Sureyyanin Dasqalaq Edilmesi Film 2008 - Wikipedia
Sürəyyanın daşqalaq edilməsi (ing. The Stoning of Soraya M.) — 2008-ci ildə çəkilmiş ABŞ filmi.
Sürəyyanın daşqalaq edilməsi | |
---|---|
ing. The Stoning of Soraya M. | |
Janr | dram filmi[1][2][…], roman ekranlaşdırması[d] |
Rejissor | Sayrus Növrəstə |
Baş rollarda | |
Bəstəkar |
|
İstehsalçılar | Roadside Attractions[d] |
Distribütor | Roadside Attractions[d], Netflix |
İlk baxış tarixi | 7 sentyabr 2008 |
Müddət | 116 dəq. |
Ölkə | ABŞ |
Dillər |
ingilis fars |
İl | 2008 |
Rəng | rəngli |
IMDb | ID1277737 |
Məzmun
redaktəFilm bu sözlərlə başlayır:"Olmayın ikiüzlülük edənlərdən, bir tərəfdə yüksək səslə Quran oxuyarkən, digər tərəfdən əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən" (Hafiz Şirazi, İranlı şaır, 14-cü əsr). Əslində kinonun mövzusu da tam olaraq bundan ibarətdir ki, ikiüzlü mollalar İslam və şəriət adından istifadə edərək min hoqqadan çıxır. Sürəyyanın xalası Zəhra xanım Sürəyyaya siğə təklifi edən Molla Həsənə dediyi sözlərdən:"Heç olmazsa nəcis əllərinlə tutduğun Qurani-Kərimdən xəcalət çək." Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Sürəyyanın daşqalaq edilməsi" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-də kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xətti Fransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daşqalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir. Həmçinin bu film "Oscar" ilə mükafatlandırılıb.
Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan qismən əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır. Elə həmin müddətdə Zəhra adlı qadın öz bacısı qızı Sürəyyanın başına gəlmiş həyat hekayəsini ona danışır. Dörd uşaq anası Sürəyyanın əri Əli 14 yaşlı qızla evlənmək istəyir. Sürəyya buna qarşı çıxanda isə, əri onu aradan götürmək qərarına gəlir. O, müxtəlif vasitələr fikirləşir və nəhayət, özünə yalançı şahid taparaq qadınını şərləyib xəyanətdə ittiham edir. Şahidi olmadığı üçün öz günahsızlığını sübuta yetirə bilməyən Sürəyya Kupha adlı kəndin çərçivəsində şəriət məhkəməsi tərəfindən ağır cəzaya məhkum olunur. Daşqalaq edilən, yarıya qədər torpağa basdırılan qadın izdihama səslənərək "Axı siz bilirsiniz mənim günahım yoxdur" deyərək ətrafdakılara yalvarır. Lakin ətrafdakılar şəriətin hökm kəsdiyi qanuna qarşı çıxa bilmirlər. Qadının günahsızlığını hamı kimi çox yaxşı bilən molla da səsini çıxarmır və onun ölümünü sakitcə seyr edir. Olanları jurnalistə danışan Zəhra kasetə köçürülən bu yazının bütün dünyaya yayılmasını jurnalistdən xahiş edir. Filmin sonunda kəndi tərk edən jurnalist molla və onun həmfikirləri tərəfindən tutulur. Maşını yoxlayıb kaseti tapır və sındırırlar. Bununla da tamaşaçının bütün ümidlərini məhv edən rejissor bir anda hadisələri daha da dramatikləşdirərək filmdə dönüş edir. Kəndin çıxışında başqa ehtiyat kaseti ilə jurnalisti gözləyən Zəhra onu jurnalistə çatdıra bilir.
Qeyd edək ki, deyilənə görə, son 15 ildə İran, Nigeriya, Somali, Sudan, İraq, Əfqanıstan, Pakistan və s. ölkələrdə mindən çox qadın namussuzluq, zina törətməkdə ittiham olunaraq daşqalaq edilməklə öldürülüb. Belə mövzuda bu vaxtadək heç bir filmin çəkilmədiyini deyən rejissor Sirus Növrəstə filmdə kəskin təsirli səhnələrə geniş yer ayırıb. Film tamaşaçının hisslərinə təsir edir və onu bu cür qeyri-insani cəza metodlarına qarşı mübarizəyə səsləyir.Bu filmin İranda yayımlanmasına qadağa qoyulub.
Rollarda
redaktə- Şöhrə Ağdaşlı — Zəhra
- Mojan Marno — Sürəyya M.
- Ceyms Kevizel — Freydon Sayebcam
- Navid Nageban — Əli
- Əli Portaş — molla
- Devid Diaan — İbrahim
- Pərviz Səyyad — Haşım
- Vida Qəhrəmani — Məsud
- Bita Şeybani — Leyla