Siyasi Felsefe - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir.
Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir.[1]
Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir.
Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir.
Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi. Müasir dövrdə siyasət fəlsəfəsi siyasi prosesləri izləyir, təhlil edir, siyasi hadisələrə cəmiyyətdəki digər sosial hadisələrlə əlaqə və qarşılıqlı təsirdə yanaşır.
Tarixi dövrlərdən hər biri müəyyən mədəniyyət tipinin aparıcı mövqeyi ilə səciyyələndirilə bildiyi kimi müəyyən siyasi fəlsəfə tipinin üstünlüyü ilə də xarakterizə oluna bilər. Mədəniyyətlərin hər bir tarixi tipi onun siyasi instinktlərini rasionallaşdıra bilən və qanuniləşdirə bilən siyasi doktrinaların meydana çıxmasını şərtləndirir. Əgər əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyətindən kommunistik siyasi fəlsəfə doğulursa, əgər cəngavər mədəniyyətindən tiranik siyasi fəlsəfə doğulursa, əgər şəhər mədəniyyətindən demokratik siyasi fəlsəfə doğulursa, zadəgan mədəniyyəti aristokratik siyasi fəlsəfəni törədir.
Dövlət, marksizmin hesab etdiyi kimi, mülkiyyətə malik olan sinfin mülkiyyətdən məhrum olan sinif üzərində, kobud deyilsə, varlının kasıb üzərində hökmranlıq aparatı kimi meydana gəlməmişdir. Varlılıq və kasıblıq əslində bir tarixi fakt kimi yalnız dövlət yarandıqdan sonra meydana gəlmişdir. Varlanmanın vasitəsi kimi isə məhz dövlət çıxış etmişdir. Dövlətin vasitəçiliyi olmadan ayrı-ayrı fərdlərin varlanması praktik olaraq mümkün deyildir.
Dövlət, anarxizmin güman etdiyi kimi, hökmranlığın və köləliyin yaranması ilə meydana gəlməmişdir. Dövlət əslində köləlikdən yaranmır, köləliyi yaradır.
Dövlətin ilkin formasında heç bir hakimiyyət mövcud deyildir. Çünki burada iradə sahibləri və icraçılar – hökmdarlar və təbəələr — yoxdur, heç kəs başqa birisinin iradəsinin həyata keçmə vasitəsi deyildir. İlkin dövlət himayə dövlətidir, hakimiyyət dövləti deyildir.
Dövlət insanların bir qisminin digər qismi üzərində hökmranlıq etməsinə deyil, insanların bir qismini digər qisminin təcavüzündən xilas etməyə təyinatlıdır. İlkin dövlət hakimiyyət orqanlarının yaradılması ilə deyil, əhalinin ədalətsizlikdən, zorakılıqdan, zülmdən, məhvolmadan və azğınlıqdan xilas edilməsi ilə yaranır. Dövlətin başlıca və əzəli əlaməti elə bu xilaskarlıq aktıdır. Həmin xilaskarlıq aktının həyata keçdiyi hər bir halda dövlət mövcuddur.
İnsanlarda xüsusi bir siyasi hiss vardır. İnsan dövlətin mövcudluğunu da məhz bu hissin vasitəsilə duyur. Hər bir insan digərlərinin təcavüzündən mühafizə olunursa, yalnız bu halda dövlətin mövcudluğu hiss olunur.
Sosial həyatın dövlət strukturunun ixtirası insan zəkasının ən görkəmli nailiyyətlərindəndir.
Sosial həyat üçün dövlətin əhəmiyyəti ümumiyyətlə həyat üçün təhlükəsizliyin əhəmiyyəti qədərdir.
Siyasi mahiyyətin ilkin tarixi təcəssümü dövlətin himayə sistemi olmasındadır. İnsanlar dövlətin varlığını yalnız azğınlıqdan və təcavüzdən mühafizə olunduqları halda hiss edirlər.
İstinadlar
redaktə- ↑ Hampton, Jean. Political philosophy. 1997. səh. xiii. ISBN 0-8133-0858-6. 2014-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-01. Charles Blattberg, who defines politics as "responding to conflict with dialogue," suggests that political philosophies offer philosophical accounts of that dialogue. See his "Political Philosophies and Political Ideologies". SSRN 1755117. in Patriotic Elaborations: Essays in Practical Philosophy, Montreal and Kingston: McGill-Queen's University Press, 2009.
Mənbə
redaktə- Adil Əsədov. Siyasətin fəlsəfəsi. Bakı, Nafta-press, 2001, 307s. (ikinci nəşr: Bakı, Təknur, 2010, 416 s.)
- Siyasət sosial hadisədir