Vikipediya Heftenin Secilmis Siyahisi 17 Hefte 2022 - Wikipedia
Vikipediya:Həftənin_seçilmiş_siyahısı/17._Həftə_2022 - Haqqında Məlumat
Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı — Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 15 nümunə daxildir. Bunlardan 13-ü "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.
Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir. |