Rehmeti Tebrizi - Wikipedia
Rəhməti Təbrizi (?-1616) — Azərbaycan şairi.
Həyatı
redaktəTəxminən XVI əsrin ortalarında Təbrizdə dünyaya gəlmiş, Hindistana səfər edərək 1616-cı ildə orada vəfat etmiş Rəhməti Təbrizidir. Təzkirəçi Təqi Əvhədi "Ərəfatül-aşiqin və ərəsatül-arifin" adlı təzkirəsində onun Hindistan səfərindən əvvəl (1605-ci ildən öncə) 7-8 min beytlik divanını gördüyünü qeyd etsə də, şairin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şeirləri 2050 beyt həcmindədir. Bu şeirlərin əksəriyyəti farscadır, cəmi 25 qəzəl və 1 rübai (129 beyt) Azərbaycan türkcəsindədir. Şair farsca yazdığı fəxriyyələrində dövrünün bir sıra sənətkarlarının, ərəb şairlərindən Buxtori və Bu fərasın, fars şairlərdən Ünsüri, Ənvəri, Rudəki, Əscədi, Fütuhi, Dəqiqi və başqalarının adını çəkir, özünü onlardan üstün sayır. Adlarını çəkməsə də, onun türkcə şeirlərində Nəvai və Füzulidən təsirləndiyini görməmək mümkün deyil. I Şah Abbasın dövründə (1587-1629) Hindistana mühacirət edən şair bu ölkənin müxtəlif ədəbi məclislərində çox yüksək dəyərləndirilən Nəvai şeirləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdi. C.Nağıyeva Rəhmətinin Nəvai yaradıcılığına yaxınlığı barədə yazır: "Rəhməti də Nəvai kimi insanı hər şeydən uca tutmuşdur. Əgər Nəvaidə "Məshəfi-hüsnündə gördüm bismillahini" oxuyuruqsa, Rəhməti "Məshəfi-hüsnündə ol peyvəstə bismillahlər" deyir. Hər iki şairdə zahid və vaizlərin tənqidi eynidir. Rəhməti də Nəvai kimi "Kafere-eşqəm bedəstəm sübheye mədeh", "Mənəm Allah", "Mənə Mənsur kimi dar ağacı lazımdır" deyir, şərabı könül açan nemət, gözəlin üzünü Məşhəf (Quran), xəttü xalını Qurandakı e'rablar hesab edir". Rəhmətinin qəzəllərində işlətdiyi "niy əcəb" ("nə əcəb"), "götürgəc" ("götürcək") kimi cığatay sözləri bir daha onun Nəvaidən bəhrələndiyini göstərir. Rəhmətinin cığatay sözlərindən daha çox istifadə etdiyi "İtlər ilən sübhədək hər gecə fəryad eylərəm", "Dəhr əsbabinə, ey dil, çox dəxi etmə həvəs", "Bənim yerim fəna bəhrivü Məcnun yeri sahildür" şeirlərində Nəvai ruhu daha çox duyulur.
Yaradıcılığı
redaktəMənbə
redaktəƏnvər Çingizoğlu, Rəhməti Təbrizi, "Soy" еlmi-kütləvi dərgi, 2010, №6, səh.85-86.