Teqsirsizlik Prezumpsiyasi - Wikipedia
Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir.
lat. "Ei incumbit probatio qui dicit, non qui negat"
azərb. "Təqsirin sübutu təqsir olunan şəxsin borcu deyil, təqsir edən tərəfin borcudur."
Təqsirsizlik prezumpsiyası böyük hüquqi təcrübə ilə dəstəklənir və bir sıra konvensiyalar vasitəsilə müasir beynəlxalq hüquq bu prinsipə riayət olunmasını təmin edir.
Tarixi
redaktəTəqsirsizlik prezumpsiyası prinsipinə Bibliyada və hətta bir qədər əvvəllər Qədim Yunanıstanda Afinanın və Spartanın qanunlarında da rast gəlinir. Məlumdur ki, Roma İmperiyası zamanı bu prinsip hüquqi təcrübənin tərkib hissəsi olmuşdur. Roma Məcəlləsinin 4-cü kitabında bəyan edilir ki, "Qoy bütün ittamçılar başa düşsünlər ki, onlar müvafiq şahidlər və ya şübhə doğurmayan sənədlər və ya təkzibolunmaz sübüt hesab edilən və gün kimi aydın olan dolayı sübutlarla sübuta yetirilmədən heç bir ittiham irəli sürməməlidirlər." Buna əməl olunmasa da, "təqsir subuta yetirilmədən təqsirsiz" fikrinə üstünlük verilmişdir. Vaxt keçdikcə, təqsirsizlik prezumpsiyası davam etmişdir. 1700-cü illərin ortalarında İngiltərədə yazan Blakstoun qeyd etmişdir ki, "qanunlara görə on təqsirkar şəxsin qaçması bir nəfər təqsirsiz şəxsin itkiyə məruz qalmasından yaxşıdır". Bir neçə onillikdən sonra Fransa inqilabı zamanı, "İnsan və Vətəndaş Hüquqları haqqında Bəyannamə"nin 9-cu maddəsində qeyd olunmuşdur ki, "həbs zəruri hesab olduğu halda bütün şəxslər təqsirli bilinənədək onlar təqsirsiz hesab olunduğundan təhlükəsizlik üçün vacib olmayan kobud hərəkətlər qanunla qəti surətdə qadağan olunmalıdır".
Beynəlxalq hüquqda təsbiti
redaktəİnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində eynilə qeyd olunur: "Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir".
Azərbaycan qanunvericiliyində
redaktəAzərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulur:
- Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
- Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
- Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
- Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
- Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Azərbaycanın Cinayət Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi eynilə hüquqi proseslərdə təqsirsizlik prezumsiyasını müdafiə edir. Lakin Azərbaycanda təqsirsizlik prezumpsiyası mühakimənin necə aparılmasını nəzərə almır. Azərbaycan qanunlarında da nəzərdə tutulur ki, cinayət törətməkdə təqsirləndirilən şəxslər şübhə altında olarkən yaşamaq, seçkilərdə iştirak etmək, işləmək, təhsil almaq və digər hüquqlardan məhrum oluna bilməz. Bundan əlavə, şəxsin cinayət törətməkdə təqsirləndirilməsi faktı onun cinayətkar kimi tanınmasına əsas vermir. Bu təqsirsizlik prezumpsiyasının gündəlik, praktiki nəticəsidir; bununla da onlar cinayət törətməkdə təqsirləndirilənlərin normal yaşamasını və ədalətli, qərəzsiz mühakimə gözləməsini təmin edir.