Ruprext Frayzinq Yepiskopu - Wikipedia
Ruprext (alm. Ruprecht der Tugendhafte, 14 may 1481[1][2], Heydelberq[3] – 20 avqust 1504[1][2], Landshut[3]) — Vittelsbax sülaləsindən Pfals kürfürstü Filippin üçüncü oğlu. 1495-ci ildən 1498-ci ilə qədər Frayzinq yepiskopu idi.
Ruprext | |
---|---|
Təyin edilib | 14 iyul 1495 |
Oturulub | 1495 |
Səlahiyyət müddəti sona çatıb | 1498 |
Sələf | Siktus fon Tannberq |
Xələf | Filipp |
Şəxsi məlumatlar | |
Doğum | 14 may 1481[1][2] Heydelberq, Pfals kürfürstlüyü |
Vəfat | 20 avqust 1504[1][2] (23 yaşında) Landsxut, Bavariya-Landsxut hersoqluğu |
Həyatı
redaktə1481-ci ildə Heydelberqdə anadan olan Ruprext, Pfalsda səkkiz qardaş arasında böyümüşdü. Atası, statusuna uyğun olaraq üçüncü oğlu üçün kilsə vəzifəsi planlaşdırırdı. Filipp Ruprextin 1491-ci ildə doqquz yaşında Vürtsburqda kanon olmasına çalışdı, 1 fevral 1492-ci ildə Frayzinq yepiskop köməkçisi təyin edildi və qısa müddət sonra Frayzinqdə kafedralda işləməyə başladı. Papa VIII İnnokent bunu təsdiq etmədi, lakin bunun heç bir fərqi olmadı. 1493-cü ildə Maynsda Müqəddəs Mariya kilsəsində provost oldu.[4] 1495-ci ildə yepiskop Siktus fon Tannberqin ölümü ilə Frayzinq yepiskopuluğu boş qaldıqda, Filipp oğlunu yepiskop təyin etdi.[5] 1495-ci il avqustun 1-də kafedral rəhbərliyinə seçkilər zamanı Bavariya-Münhen hersoqluğundan bir namizəd və Bavariya-Landsxut tərəfindən dəstəklənən Ruprext vardı. Seçim yekdilliklə Ruprextin üzərinə düşdü. Papa VI Aleksandr da öz növbəsində bundan imtina etmədi və 8 fevral 1496-cı ildə on beş yaşlı gənci rəsmi olaraq bu posta təyin etdi.[6] Ruprext, hələ çox gənc olduğu üçün kilsə tərəfindən keşiş kimi təqdis etmədən, yepiskop idarəsini rəsmi olaraq götürdü.
Bu arada Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi və ona ər axtarmağa başladı. Yepiskop olmaq arzusunda görünməyən Ruprext, Georqun kürəkəni olmaq niyyətində idi. 19 yanvar 1498-ci ildə Ruprext kafedral rəhbərliyinə istefa vermək istədiyini dedi və 3 dekabr 1498-ci ildə Papa VI Aleksandr buna razılaşdı. Ruprextin yerinə qardaşı Filipp təyin olundu. 1499-cu il fevralın 10-da Ruprext və Elizabet evləndilər. Bu evlilikdən əkizlər Georq və Ruprext (noyabr 1500 — avqust 1504), Otto Henri (10 aprel 1502 – 12 fevral 1559) və Filipp (12 noyabr 1503 – 4 iyul 1548) doğuldu.[7]
Hersoq Georq hələ də Elizabetin mirasını saxlayacağına əmin ola bilmədiyi üçün 1503-cü ilin payızında Ruprexti özünə qəyyum təyin etdi və mühüm Landsxut və Burqauzen qalalarını ona təhvil verdi. Hətta Ruprexti sonra övladlığa götürdü. Georq 1503-cü il dekabrın 1-də öldü və onun vəsiyyəti Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı.
Ölümü
redaktəGeorqun ölümü və Elizabetlə Ruprextin inadı nəticəsində Landsxut varislik müharibələri başladı.13 iyun 1504-də Albert və Ruprexin qoşunları arasında ilk böyük döyüş Landsxut yaxınlığında baş verdi. Albert döyüşdə qalib gəldi və Ruprext şəhərə çəkilmək məcburiyyətində qaldı və avqustun 20-də dizenteriyadan öldü. Onun iki ilk oğlu, Georq və Ruprext, ondan bir qədər əvvəl xəstəlikdən ölmüşdü; az sonra arvadı Elizabet də 1504-cü il sentyabrın 15-də öldü. Ruprext, arvadı və əkizləri Landsxutdakı Seligental monastırında dəfn edildilər.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Lundy D. R. Ruprecht von der Pfalz // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Count Rupert [House of Wittelsbach] of the Rhine // Kindred Britain.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #100659381 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ A. Baumgärtner, Meichelbeck’s Geschichte der Stadt Freising und ihrer Bischöfe, 1854
- ↑ Allgemeine deutsche Biographie Band 29 (1889) S. 726 f
- ↑ Hubert Strzewitzek: Die Sippenbeziehungen der Freisinger Bischöfe im Mittelalter. München 1938. S. 212
- ↑ Rall, H. u M.: Die Wittelsbacher. Von Otto I. bis Elisabeth I., Verlag Styria Graz/Wien/Köln 1986, S. 223