Qovanli Oymagi - Wikipedia
Qovanlı oymağı — Qacar elinin Aşağıbaşlı qrupuna daxildir.
Tarixi
redaktəQovanlı oymağının tarixindən və nümayəndələrindən danışmazdan öncə adaçımına diqqətimizi yönəldək. Qacarlar haqqında rəvayətlərə əsasən, bu tayfa öz köklərini Çingiz xanın oğlu Kaan Lunun nəslindən götürmüşdür. Qacarların əcdadlarından biri öz oğluna Kaan Lunun qızını almış və bundan sonra həmin nəsli Kavan Lu Qacar adlanmağa başlamışlar. Bu versiya kökündən yanlışdır. Çingiz xanın Kaan Lu adlı oğlu olmayıb. Cuçi, Cığatay, Ügədey, Tulu (anaları Burqu ucin) və Külkan (anası Qulan xatun) adlı oğulları vardı.
Qacarların başçılarının öz nəsillərinin monqollara çatmasını sübut etməyə çalışması iki ictimai-psixoloji prinsiplə bağlıdır. Bu iki prinsipdən biri "Türklərin qanunu"dur ki, qədim zamanlardan cah-cəlallı, cəsur tayfa kimi ad qazandıqları üçün insanlardan çoxu özünü o tayfaya mənsub etməklə onların hesabına məşhurlaşdılar.
Ikinci prinsip isə bəzi İran sülalərinin qohumluq əlaqələri yaratma prinsipidir ki, bunun da tarixdə uzun bir keçmişi var. Həmin prinsipə uyğun olaraq İran sülalərinin əksəriyyəti ərəblərin hücumundan sonra öz növbələrini islamdan əvvəlki şahlara nisbət etdilər. Monqollardan sonrakı şahlar da özlərini Çingiz xana, yaxud da onun övladlarına yapışdırmağa çalışırdılar.[1]
Hadisəyazarlardan (tarixçilər) bəzilərinə tapşırıldı ki, Fətəli şahdan qabaq yazılmış bir neçə tarixi kitabda düzəliş edib, Fətəli şahın nəslini Sultan Hüseyn Səfəviyə çatdırsınlar. Hadisəyazarlardan biri Məhəmməd Haşim Asəfdir ki, yazılmış dastanı belə rəvayət edir: "Məhəmmədhəsən xan (Qacar) sırf şahənşah cənnətməkan şah Sultan Hüseyn Musəvi Səfəvi oğlu… Şah Sultan Hüseynin bəndində olmuş və mərhum Fətəli xan Qacar Əfqan müharibəsində məzkur şaha böyük xidmət göstərmişdir. O, uca mənsəbli (şah Sultan Hüseyn) öz hamilə qadının o ali mənsəblinin (Fətəli xan Qacar) xidmət mükafatı olaraq şəriət yolu ilə o nura bağışladı. Bu yəqin və dəqiqdir və bu sözə şəkk yoxdur". "Elə ki, bu yalançı münasibət öz cazibəsini itirdi, belə qərara gəldi ki, öz nəslini monqol Çingiz xana çatdırsın. Bu vəzifə "Mürkül-kəlam" risaləsinin müəllifi Mirzə Tağı Əliabadi və "Şəmayili-Xaqan" risaləsinin yazarı Mirzə Əbülqasım qayimməqama həvalə olundu. Onlar da qacarları Çingiz xanın nəsli kimi təqdim etdilər". Bu fikirlər Iran tarixçilərinə məxsusdur.
Anadoluda yaşayan iki qrup tatar camaatı, ulusu vardı. Birincisi ağtatar (monqolca saqan tatar), ikincisi qaratatar (monqolca kain tatar) adlanırdı. Kaintatarların Sutay (sutaylıların barambay adlı oymağı mövcud idi), Samqar, Mulay, Kuytay, ağtatarların isə Kiray, Doladay adlı ulusları vardı.
Əmir Teymur qaratatarları (sonralar qacar adlandılar), caunqarları (sonralar cavanşir adlandılar) yığıb, İrəvana və Qarabağa gətirdi. Qarabağda yerləşən qaratatarlar qacar adlanmazdan öncə tatar çağrıldı. Füzuli bölgəsindəki Qacar kəndi XVI yüzilədək dəftərlərdə Tatar kimi qeyd olunurdu. Qaratarların bir qolu el içində Kainli-qaralı adlanırdı. Kainli oymağı Astarabada, Gürgan ətrafına köçürüləndən sonra yerli ləhcədə Kovanlu şəklində işlənməyə başladı. Kainlilər isə özlərini qoyunlu adlandırdılar.
Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb. Səfəvilər İran sərhədlərini özbəklərdən qorumaq üçün bunları Astrabada köçürüblər. Bu köçürülmə və seçim onu göstərir ki, el döyüşkən olub. Qacar eli Səfəviyyə şahlarına həmişə vəfalı qalıb. Qacar eli tərəfindən heç vaxt Səfəvi şahlarına qarşı etiraz, üsyan, yağılıq olmayıb. Səfəvi dövrünün bütün əhmiyyətli savaşlarında, qərbdə, şərqdə baş verən osmanlı və özbəklərə qarşı müharibələrdə Qacar elinin başçıları və döyüşçüləri iştirak ediblər. O elin səfəvilərə bağlılığının iki səbəbi vardı. Birincisi yazdığımız kimi qohumluq əlaqələri, ikincisi elin arasında olan ikitirəlik idi. Hər tirə özünü dövlətə yaxın göstərmək istədiyindən savaşlarda can-başla iştirak edirdi. Qacar eli İranın şərq hissəsində yerləşəndən sonra, heyvandarlıqla məşğul olduğundan Gürgan və Ətrək çaylarının sahillərini seçdi. Bu yer onların sabiq yurdlarına çox bənzəyirdi. Orda otlaqlar bol idi. Bu çayların kənarında hansı tarixdən yaşadıqları dəqiq deyil. Amma belə məlum olur ki, Qacar elinin qrupları arasında ixtilaflar baş verib. Bu ixtilafların ilkin səbəbi yerləşmə üstündə əmələ gəlmişdi. Onlar Gürgan çayının aşağı və yuxarı başına əyləşmişdilər. Yuxarı başda əyləşənlərə yuxarıbaşlılar, aşağı başda əyləşənlərə aşağıbaşlılar deyiblər. Türklər arasında yuxarıbaşlılar dəvəli, aşağıbaşlılar qoyunlu adlanıblar".[2]
Tarixçi Nasir Nəcmi kitabında qacarların Qarabağ bölgəsindən, Araz kənarından köçürülməsi haqqında yazır: "Türk irqinin bir qolu kimi sayılan Qacar tayfası tarixi hadisələrin və şahların siyasəti nəticəsində bir yerdən başqa yerə köçürülmüşdür. Səfəviyyə şahları zamanında Qacar tayfası birdəfəlik Araz çayının ətrafından Gürgan çayı dərəsinə köçürülmüş orada Iran hüdudlarını, sərhəd şəhərlərini qorumaq işilə məşğul olmuşdu. Get-gedə tayfa içərisində ixtilaf törənmiş, bu isə tayfanın iki hissəyə parçalanmasına səbəb olmuşdur. Beləliklə, tayfanın bir hissəsi Qoyunlu, yaxud "Aşağıbaş" qacarları, ikinci hissəsi isə "Yuxarıbaş" qacarları adını almışdır".[3]
I Şah Abbas Qarabağ qacarlarının bir hissəsini, əsasən Qovanlı, Dəvəli, Şambayatı, Ziyadlı oymaqlarını Astrabada köçürmüşdü. Onlar Gürgançay boyunca məskunlaşmışdılar. Bu oymaqlar yerləşdikləri əraziyə görə, iki qola ayrılırdı. Yuxarıbaşlı və Aşağıbaşlı qruplarına. Ayrıntılar:
Yuxarıbaşlı qolu: dəvəli, köhnəli, xəzinədarlı, qıyaxlı, kürlü, sepanlı.
Aşağıbaşlı qolu: qovanlı, izzətdinli, şambayatı, ziyadlı, qaradonlu, qaramusanlı, daşlı.
Petruşevski qeyd edir ki, Qacar elinin soy-kökündə dayanan tayfalardan biri də Cəlairdir. Biz bilirik ki, Cəlair ulusu Azərbaycana monqol-tatarların fütuhatı dönəmində gəlmişdir. Cəlair ulusunun cadaran, cat, orlat, tukaraun, karavun və başqa oymaqları vardı. Cadaran oymağının Kumun kovan, Mukali kovan, Buğa kovan, Boqol kovan adlı noyonları Çingiz xanın silahdaşları, özləri isə ata-bala, qohum əqraba idilər. Monqol qurumunda kovan ünvan, rütbə sayılırdı. Ola bilsin ki, Qovanlı oymağı öz adını bu ünvandan alıb.
Qaçar ağa Sərtaq ağanın oğlu, Sapa ağanın nəvəsi idi. Onun noyon ünvanı, rütbəsi yoxudu. Cəlair ulusunun Karavun oymağından idi. Qacarların Yuxarıbaşlı qrupunda Sapanlı adlı oymağı ola bilsin ki, öz adını Sapa ağadan alıb.
Tarixçi Ələskər Şəmim yazır: "Tarixdə qoyunlu adı ilə tanınan aşağıbaşlılar Səfəvi şahlarına xidmət etdikləri üçün çox gücləniblər və nüfuz sahibi olublar. Səfəvi şahları Qacar elinin arasında olan ixtilaflardan istifadə edirdilər. Onların birləşməyinə mane olurdular. Bilirdilər ki, birləşib güclənən el mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıracaq. Beləliklə, hər qrup öz arasında canfəşanlıqla, şahlara vəfadarlıqla çalışdığından onların xətrini əziz tuturdular.
Aşağıbaşlılar Şah Süleyman Səfəvi zamanında İranın şimal hissəsindəki ellərin içində çox nüfuz qazandıqlarından hakimiyyətin hörmətinə səbəb olmuşdular. Elin bəzi başçıları həm məqam-mənsəb sahibi, həm də Gürgan və Dəşt ətrafında tiyul-soyurqal yiyəsi oldular. Bu şan-şöhrət yuxarıbaşlıların kin-küdurətinə səbəb oldu. Sonralar nifaqın qızışmasına görə, tayfa-tirələrin arasında qanlı döyüşlər baş verdi".[4]
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı, "Şuşa", 2008, 334 səh.
İstinadlar
redaktə- ↑ Pənahi Semnani, Fətəli şah Qacar, Bakı, 2006, "Şuşa" nəşriyyatı, səh.8–9.
- ↑ Ə. Şəmim, Iran dər dövreyi-səltənəti-Qacar, "Elm" nəşriyyatı, II çapı, 1370 hicri, səh.20–21.(farsca)
- ↑ N. Nəcmi, Abbas mirzə, Bakı, "Yazıçı", 1993, səh.5–6
- ↑ Ə. Şəmim, Iran dər dövreyi-səltənəti-Qacar, "Elm" nəşriyyatı, II çapı, 1370 hicri, səh.21.(farsca)