadə etməklə beynəlxalq telefon və şanvarı rabitə xidmətini də təqdim edir. "Alcatel" kompaniyası ilə VNPT arasında əldə olunan sazişə əsasən 2005-ci ilin ortalarından Vyetnam ərazisində 2 milyondan artıq abunəçiyə etibarlı sabit rabitə xidməti təqdim edilir. Bununla yanaşı abunəçilərə müasir genişzolaqlı xidmətlər də təqdim olunur. "Alcatel" kompaniyası 1989-cu ildən Vyetnamda rabitə infrastrukturunun inkişafına yardım göstərir. [mənbə göstərin]
Ölkədə rabitə xidməti göstərən müxtəlif müəssisələr mövcuddur. Bunların içərisində "Viettel" hərbi telekommunikasiya kompaniyası da vardır. Vyetnamın Poçt və Telekommunikasiya Nazirliyindən verilən məlumata əsasən, kompaniya internet texnologiyasından istifadə etməklə rabitə xidməti tarifini endirmək niyyətindədir.
İKT
redaktəƏvvəllər informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə geriləyən Vyetnam sahənin inkişaf etdirilməsi üçün bir sıra layihələr irəli sürmüşdür. Nəticədə son zamanlar informasiya texnologiyaları bazarı 38 % artmış və iki milyard dollar təşkil etmişdir. Bununla yanaşı internet istifadəçilərin sayı artmış, avadanlıq ixracının tutumu 27% artaraq 700 milyon dollardır, proqram sənayesinin dövriyyəsi 41% artaraq 120 milyon dollar təşkil etmişdir. İnformasiya kommunikasiya texnologiyalarının bütün sahələrdə geniş tətbiq edilməsi məqsədilə proqramlar həyata keçirilir. Proqramların həyata keçirilməsində Şimali Amerika, Avropa və Asiya ölkələrindən bir sıra kompaniyalar iştirak edir. Bunların içərisində "Avaya", "Cisco", İBM, "Hewllet-Packard", "British Aerospace", "British Petroleum" və "Sony" kimi nəhənglər vardır. Ölkə rəhbərliyi informasiya kommunikasiya-texnologiyaları sahəsində mühüm rolu olan kompüter sənayesini inkişaf etdirir. Hələ 2001-ci ildə bu texnologiyaya yiyələnənlərin sayı azlıq təşkil edirdi. Bunu aradan qaldırmaq məqsədilə tədris mərkəzləri təşkil edilmişdır. Sahə üzrə bir sıra layihələr dövlətin qoyduğu investisiyalar sayəsində həyata keçirilir. Belə ki, buna misal olaraq dövlət tərəfindən 2010-cu ilədək qoyulan investisiya 4 milyard dollar təşkil edir. Bu investisiyalar informasiya texnologiyaları sektoru üçün mütəxəssis hazırlanması, internet xidmətinin inkişaf etdirilməsi, rabitə infrastrukturunun modernləşməsinə sərf olunacaq. Deməli qarşıda duran əsas məsələlərdən biri də informasiya texnologiyalarının cəmiyyətdə geniş yayılmasıdır. Burada informasiya texnologiyalarının istər korporativ səviyyədə və istərsə də ayrı-ayrı vətəndaşlar tərəfindən qəbul olması vacib şərtdir.
İnternet
redaktəİnformasiya texnologiyalarının geniş tətbiqi məqsədilə həyata keçirlən layihələrdən biri də 2005-ci ildə bütün orta məktəblərin internetlə təmin olunmasıdır. Ölkədə rabitə bazarının liberallaşması məqsədilə 2001–2005-ci illər üçün hazırlanmış yeni qaydalar "internetin inkişaf planı" və tənzimlənməsinə yönəlmişdir. Yeni qaydalarda institut, texniki peşə məktəbləri və digər təhsil ocaqları, şəhər və əyalət tibb müəssisələrinin internetlə təmin edilməsi öz əksini tapmışdır. Poçt və Telekommunikasiya Nazirliyinin məlumatına əsasən, 2005-ci ildə internet istifadəçilərinin sayının 4–5% , 2010-cu ildə isə 25–30% artması gözlənilir. Ölkədə VDC (Vietnam Datacommunications Company), FPT, "Netnam", "SPT", "Vietel" kimi korporasiyalar fəaliyyət göstərir. İnternetlə bağlı bir sıra yeni qaydalar işlənib hazırlanmışdır ki, bunların içərisində internet xuliqanlığının aradan qaldırılması xüsusi yer tutur.
Mobil
redaktəHazırda ölkədə mobil rabitə sistemi də təkmilləşdirilmişdir. Bir zamanlar ölkədə şanvarı rabitə çox zəif inkişaf etmişdi. Bundan irəli gələrək hökumət bu rabitə növünün inkişafı yollarını axtarmaqdadır. Bununla əlaqədar Vyetnam bir sıra xarici ölkə korporasiyaları ilə iş birliyi aparır və "Motorola", "Licent Technologies" və b. kompaniyalarla saziş imzalamışdır. Şanvarı rabitə xidmətini təqdim edən "VinaPhone" və "MobiPhone" mobil şəbəkələri VNPT tərəfindən idarə edilir. Əvvəllər mobil rabitə istifadəçilərinin sayının az olmasına baxmayaraq aparılan liberallaşma nəticəsində abunəçilərin sayı artmışdır. Analitiklərin proqnozuna görə, 2008-ci ildə mobil rabitə istifadəçilərin sayı 21 milyon nəfəri təşkil edəcək.
Vyetnamın poçt rabitəsi və telekommunikasiya korporasiyası Poçt və Telekommunikasiya Nazirliyinə korporasiyanın konsorsiuma çevrilməsi ilə bağlı təkliflə müraciət etmişdir. Təqdim olunan təklifə əsasən konsorsium dövlət tərkibində olmalı və yalnız yeni maliyyə strukturu müstəqil olmalıdır. Konsorsiumun fəaliyyəti 3 istiqamətdən ibarətdir.