Qalxanabenzer Vezi - Wikipedia
Qalxanabənzər vəzi - (lat. glandula tyreoidea) tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı - lat. ithmus və iki yan sağ və sol payları - lat. lobi dexter et sinister vardır. Boğaz yan paylardan ensiz və kiçikdir, ön səthi çıxıq, arxa səthi basıqdır, özüdə nəfəs borusunun 1,3 və 4-cü halqalarına söykənmişdir. Yan paylar ellipsoid şəklində olub, bayır səthləri çıxıq, içəri səthləri basıqdır. Bəzən üçüncü piramidayabənzər pay - lat. lobus pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.
Qalxanabənzər vəzi | |
---|---|
| |
| |
Latınca | glandula thyroidea |
Qrey | subyekt 272 1269 |
Sistem | Endokrin sistemi |
Üzv | Daxili sekresiya |
Arteriya | |
Vena | |
Sinir | azan sinirlərinin şaxələri:(lat. nn. laryngei superiores et reccurentes) |
Limfa | boyunun dərin limfa düyünlərinə, körpücüküstü düyünlərə və nəfəs borusu önü düyünlərinə yığışır. |
Embrional | Bağırsağın baş hissəsindən, çənə qövsü ilə dilaltı qövsün altında udlaq epitelindən inkişaf etmişdir. |
MeSH | Thyroid+Gland |
Dorlands/Elsevier | Thyroid gland |
Vikianbarda əlaqəli mediafayllar |
Anatomik quruluşu
redaktəQalxanabənzər vəzi xaricdən sərt birləşdirici toxumadan təşkil olunmuş xarici kapsul - lat. capsula externa ilə əhatə olunmuşdur; bu kapsul boyunun xüsusi fassiyasından başqa bir şey deyildir və qonşu üzvlərlə (boyunun damar və sinir dəstəsi yatağı ilə) rabitədədir. Qalxanabənzər vəzi xarici kapsuldan başqa xüsusi lifli (daxili) kapsul - lat. capsula fibrosa (interna) ilə örtülüdür; bu kapsul vəzini əhatə edərək onun daxilinə arakəsmələr buraxır; ona görə onu soymaq mümkün deyildir. Lifli kapsul xarici kapsuldan kiçik yarığabənzər sahə vasitəsilə ayrılmışdır. Xarici kapsul Qalxanabənzər vəzi ilə zəif rabitədə olduğundan asan soyulur.
Qalxanabənzər vəzi birləşdirici toxumadan təşkil olunmuş stromadan - lat. stroma glandulae thyreoideae və follikullardan - lat. folliculi glandulae thyreoideae əmələ gəlmiş parenximdən ibarətdir. Follikullar kürəvi, qovuq şəklində olub, daxildən birqatlı kubabənzər epitel ilə örtülüdür. Bir neçə follikul bir yerə toplaşaraq paycıqlar - lat. lobuli glandulae thyreoideae əmələ gətirir; bunlar bir-birilə lifli kapsuldan gələn arakəsmələr vasitəsilə birləşir. Follikulların daxilindəki boşluqda sarımtıl, şüşəyəbənzər yodlu zülali kolloid maddə - yodtireoqlobulin vardır. Qalxanabənzər vəzi hormonunun harada ifraz olunması hələ də müəyyən deyildir, bəziləri onun yodtireoqlobulində olduğunu və bəziləri epitel hüceyrələr tərəfindən ifraz olunmasını göstərir.
Topoqrafiyası
redaktəQalxanabənzər vəzi lat. regio thyreoidea ilə qırtlaq nahiyyəsini tutmuşdur; boğazı və piramidayabənzər payı səthdə, yan payları dərində yerləşmişdir. Yan payların aşağı ucları nəfəs borusunun 5-ci və 6-cı halqasınadək (döş sümüyünün vidaci oymasından 2 sm yuxarı) və yuxarı ucları qalxanabənzər qığırdağın ortasınadək çatır. Ön tərəfdən - lat. m. sternothyreoideus, m. sternohyoideus, m. omohyoideus və döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə örtülmüşdür; qalxanabənzər vəyinin ancaq boğazı əzələlərdən azad olaraq təkcə boyunun xüsusi fassiyası ilə örtülüdür; yan payların arxası bayır tərəfdə boynun damar-sinir dəstəsinə və içəri tərəfdə qida borusu ilə udlağa söykənmişdir.
Bağları
redaktəlat. Glandula thyreoidea bir neçə bağ vasitəsilə qırtlaq və nəfəs borusuna möhkəm təsbit olunmuşdur; bunlardan biri - lat. lig. glandulae thyreoideae medium qalxanabənzər vəzi boğazını üzüyəbənzər və qalxanabənzər qığırdaqların ön səthinə bağlayır və ikisi - lat. ligg. glandulae thyreoideae lateralia kapsulunyan payları örtən hissəsindən başlayıb, vəzi və nəfəs borusu arası ilə yuxarı qalxaraq üzüyəbənzər qığırdaqla nəfəs borusunun birinci halqasına bağlanır. Qalxanabənzər vəzi qırtlağa və nəfəs borusuna təsbit olunduğu üçün onların hər bir hərəkətini təsqib edir və öz həcmini dəyişdikdə nəfəs borusunun vəziyyətinə təsir edir.
İnkişaf və anomaliyaları
redaktəİnkişafı
redaktəQalxanabənzər vəzi ın bağırsağın baş hissəsindən, çənə qövsü ilə dilaltı qövsün altında udlaq epitelindən inkişaf etmişdir. İlk dəfə bunun mayası xüsusi axacaq - lat. ductus thyreoglossus vasitəsilə udlaq epiteli ilə rabitədə olur. Vəzi inkişaf etdikcə kaudal tərəfə enir və nəhayət daimi yerinə çatır; bu prosesə qalxanabənzər vəzin enməsi - lat. descensus gandulae thyreoideae deyilir. Qalxanabənzər vəzin mayası aşağı endikcə onun axacağı uzanır, sonra yavaş-yavaş atrofiya başlanır və böyüklərdə tamamilə itir. Ancaq ağız boşluğuna açılan yeri kor dəlik - lat. foramen cecum linguae adı ilə qalır.
Anomaliyaları
redaktəQalxanabənzər vəzin bir neçə növ anomaliyalarına təsadüf edilir. Bəzən onun boğazı heç olmur, bəzən isə artıq inkişaf edərək yuxarıda üzüyəbənzər qığırdağa və aşağıda nəfəs borusunun 6-cı halqasına çatır. Bəzən qalxanabənzər vəzinin iki piramidayabənzər çıxıntısı olur, bundan başqa burada xüsusi bir əzələyə - lat. m. levator glandulae thyreoideae təsadüf olunur. Bu əzələ dilaltı sümüyündən və ya qalxanabənzər qığırdaqdan başlayaraq vəzinin doğazında tamam olur. Bəzən lat. ductus thyreoglossus tamamilə qalır və ətrafında anomaliya olaraq əlavə qalxanabənzər vəzilərə - lat. glandulae thyreoideae accaessoriae təsadüf olunur. bunlar vəziyyətcə bir neçə qrupa bölünür:
- lat. glandulae thyreoideae accaessoriae superiores - dilin kor dəliyində ya dil əzələləri arasında, ya dilaltı sümüyün üstündə (dl. thyreoideae suprahyoideae), ya da dilaltı sümüyün ınündə (gl. Thyreoideae prehyoideae) və ya dilaltı sümüyün altında (gl. thyreoideae infrahyoideae) yerləşir;
- lat. glandulae thyreoideae accaessoriae posteriores - çox az təsadüf olunur və yan paylardan ayrılaraq, arxada nəfəs borusu arasında yerləşir;
- lat. glandulae thyreoideae accaessoriae ifrahyoideae - döş qəfəsində, döş sümüyü dəstəsinin arxasında təsadüf olunur. Bəzən qalxanabənzər vəzi tamamilə inkişaf etmir, bu halda onu əlavə qalxanabənzər vəzilər əvəz edir.
Yaş xüsusiyyətləri
redaktəUşaqlarda qalxanabənzər vəzi yuxarıda olur, belə ki boğazı üzüyəbənzər qığırdağa kimi qalxır və onunla lifli birləşdirici toxuma vasitəsilə möhkəm birləşir. Qalxanabənzər vəzin çəkisi döldə və ilk uşaqlıq dövründə nisbətən artıq olur; həddi-büluğ dövründə xeyli artır, qocalıq dövründə kiçilməyə başlayır və vəzi elementləri birləşdirici toxuma elementləri ilə əvəz olunur.
Vaskulyarizasiya və innervasiyası
redaktəArteriyalar
redaktəQalxanabənzər vəzi iki cüt arteriya - lat. aa. thyreoideae superior et inferior ilə qidalanır, bunlar bir-birinə çoxlu anastomoz verir. Bəzən (10%) aorta qövsündən ya bazu-baş və ya qalxanabənzər - boyun kötüyündən tək arteriya - lat. art. thyreoideae ima çıxaraq, nəfəs borusunun ön səthi ilə yuxarı gedir, vəziyə daxil olaraq onu qudalandırır.
Venalar
redaktəVəzin venaları həcmli və miqdarca çoxdur, bunlar lat. vv. thyreoideae superiores, mediae et inferiores vəzinin ətrafında venoz kələflər əmələ gətirir. lat. Vv. thyreoideae superiores et mediae üz venalarına, bəzən isə daxili vidaci venaya açılır. lat. Vv. thyreoideae inferiores iki və ya dörd ədəd olub, lat. spatium pretracheale ilə aşağı gedir, daxili vidaci venanın aşağı ucuna və ya bazu-baş venalarına açılır. Bunlardan başqa qalxanabənzər vəzin boğazından tək vena - lat. v. thyreoideae ima (bəzən kələf - lat. plexus venosus thyreoidus impar) başlayaraq aşağı enir və sol bazu-baş venasına açılır.
Limfa damarları
redaktəLimfa damarlarının miqdarı çoxdur; bunlar qalxanabənzər vəyi follikulları ilə rabitədə olub, hormon ifrazı prosesində yəqin ki, iştirak edir. Bu üzvlərdən yığılan limfa boyunun dərin limfa düyünlərinə, körpücüküstü düyünlərə və nəfəs borusu önü düyünlərinə yığışır.
Sinirlər
redaktəQalxanabənzər vəzi azan sinirlərinin şaxələrilə (lat. nn. laryngei superiores et reccurentes) və boyun simpatik qanqlionlarından gələn simpatik sinirlər ilə innervasiya olunur, bunların tərkibində vazomotor və sekretor sinir lifləri vardır.
Vəzifəsi
redaktəQalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir. Cavan məməli heyvanların qalxanabənzər vəzilərini çıxatdıqda, bədənin böyüməsi tamamilə pozulur, uzun sümüklər qısa halda qalır, heyvan eybəcərləşir, beyin inkişaf etmir və cinsiyyət vəziləri atrofiya olunur. belə bir hala lat. cachexia thyreopriva deyilir.
Qalxanabənzər vəzinin viladi yoxluğunda - lat. athyreosis congenita və ya bəzi patoloji proseslərdə yuxarıda göstərilən hallara oxşar əlamətlər meydana cıxır; uşaq boyatmadan qalır (cırtdanboy olur), psixi inkişafı zəifləyir, dəri xəmir kimi şişir, sümüklərin sümükləşməsi gecikir, cinsiyyət üzvləri atrofiya olur. Qalxanabənzər vəzi tamamilə çıxarılarsa və ya patoloji prosesin nəticəsi olaraq hormon azalarsa (hypofunctio) böyüklərdə miksedema və kritinizm deyilən xəstəlik meydana çıxır. Bəzən əksinə olaraq vəyin hormonu artır (hyperfunctio), məsələn, Bazedov xəstəliyində - (morbus Basedowi); bu halda maddələr mübadiləsi artır, nəbz sürətlənir, sinir sistemi çox həssas olur, gözlər pırtlayır (exophtalmus) və s.
Qalxanabənzər vəzin xərçəngi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. 3:1 nisbətində. Statistika göstərir ki, İsraildə hər il 500 nəfər, Amerikada isə 20.000 nəfər bu xəstəliyə düçar olur. Bu xəstəlik hər yaşda meydana çıxa bilər, ən çox isə 30 yaşdan sonra olub, vaxtında effektiv müalicə edildikdə proqnozu yaxşıdır. Xəstələrin 90 %-də qalxanabənzər vəzin xoşxassəli törəmələrinə rast gəlinir. Lakin bir qayda olaraq, vəzin xərçəngi xoşxassəli törəmələrin fonunda yaranır. Bununla endemik zonalarda qalxanabənzər vəz xərçənginin sayının sürətlə artmasını izah etmək olar.
Qalxanabənzər vəz xərçənginin əlamətləri:
- Səsin xırıltılı olması
- Boyunda ağrılar
- Boyun limfa vəzilərinin böyüməsi
- Udqunmada və nəfəsalmada çətinlik
- Dərialtı damarların genəlməsi və dəridə "ulduzcuq"ların əmələ gəlməsi
Başlanğıc mərhələlərdə klinik simptomatika demək olar ki, nəzərə çarpmır. Nəzərə almaq lazımdır ki, əksər bədxassəli şişlər uzunmüddətli xoşxassəli xarakterli zobdan sonra yaranır. Ən ilk və obyektiv simptomlardan biri artıq mövcud olan zobun qalınlaşması və qabarıqlaşması nəzərə çarpır. Çox hallarda xəstəyə baxış zamanı qalxanabənzər vəzidə simptomsuz keçən və sürətlə inkişaf edən düyün tapılır. Sağlam vəzidə şiş mənşəli düyün adətən bir payda rast gəlinir, ən çox onun aşağı hissələrində. Nadir hallarda isə düyün boyunda əmələ gəlib, hər iki paya yayılır. Şiş başlanğıcda dairəvi, hamar və vəzin özünün toxumasına nisbətən, daha qalın konsistensiyaya malik olur. Böyüdükcə o, qabarıq olub, sərhədlərinin kəskinliyi itir, hər iki ya bir payı əhatə etmiş olur. Bütün bunlardan sonra yuxarıda göstərilən əlamətlər özünü göstərməyə başlayır.
Histoloji təsnifata görə, qalxanabənzər vəzin xərçəngi aşağıdakılara bölünür:
- Qalxanabənzər vəzin papillyar ya da qarışıq-follikulyar ya da yüksəkdifferensasiyalı xərçəngi. Bu növ 78 % hallarda rast gəlinir.
- Qalxanabənzər vəzin follikulyar xərçəngi, 17%-ni təşkil edib, yaşlı insanlarda daha çox rast gəlinir. Follikulyar xərçəng papilyar xərçəngə nisbətən daha aqressiv sayılır. O, qan damarlarına və daha uzaq məsafələrə yayıla bilir, əsasən də ağciyər və sümüklərə.
- Vəzin medullyar xərçəngi, bütün növlərin 4%-ni təşkil edir. Bu növ erkən mərhələlərdə boyun limfa düyünlərinə, qaraciyər və beynə metastaz verir.
- Qalxanabənzər vəzin anaplastik xərçəngi. Anaplastik xərçəng ən aqressiv növ olub, cəmi 1% hallarda rast gəlinir. Ən çox kişilərdə və 65 yaşından sonra rast gəlinir.
Diaqnostika və Müalicəsi
redaktəBu xəstəliyin diaqnostikasında müxtəlif metodlar tətbiq olunur, qan analizi (əsasən, vəzin funksiyası ilə bağlı), USM, PET, MRT, biopsiya, larinqoskopiya, angioqrafiya və s. Bu diaqnostik metodlar şişin mərhələsindən, yaxın orqan və toxumalara metastaz verməsindən asılı olaraq dəyişir. Müalicə taktikasını xərçəngin histoloji növü, aqressivlik dərəcəsi, yayılması, yaş və s. müəyyən edir. Hər bir halda müalicəyə individual yanaşılmalıdır. Diaqnoz dəqiqləşdirildikdən sonra ən müvafiq müalicə seçilir. Ən yayılmış müalicə növü qalxanabənzər vəzin bir payının və ya bütövlükdə cərrahi əməliyyat vasitəsilə götürülməsidir. Bundan başqa, radioaktiv yodla da müalicə aparılır ki, bu da şişin dağılmasına səbəb olur. Aparılan müalicələrdən sonra pasient endokrinoloqun nəzarəti altında dispanserdə nəzarətdə olmalıdır. Xəstələrə əvəzedici hormonal terapiya təyin olunur, buna görə də qanda qalxanabənzər vəzin hormonları daimi olaraq yoxlanılmalıdır. Proqnoz prosesin mərhələsindən asılı olaraq təyin edilən müalicə növündən və şişin histoloji formasından asılıdır. Qalxanabənzər vəz xərçəngindən ölüm nadir hallarda olur. Zəif dərəcəli bədxassəli şişlərdə isə sağalma xəstələrin demək olar ki, 70-80% hallarında baş verir.
İstinadlar
redaktə- ↑ "Med Ekspert". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-04.
Mənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982
- Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]