Sureyya Talibxanbeyli - Wikipedia
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (mühacirətdə: Sürəyya Odoğlu (türk. Süreyya Odoğlu); 1899, Qacar, Cəbrayıl qəzası – 1941, İstanbul) — publisist, folklorşünas.
Sürəyya Talıbxanbəyli | |
---|---|
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 1941 |
Vəfat yeri | |
Atası | Talıbxan bəy Talıbxanov |
Təhsili | |
Fəaliyyəti | müəllimə, folklorşünas |
Həyatı
redaktəSürəyya Talıbxan qızı Talıbxanbəyli 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi.
İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli ilə ailə qurmuşdu. (Bu barədə 1937-ci ildə Bakıda müsavatçı kimi həbs edilərək ölüm cəzasına məhkum olunmuş görkəmli pedaqoq və ictimai xadim Mədinə xanım Qiyasbəyli-Vəkilovanın istintaq sənədlərində məlumat verilib. Mədinə xanım M. Vəkillinin əmisi qızı idi. İstintaqa ifadəsində 1930-cu ilə qədər onunla məktublaşdığını boynuna almışdı). Lakin sonradan ayrılmışdılar. Sürəyya Talıbxanbəyli ali təhsilini İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsində almışdı. Universiteti bitirdikdən sonra özünü elm sahəsində sınamaq qərarına gəlmişdi. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdı. Türkologiya sahəsinə maraq göstərməsində həmvətəni, həmin dövrdə universitetin dosenti vəzifəsində çalışan gələcəyin böyük türkoloqu Əhməd Cəfəroğlunun tövsiyə və təşviqləri az rol oynamamışdı. 1930-cu illərdə Əhməd bəyin naşiri və redaktoru olduğu "Azərbaycan Yurd Bilgisi" jurnalı ilə fəal əməkdaşlıq edirdi. Məcmuənin dörd sayında onun "Qarabağ və İstanbul şivələrinin sərfiyyat baxımından müqayisəsi" adlı silsilə məqalələri işıq üzü görmüşdü. Folklora dair bir sıra araşdırmaların da müəllifi kimi tanınır.[1]
O, 1939-cu il il martın 4-də İstanbul Universitetində Fuad Köprülünün tədrisat həyatının 25-ci ildönümü münasibətilə konfransda da çıxış edib. Sürəyya xanım çıxışında bunları bildirib:[2]
Mən sizdən ayrı olduğu halda sizə candan bağlı olan azərbaycanlıyam. Böyük ustadı ilk dəfə olaraq orada gördüm. Oraya gəldiyi vaxt evlərdə, cəmiyyətlərdə, məktəblərdə hər kəs Köprülüdən bəhs edərək onu dinləmək üçün can atırdı. Hələ universitet tələbələrinin sevincini demirəm. Sinəmiz iftixarla dolurdu. Əcnəbi dostlarımıza onun yüksək məziyyətlərindən bəhs edirdik. Azəri türklüyü o günləri heç zaman unutmadı və unutmayacaqdır da. |
Sürəyya xanım Mustafa Vəkillidən ayrılandan sonra irəvanlı Nağı bəyin oğlu[2] Bəkir Odoğlu ilə ailə qurmuş, bu nikahdan Bərrin, Murad, Can, Tarik adlı övladları dünyaya gəlmişdi.[1] Sürəyya xanımın vəfatından sonra Canı Dilşad xanım böyüdüb.[2]
Sürəyya xanım 1941-ci ildə vəfat edib. "Bir müəllim vəfat etdi" başlıqlı nekroloqda yazılıb:[2][3]
İstanbul Müəllimləri Yardım Cəmiyyəti Rəisliyindən: Cəmiyyətimizin üzvlərindən, Nişantaşı 2-ci qız orta məktəbinin türk dili müəllimi Sürəyya Odoğlunu təəssüf ki həmişəlik itirdik. Kədərli ailəsinə və dostlarına başsağlığı veririk. |
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293;
- Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
İstinadlar
redaktə- ↑ 1 2 Quliyev, Vilayət. "Amerikalıları heyrətləndirən şuşalı qadın". kulis.az. 2021-03-03. İstifadə tarixi: 2024-12-17.
- ↑ 1 2 3 4 Əhməd, Dilqəm. "Qəmər Ağaoğluna dair yeni faktlar". "Ədəbiyyat qəzeti". 2024-11-29. İstifadə tarixi: 2024-12-12.
- ↑ Əhməd, Dilqəm. "İrəvanlı Odoğlu ailəsi – Şuşalılarla necə qohum oldular?". teleqraf.com. 2022-05-24. İstifadə tarixi: 2024-12-17.