Ricard Lourens - Wikipedia
Riçard Lourens (ing. Richard Lawrence) tarixdə ABŞ Prezidentinə qarşı ilk dəfə sui-qəsd cəhdi həyata keçirmiş, ingilis əsilli rəngsaz. Lourens 1835-ci ilin 30 yanvar tarixində ABŞ Konqres Binasının qarşısında Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti Endrü Ceksonu öldürməyə cəhd etmişdir. Sui-qəsd planı baş tutmayan Lourens saxlanılmış və çıxarıldığı məhkəmə tərəfindən psixi vəziyyətinə görə ömürlük ruhi xəstəxanada saxlanılmasına qərar verilmişdir.
Riçard Lourens | |
---|---|
ing. Richard Lawrence | |
Doğum tarixi | 1800-ci illər (təxmini) |
Doğum yeri | İngiltərə |
Vəfat tarixi | |
Vəfat yeri | Vaşinqton, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | ingilis |
İxtisası | Rəngsaz |
Fəaliyyəti | rəssam və rəngsaz[d] |
Tanınır | Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti Endrü Ceksonu öldürməyə cəhd etməsi |
Həyatı
redaktəRiçard Lourens, 1800-ci illərin əvvəllərində İngiltərədə anadan olub. 1812-ci ildə ailəsi Amerika Birləşmiş Ştatlarına köçüb. Əvvəlcə Virciniya ştatında, 1830-cu ildən isə Vaşinqton şəhərində məskunlaşıblar.[1] Rəngsaz işləyən Riçardda 1832-ci ildən etibarən qəribəliklər müşahidə olunub. Əvvəlcə işini atıb qohumlarına İngiltərəyə qayıdacağını deyir. Bir aydan sonra isə, soyuq havaya görə getməkdən vaz keçdiyini bildirib. 1833-cü ilin yanvarında yenə İngiltərəyə gedəcəyini deyir, bir neçə həftə Filadelfiyada yaşayandan sonra geri qayıdır.[2]
Bu dəfə iddia edir ki, naməlum şəxslər onun İngiltərəyə getməsinə mane olublar, üstəlik, İngiltərəyə köçmək planlarının ABŞ hökuməti tərəfindən qınanması barədə Filadelfiya qəzetlərində məqalələr oxuyub.[3]
Yenidən rəngsazlığa başlayan Riçard Lourens bir müddət sonra yenidən işini atır. İşləməyə ehtiyacının olmadığını və ABŞ hökümətinin ona küllü miqdarda borclu olduğunu iddia etməyə başlayır. III Riçardın nəslindən olduğunu iddia etməklə yanaşı dönəmin ABŞ Prezidenti Endrü Ceksonu içində olduğu çətin vəziyyətin əsas günahkarı kimi görür və onu cəzalandırmaq qərarına gəlir.
1835-ci ilin ilk günlərində Riçard iki ədəd bir dəfə doldurulan çaxmaqdaşlı tapança alır və prezidentin marşrutları ilə maraqlanmağa başlayır. Yanvarın 30-da Endrü Ceksonun vəfat etmiş konqresmen Uorren Devislə vida mərasimində iştirak edəcəyini öyrənir. Konqresmənlə vida mərasimi ABŞ Konqres Binasının daxilində planlaşdırılmışdı. O zaman istənilən adam belə binalara daxil ola bilərdi.[4]
Lourens prezidenti o, mərasimə gələrkən öldürmək istəyirdi. Amma Cekson gələndə xeyli adam onunla görüşməyə can atdığından Lourens yaxınlaşa bilmir və mərasimin sonunu gözləməyi qərara alır. Rəngsaz prezidenti küçədə gözləyir. Endrü Cekson Konqres Binasını tərk edərkən Lourens prezidentin yanından keçir, o da tapançalardan birini çıxararaq prezidentin kürəyini nişan alır. Amma soyuq və rütubətli havada küçədə çox qaldığından barıt nəm çəkmişdi və atəş açılmır. Tapança çaqqıltsı səsini eşidən Cekson geriyə çevrilir və bu zaman Lourensin ikinci tapançanı yuxarıya qaldırdığını görür.
Amma ikinci atəş də açılmır. Prezident əsa ilə Lourensə zərbələr endirməyə başlayır. Özünü yetirən başqaları rangsazı yerə yıxırlar.[5]
Məhkəmə prosesi
redaktə1835-ci ilin 11 aprel tarixində Vaşinqton şəhər məhkəməsində sui-qəsd cəhdi ilə bağlı ilk hazırlıq iclası keçirilir. Məhkəmə Riçard Lourensin psixi pozuntu vəziyyətindən əziyyət çəkdiyini və bu halı sübut edəcək onlarla faktın olması qənaətinə gəlir. Belə ki, Lourensin vəziyyəti həmin vaxt onun yaxınlarına şəhərdə yerləşən ruhi xəstəxananın həkimlərinə də məlum idi.[6] Proseslərin birində, Lourens Cənablar, mənim haqqımda sizin hökm çıxarmağa haqqınız yoxdur, mən sizin haqqınızda hökm çıxara bilərəm cümləsini işlətmişdir.
Sonuncu məhkəmə prosesindən sonra Riçard Lourensin psixi vəziyyəti nəzərə alınaraq ömrünün sonuna qədər ruhi xəstəxanada saxlanılması barədə hökm çıxarılar.[7] Həyatının sonuna qədər müxtəlif müəssisə və xəstəxanalarda saxlanılan Lourens 1861-ci ilin 13 iyun tarixində 61 yaşında saxlanıldığı müəssisədə vəfat edib.[8][9] ABŞ cəmiyyətində uzun müddət Riçard Lourensin əslində bir vasitə kimi istifadə edildiyi, Endrü Ceksona qarşı sui-qəsd cəhdinin arxasında daha önəmli şəxslərin dayandığı fikiri hakim olmuşdur.
Belə ki, Endrü Ceksonla həmin dövrdə problemi olan bir necə vəzifəli şəxs vardı. Bu şəxslərdən ən çox diqqət çəkəni Missisipidən olan hüquqşünas və dövlət xadimi Corc Poyindekster idi. Həmin vaxt məlum olmuşdu ki, sui-qəsd cəhdindən cəmisi bir necə ay əvvəl Riçard Lourens Poyindeksterin evində rəngsaz olaraq işləyib və hüquqşünasla müxtəlif mövzularda söhbətlər aparıb.
Poyindekster cəmiyyəti sui-qəsd cəhdində əlinin olmadığına tam inandıra bilmədi və nüfuzu ciddi zərbə aldı. Missisipidən senata ikinci dəfə seçilə bilməməsinin əsas səbəblərindən biri məlum şübhələrə görə cəmiyyətin gözündən düşməsi ilə bağlı idi. Bütün iddialara baxmayaraq hadisənin hər hansısa bir sifarişçisi aşkarlanmamışdır.[10]
İstinadlar
redaktə- ↑ Clarke, 2012. səh. 236
- ↑ Johnson, 2010. səh. 38
- ↑ Clarke, 2012. səh. 236–237
- ↑ Yadigar Sadıqlı. "Cerald Ford – qadınların öldürmək istədiyi prezident" (Azərbaycan dili). 17 dekabr, 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "Cerald Ford – qadınların öldürmək istədiyi prezident" (Azərbaycan dili). 17 dekabr, 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Regan, 2008. səh. 31
- ↑ "St. Elizabeths Hospital: A History" (PDF). 2021-06-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-15.
- ↑ Oliver, Marion, 2010. səh. 13
- ↑ Barbour, John. "Troubled minds pass through St Elizabeths Hospital". Gettysburg Times. Associated Press. November 18, 1982. səh. 23. February 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2013.
- ↑ Clarke, 2012. səh. 238
Ədəbiyyat
redaktə- Clarke, James W. Defining Danger: American Assassins and the New Domestic Terrorists. New Brunswick, NJ: Transaction Publishers. 2012. ISBN 978-1-4128-4590-8. OCLC 743040369.
- Johnson, Scott Patrick. Trials of the Century: An Encyclopedia of Popular Culture and the Law, Volume 1. Santa Barbara, CA: ABC-CLIO. 2010. ISBN 978-1-59884-261-6. OCLC 702674902.
- Oliver, Willard M.; Marion, Nancy E. Killing the President: Assassinations, Attempts, and Rumored Attempts on U.S. Commanders-In-Chief. Santa Barbara, CA: ABC-CLIO. 2010. ISBN 978-0-313-36474-7. OCLC 733346450.
- Regan, Chris. Mass Historia: 365 Days of Historical Facts and (Mostly) Fictions. Kansas City, MO: Andrews McMeel Publishing. 2008. ISBN 978-0-7407-6869-9. OCLC 172521785.