Sumbatan Korpuleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sumbatan körpüləri — Gilançay üzərində bəzi yerlərdə körpülər çox sıx olmuşdur. Orta əsrlər zamanı təkcə Darkəndlə qədim və orta əsr şəhəri Sumbatanın arasındakı təxminən bir kilometrlik məsafədə 3 körpünün salınması bunun ən əyani sübutudur. Belə ki, qalıqlarına əsasən demək olar ki, Darkəndlə Aza kəndini birləşdirən, el arasında "Şah Abbas körpüsü" kimi tanınan və zəmanəmizədək salamat vəziyyətdə gəlib çatan 5 aşırımlı körpüdən təxminən 700 metr şimalda (hazırda Naxçıvan-Ordubad şose yolunda, Gilançay üzərində salınmış müasir körpüdən bir az yuxarıda) bir körpünün, bu körpüdən isə təxminən 300 metr şimalda indiki Sabirkəndin cənub tərəfində qalıqları qalan Sumbatan şəhər yerinin şərq tərəfində ikinci bir körpünün salınması deyilən fikrin ən mötəbər təsdiqidir. Ola bilsin ki, bu körpülər orta əsrlər zamanı həmin ərazidən keçən karvanların və əhalinin sıxlığı ilə əlaqədar yaranmış çətinliyi aradan qaldırmaq üçün salınmışdır.
Ehtimal şəklində olsa da demək olar ki, bu körpülər zaman keçdikcə dağıntılara məruz qaldığı üçün bir-birini əvəz etmiş, son nəticədə Darkəndlə Aza kəndini birləşdirən körpü inşa edilmişdir.
Memarlıq quruluşu
redaktəQalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və yayılmasına əsasən deyə bilərik ki, bu körpülər Darkənd-Aza körpüsündən daha möhtəşəm, təxminən 100 metr uzunluğunda olmuşdur. Eni təxminən 4 metr olan hər iki körpünün Şərq dayaqları hazırda Sabirkəndin ərazisinə daxil olan yerlərdə, möhkəm qayalardan ibarət təbii özül üzərində qərar tutubmuş. Ərazinin relyefinə əsasən körpülərin hündür olmasını söyləmək olar. Hər iki körpü Sumbatan şəhəri ilə hazırda Gilançayın sol sahilində yerləşən Kələntər Dizə kəndini birləşdirmiş, Naxçıvan ərazisində, Araz çayı boyunca Ordubad-Sədərək marşrutu ilə və əksinə hərəkət edən ticarət karvanlarına, həmçinin əhaliyə xidmət etmişdir.
İnşa tarixi
redaktəFikrimizcə, zaman keçdikcə təbii qüvvələrin təsirindən tədricən aşınaraq dağılan bu körpüləri Şah Abbas körpüsünün inşasından əvvəlki dövrlərə, təxminən XII–XIV yüzilliklərə aid etmək olar.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.