Qazi Burhaneddin Beyliyi - Wikipedia
Qazi Bürhanəddin bəyliyi — Azərbaycan şairi, dövlət xadimi Qazi Bürhanəddin tərəfindən 1381-ci ildə qurulan tarixi dövlət.
Tarixi
redaktəGörkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər.
Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Sultan Ərətna bəy Uyğurun sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi. Qazi Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olub. 1356-cı ildə o, atası ilə Dəməşqə gedir, lakin bir müddətdən sonra yenidən onlar Qeysəriyə qayıdırlar və Əhmədin atası sarayda qazı kimi işləməyə başlayır.
Bütün kübar ailələrindən çıxan uşaqlar kimi Qazi Bürhanəddin də vətənində öz dövrünə görə yaxşı ilkin təhsil alır, 1358-ci ildə isə təhsilini davam etdirmək üçün Misirə yola düşür. Burada ilahiyyatı (fiqh, hədis və tibb), tibbi, nücumu, fəlsəfəni və digər elmləri öyrənir. Daha sonra özünün ilahiyyat, təbiət və riyaziyyat sahələrində biliklərini artırmaq məqsədilə Dəməşqə, bütün Şərqdə məşhur olan alim Qütb əd-Din Razinin yanına gedir. Şair on doqquz yaşında ikən Məkkəyə gedir, atası öləndən sonra isə Hələbə köçür.
1365-ci ildə Qeysəriyə dönərək, Ərətna hökmdarı Məhəmmədin qızı ilə evlənir. Bu hadisədən bir müddət sonra onu atasının yerinə qazi təyin edirlər. Bu vəzifədə on ildən də artıq işləyən Qazi Bürhanəddin öz yüksək savadı, mədəniyyəti və ədalətliliyi ilə bütün xalqın hörmətini qazanır.
Ərətna hökmdarı Məhəmməd bəy öldükdən sonra onun taxtına oğlu Əli oturur. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin görür və 1378-ci ildə vəzir təyin olunur. İki ildən sonra Əli də ölür və Bürhanəddin onun körpə uşağının atabəyi olur. Beləliklə, dövlətə bütün rəhbərlik onun əlinə keçir. 1381-ci ildə Qazi Bürhanəddin öz adını daşıyan yeni bir dövlət yaradır və Sultan elan edilir. Bundan sonra onun bütün həyatı daxili və xarici düşmənələrə qarşı fasiləsiz yürüş və döyüşlərdə keçir. Öz aralarında daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək üçün o, əlindən gələni edir. Bürhanəddin xarici siyasət sahəsində qeyri-adi uzaqgörənlik və müdriklik göstərir. Osmanlı sultanı I Bayəzid, Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə o, I Bayəzidlə, yaxud Teymurla açıq mübarizəyə girir, zərurət yarandıqda keçmiş rəqibləri Toxtamış xan, yaxud da məmlük sultanı Barqutla ittifaq bağlayır.
Bürhanəddin ölkəni Teymurun işğalından xilas edir və qonşu əmirlərlə uğurlu müharibələr aparır. Onun səyləri boşa getmir. Ölkə möhkəmlənir və çiçəklənir. Bürhanəddin ticarət, maarif və elmin inkişafına yardım edir, mədrəsələr, karvansaralar açdırır, körpülər saldırır.
Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarlarından Qara Yoluq Osman bəylə döyüşdə həlak olur və Sivas şəhərində dəfn edilir. Bundan sonra ölkədə hakimiyyət onun yeganə oğlu Elməddin Əli Çələbiyə keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir və Qazi Bürhanəddinin belə çətinliklə yaratdığı dövlət I Bayəzid tərəfindən dağıdılır. Ölkənin torpaqları Osmanlı dövlətinin tərkibinə keçir.
Qazı Bürhanəddin, Səlcuqların məğlubiyyətindən sonra Sivas və ətrafında qurulan Ərətna bəyliyində 1335–1381-ci illərdə sıra ilə qazılıq, vəzirlik və padişahlıq vəkilliyi kimi vəzifələrdə işləmiş və bir müddət sonra bəyliyin zəifləməsindən istifadə edərək öz adını daşıyan Qazı Bürhanəddin Əhməd bəyliyi dövlətini qurmuşdur. 1381-ci ildə qurduğu bu dövlət 17 il yaşamış və 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yuluq Osman Bəy tərəfindən Qazi Bürhanəddinin öldürülməsiylə birlikdə sona yetmişdir.
Qazi Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı tarixində də silinməz iz qoymuşdur. Belə ki,1392-ci ildə Qazi Bürhanəddin,Osmanlı İmperiyası ordusunu Çorum yaxınlığında Qırxdilim adlı yerdə yendi və bu savaşda İldırım Bəyazidin varisi — oğlu Ərtoğrul öldürüldü.
Qazı Bürhanəddinindən sonra bəyliyin başına Əlaəddin Əli bəy keçdi.