Turk Vani Pisik - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Türk vanı (türk. Van Kedisi) — uzun tüklü ev pişikləri cinsi, müasir Türkiyə ərazisinin Şərqi Anadolu regionundakı Van ilində yerləşən Van gölünün ətrafında təsadüfən peyda olan van pişiklərinin populyasiyası əsasında yaranmışdır.
CFA-nın müəyyənləşdirməsinə görə, türk vanı təbii cins, daha doğrusu ev pişiklərinin "aborigen cinsi"dir. Aparılan genetik tədqiqatlar nəticəsində türk vanının ev pişiklərinin qədim cinslərindən biri olması sübut olunmuşdur.
Cinsin rəsmi tanınma tarixi
redaktə1955-ci ilin iyul-avqust aylarında britaniyalı jurnalist qadın Lora Laşinqton (ing. Laura Lushington) və fotoqraf Sonya Hellidey (ing. Sonia Halliday) Britaniya qəzetlərindən birinə reportaj hazırlamaq məqsədilə Türkiyəyə səfər edirlər. Lora Laşinqton pişikləri çox sevirdi və bir dəfə o, effektli xarici görünüşə malik bir pişik görür. O, onlara qarşı maraq göstərməyə başlayır və nəticədə ona müxtəlif cinsdən olan iki pişik hədiyyə verirlər. O bu pişikləri özü ilə Londona gətirir. Pişiklər onu təkcə öz xarici görkəmlərinə görə deyil, həm də pişiklər üçün gözlənilməz davranışları ilə heyran etmişdir. Geriyə qayıdan yolda hava çox isti olduğundan maşın çox qızmışdı. Ona görə Lora maşına sərin su tökmək qərarına gələrək maşını çayın yanında saxlayır. Özü isə ağacların kölgəsində dincəlməyə gedir. Məlumdur ki, pişiklər sudan aralı gəzməyi xoşlayırlar, lakin Lora bu pişiklərin insanlar kimi çaya çimmək üçün tullanaraq dayazlıqda üzməsini görərək heyran olmuşdur. Bu iki van pişiyi Türkiyədən Böyük Britaniyaya gətirilən ilk van pişikləri olmuşdur. Erkək pişiyi Van Atilla (ing. Van Atilla), dişi cinsi isə Van Güzəli İsgəndərun (ing. Van Guzelli Iskenderun) adlandırdılar. Van Güzəli İsgəndərunun saxlanmış şəklinin ağ-qara rəngdə olmasına baxmayaraq, əslində o, ağ-qırmızı rəngdə olmuşdur.
4 ildən sonra Lora Laşinqton Türkiyədən daha 2 ədəd van pişiyini Londona gətirir. Beləliklə, van pişiklərinin Avropada seleksiyası və törənilməsinin başlanğıcı qoyuldu. 1969-cu ildə Türkiyədən kifayət qədər pişiyin gətirilməsindən sonra bu 4 cütlükdən nəsil törətmək qərarına gəlinir. Beləliklə, GCCF tərəfindən bu pişiklər "Türk vanı" adını alırlar. 1971-ci ildə türk van pişiyi FiFe tərəfindən tam təsdiqlənir.
Xarici görkəmi
redaktəTürk vanı kifayət qədər iri bir pişikdir. Onun bədəni uzun, əzələli, döş qəfəsi üzmək üçün yaxşı inkişaf etmiş, beli quyruğu istiqaməti boyunca düzbucaqlı formasında daralmış, pəncələrinin altı, tüklərinin kiçik bir hissəsi çəhrayı rəngdədir. Yaşlı erkək pişiklər 6–9 kq, dişilər isə 4,5–6 kq qədər olurlar. Burundan quyruğunun sonuna qədər olan uzunluğu 90–120sm olur. Gözləri sarı, mis və yaxud mavi rəngdə olur. Həmçinin gözlərinin rəngi müxtəlif olanlarına da rast gəlinir: belə ki, bir gözü göy, digər gözü isə sarı və yaxud mis rəngində olur. Hesab olunur ki, van pişiklərinə məxsus ənənəvi rəng olan ağ rəngin altında klassik tabbi rənginə rast gəlmək olar.
Lora Laşinqtonun təsvirinə əsasən, türk van pişiklərinin tüklərinin rəngi təbaşir kimi ağappaqdır və su samurunun xəzini xatırladır. TİCA təşkilatının təsvirinə əsasən isə van pişiklərinin tüklərinin teksturası sugötürməyən kişmiri xatırlatdığından heç bir çirki götürmür. Türk van pişiyinin tüklərinin klassik rəngi kimi bütün təşkilatlar tərəfindən van rəngi qəbul olunmuşdur.
Xarakteri
redaktəTürk vanı — inadcıl, tərs olmasına baxmayaraq, özünün əzizlənməsini xoşlayır. Van pişikləri adətən çox enerjili və adama yovuşan olurlar. Melodik səsləri vardır. Van pişikləri bacardıqca hündürlüyə qalxaraq tullanmağı xoşlayır və öz sahibini onunla birlikdə qaçmağa məcbur edirlər. Bu pişiklər suda üzməyi xoşlayırlar və sudan tamamilə qorxmurlar. Van pişiklərini krandan axan sakit suyun səsi cəlb edir:
A Turkish Van is large, wonderful, active, intelligent, beautiful, strong, very, powerful, healthy breed of cats, with no known genetic.
Van pişiyinin bütün ailəyə bağlı olmasına baxmayaraq, o həmişə ailədən birini özü üçün xüsusi olaraq seçir. Onlar öz sahiblərinin etdiyi bütün işlərdə yanında olur və onları daima izləyirlər.
Cinsin tarixi
redaktəFelinologiyanın yaranmasına qədər bu pişiklər "vana katu" adlandırılmışdır. Adının erməni dilindən mənası "Vandan olan pişik" və yaxud "Van gölündən olan pişik" kimi tərcümə olunurdu.
İlk dəfə van pişiklərinin Avropaya gətirilməsi səlibçilərlə bağlıdır. XVII əsrdən başlayaraq, Qərbi Ermənistana gəlmiş avropalı səyyahlar dəfələrlə bu pişikləri xatırlamış və bunları təsvir etmişdir. Lakin bütün uzuntüklü pişikləri o dövrdə rəngindən və bədən quruluşundan asılı olmayaraq, anqor pişikləri adlandırmışdılar. O cümlədən, fransız arxeoloqu, arxitekturu və rəssamı Pyer Viktor Lotten de Laval Yaxın Şərqdə olarkən 1856-cı il 11 may tarixində yazılmış məktubunda müxtəlif rəngli uzun tüklü pişiklərin təsvirini vermişdir:
Mən Ərzurumdakı böyük Ermənistan yaylasında bu pişik cinsinin çoxlu sayda gözəl nümunələrini gördüm. Burada iqlim Anqorun iqlimindən çox fərqlənir. Bu cins Kürdüstanda çoxsaylıdır. Mən onlara həmçinin Bitlisdə və Bəyazid paşalığında rast gəldim. Daha yaxşı nümunələrini mən Azərbaycanla sərhəddə yerləşən Kürdüstandan şərqdə yerləşən Van şəhərinin arxiyepiskopunda gördüm. Onda 3 belə pişik vardı: biri parlaq boz rəngdə, digəri ağ və qara xallı narıncı rəngdə, üçüncüsü isə tamamilə ağ rəngdə idi. Onların çox gözəl tükü var idi.
Avropaya gətirilmiş van pişikləri müxtəlif adlarla tanınmışdır. Onları ağ halqaquyruqlu pişiklər və rus anqorları adlandırırdılar. Fransız rəssamı Antuan Jan Beylin "Ağ pişikli qız" rəsmində ənənəvi van rəngində olan van pişiyi təsvir edilmişdir.
Van Universitetində van pişiyi üzrə tədqiqat mərkəzi
redaktəXX əsrin sonlarında Van Univesiteti nəzdində Van pişiyi üzrə Tədqiqat Mərkəzi yaradılmışdır. Burada gözləri müxtəlif rəngdə olan van pişiklərinin törədilməsi və tədqiqatı aparılır. Bu mərkəzdə müxtəlif yaşlarda olan van pişikləri saxlanılır. 2006-cı il məlumatlarına əsasən, tədqiqat mərkəzində təxminən 100-ə qədər müxtəlif yaşlarda olan van pişiyi saxlanılır. Turistlərin bu pişiklərə baxmaq istəməsi 1 türk lirəsinə başa gəlir.
Mənşəyi haqda əfsanə
redaktəVan pişiklərinin əksəriyyətinin sol çiynində balaca bir xala rast gəlmək olar. Bu xal insan barmağının izini xatırladır. Bü cür iz ağ-qırmızı rəngli van pişiklərində də rast gəlinir. Əfsanəyə görə, Tanrı Nuhun gəmisinin dibində deşik açaraq gəmini batırmaq istəyən və şeytan tərəfindən yaradılan siçanları məhv etdiyinə görə, bu pişiklərə xeyir-dua vermişdir. Pişik Tanrının arzusunu yerinə yetirərək, Nuhun gəmisini xilas etmişdir. Minnətdarlıq əlaməti kimi, Tanrı bu pişiklərə xeyir-dua verərək sağ əlini onların bədəninə qoymuşdur. Bu cür şəkildə qırmızı-şabalıdı van rəngi və van pişiyinin özü yaranmışdır. Pişiyin sol çiynindəki izi kürdlər "Allahın sağ əlinin baş barmağının" izi adlandırırlar.