Qizil Mebed Hindistan - Wikipedia
Qızıl Məbəd — Hindistanın şimalındakı Pəncab ştatının Amritsar şəhərində yerləşir.
Tarixi
redaktəO, məbəd kompleksindən ibarətdir. Adını günbəzi və divarları örtən qızıl suyuna çəkilmiş mis lövhələrdən almışdır. Qızıl Məbəd siqhlərin əsas ibadətgahıdır. Onun digər adları Darbar Sahib (Allahın evi) və Harmandir Sahib (Allahın məbədi) - dir. Məbəd siqh qurdvaralarından (quru qapıları, onların fəaliyyəti ilə bağlı olan məbədlər) ən əsasıdır. O, süni gölün mərkəzində yerləşir. Həmin gölün siqhlər üçün dini mahiyyəti çox böyükdür. Rəvayətə əsasən onun suyu insana sağlamlıq və uzun ömür bəxş edir. Bu göl, şəhər və məbədi XVI əsrin sonlarında siqhərin dördüncü qurusu Ram Das Ci inşa etmişdir. Şəhər ilk zamanlar onun adı ilə Ramdaspur adlanmış, daha sonra isə müasir adına qovuşmuşdur. Amritsar Amrit Sarovar, amrita (abi-həyat) anbarı mənasını verir. Bu ərazinin sikxlərin əlinə keçməsi haqqında bir neçə versiya vardır. Əsas versiya kimi Böyük Moğol imperatoru Əkbərin oranı Quru Amar Dasın qızına toy hədiyyəsi kimi bəxş etdiyi bildirilir. Tarixçilərin söylədiyinə görə, qeyri-müsəlmanlara qarşı xeyli tolerantlıq nümunələri göstərən imperator siqhlərə ibadətləri yerinə yetirmələri üçün torpaq vermiş və bu yolla inamlarını qazanmağa çalışmışdır.
İnşası
redaktəQızıl məbədin tikintisinə 1573 və ya 1577-ci illərdə başlamışdır. Siqh rəvayətinə əsasən ilk daşı Lahor şəhərindən olan məşhur müsəlman sufisi, Pir Miyan Mir adı ilə tanınmış Məhəmməd Müəyyinul İslam qoymuşdur. İnşaatda fəhlələrlə birlikdə, xeyli siqh könüllüləri də iştirak etmişdir. Tikinti zamanı siqhlərdən ianə kimi külli miqdarda vəsait toplanmışdır. Quru Arcen Dev zamanında məbədin inşası başa çatmışdır. Ənənəvi hind memarlığında məbədlər yüksəkdə tikilirdi. Bu məbəd isə əksinə olaraq, ətrafdan alçaqda inşa olunmuşdur. Beləliklə, memarlar onu nəzərə çatdırmaq istəmişlər ki, ziyarətçilər məbədə hörmət olaraq, mövqelərindən aşağıya doğru enirlər. Məbəd tikilən kimi, dərhal siqhlərin əsas məbədinə çevrilmişdir. Yaxında yaşayanlar onu hər gün, uzaqdakılar isə Divali və Baysaxi bayramları zamanı ziyarət etmişdirlər.
Quru Arcen Dev siqhlərin müqəddəs yazılarının toplanmasına başlamış, ora ilk quruların əsərləri ilə yanaşı, hind və müsəlman sufilərinin kitablarını da daxil etmişdir. Kitaba Adi Qrant adı verilmişdir. Yazıların toplanması zamanı, Allahın vahidliyi və insanların qardaşlığı prinsiplərinə üstünlük verilmişdir. İmperator Əkbər bu xəbəri eşidərək qurunu ziyarət etmiş, kitablarla tanış olduqdan sonra isə heyranlığını bildirərək, Pəncab vilayətindən toplanan vergilərin bir hissəsini ona bağışlamışdır.
Siqhizm-İslam əlaqələri
redaktəBurada bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, siqhizmin inkişafına müsəlman dünyasının təsiri son dərəcə geniş olmuşdur. Məsələn məşhur sufilər Baba Fərid, Kəbir, Miyan Mir eyni dərəcədə siqhlər arasında da müqəddəs insan sayılır və sevilir. Mürəkkəb dini keçmişi ilə tanınan Hindistan müasir dövrdə də müxtəlif sintezlərin və qarşılıqlı münasibətlərin yarandığı yer kimi tanınmışdır. Siqhlərə gəldikdə isə qeyd etməliyik ki, bu din mövcudluğuna görə müsəlmanlara borcludur. Tarixə qayıtsaq siqhlərin müsəlmanların yaşadıqları əraziləri ələ keçirdiyi dövrdə, onlar arasında münasibət heç də düşməncəsinə olmamışdır. Məsələn siqh padşahı Rancit Sinqxin baş naziri Fəqir Əzizuddin adında müsəlman olmuşdur. Onun qurduğu dövlətin əhalisinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edirdi. Hindlərlə siqhlərin münasibətləri bundan daha kəskin inkişaf etmişdir. Siqhlərin Xalistan adlı dövlət yaratmaq istəkləri onlarla Hindistan dövləti arasında qanlı hadisələrə səbəb olmuşdur. Ən son faciə 1984-cü ildə ordunun Qızıl Məbədə hücumu, minlərlə siqhin həyatına son qoymuşdur. Bu vuruşma nəticəsində məbədə xeyli ziyan dəymişdir. Siqhlər intiqam almaq üçün dörd aydan sonra baş nazir İndira Qandini öldürmüşdürlər.
Məbəd tarixi ərzində bir neçə dəfə dağıdılmış, nəhayət, XVIII əsrdə bərpa edilərək müasir formasını almışdır.
Quruluşu
redaktəQızıl Məbəd siqhizm dini kimi, öz memarlıq ənənələrinə görə İslam və Hind mədəniyyətlərinin sintezini təşkil edir. Bu cəhətdən unikal olan tikili dünyada məşhur olan abidələrdəndir. O, kompleks olaraq müxtəlif dövrlərdə inşa edilmişdir. Tikililər vahid ansambl şəklində harmonik olaraq bir-biri ilə uyuşur. Hər bir abidə siqhlər üçün müqəddəsdir və onların tarixinin, dininin parçası halına gəlmişdir.
Məbədin dörd qapısı vardır. Onlar coğrafi cəhətlərə uyğun inşa edilmişdirlər. Məbəd aşağıdakı tikililərdən ibarətdir:
Akal Taxt - Bura məbədin ən əsas hissəsi və siqhlər üçün müqəddəs məkandır. Adi Qrantın nüsxələrinin qorunduğu yerdir. Dini qanunların yeni mətni burada elan olunur. Onun yuxarı mərtəbəsindəki güzgülü otağın adı Şiş Mahaldır və məbədin adında əks olunan qızılı lövhələr onun üzərində yerləşmişdir. Siqh rəvayətlərinə əsasən bütün qurular uzun müddət orada yaşamışlar.
Üç ağac məbədi – bu ağaclar məbədin inşasından əvvəl də burada olmuş və rəvayətlərdə onların şəfaverici qüvvəsi haqqında məlumatlar verilmişdır.
Baba Atal – doqquz mərtəbəli qüllə. Quru Qobindin doqquz yaşında ölən oğlu Atal Raiyə həsr olunmuşdur. Bu, Amritsar şəhərinin ən uca tikilisidir.
Lanqar (mətbəx) – məbəddə mövcud olan qaydalardan biri də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bütün ziyarətçilər daimi pulsuz yeməklə təmin edilməsidir. Üç mərtəbəli tikilidir.
Qurdvara Tara Sahib – doqquzuncu quru Teq Bahadura həsr olunmuş kiçik məbəddir.
Manci Sahib – kütləvi dini mərasimlər və moizələr üçün istifadə edilən böyük zaldır. Məbədin şərq girişindən bayırda yerləşir.
Darşani Deorhi – Akal Taxta gedən yolun üzərində tikilmiş qapıdır. Buradan pillələrlə gölə enmək və onun suyundan içmək olar.
Akal Taxta gedən yol – uzunluğu 202, eni yeddi metrdir. Mərmərdən inşa edilmişdir. Üzərində qızıl fənərləri olan on sütun vardır.
Baba Dip Sinqx Ci məbədi – müharibədə həlak olmuş sikx müqəddəsinin məbədidir.
Minarələr – məbədin İslam memarlıq ənənələrinə ən çox bağlı olan tikililərindəndir. Lakin bu minarələr gözətçi qülləsi vəzifəsini icra etmək üçün inşa edilmişdir.
Şri Quru Ram Das istirahət evi – məbədə gələn ziyarətçilərin burada üç gündən artıq olmayaraq pulsuz qalmaq imkanı vardır. Bu mehmanxananın 228 otağı və 18 böyük zalı vardır. Ondan başqa məbədin ərazisində Quru Nanak, Quru Harqobind və Akal istirahət evləri mövcuddur.
Mərkəzi siqh muzeyi – siqhlərin tarixi, dini və ədəbi irsinin qorunduğu mərkəzi tikilidir.
Siqhlərin dini işlərini idarə edən mərkəzi komitə məbədə bitişik böyük zalda məskunlaşmışdır.
Siqhlərin əsas dini mətni olan Adi Qrantın nüsxələri Akal Taxt, Baba Dip Sinqx, Üç Ağac və Tara Sahib məbədlərində saxlanır.
Qızıl Məbəd hər gün ziyarətçilərin üzünə açıqdır. Onlara qoyulan əsas tələb başlarını bağlamaqdır. Xatırladaq ki, siqhlərin dini görüşlərinə əsasən kişilər saçlarını uzadır və başlarına həmişə çalma qoyurlar. Hər gün minlərlə insan məbədi ziyarət etməkdədirlər.
Mənbə
redaktə- Vüqar Əliyev, "Qızıl Məbəd", "Cəmiyyət və Din" qəzeti, № 25 (025), 22-28 oktyabr 2009.