Qirgiz Turkleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarixi Böyük Türküstanın yerli xalqlarından biri də Qırğız Türkləridir. Çin sərhəddində yerləşən Türk ölkəsi Qırğızıstan Qırğız Türklərinin yaşadığı tarixi Türküstanın bir parçasıdır. Qədim Çin və İslam müəllifləri Qırğızları "qumral saçlı, mavi gözlü və uzun boylu" kimi təsvir etmişlər. VIII əsrə aid bir Tibet mənbəsinə görə də "Uyğurlara bəzən dost, bəzən düşmən olan Qırğızlar mavi gözlü və qızıl saçlıdırlar"[1]. Tarixi mənbələrə əsaslanaraq tədqiqatçılar həm də belə bir fikir irəli sürürlər ki: "Şimalda yaşayan Qırğız, Peçenek, Qıpçak və Bulqarlar ağ, cənubdakılar isə iqlim şəraitinə görə əsmər rəngdə olmuşlar"[2]. Çin mənbəsi olan "Tan-su"ya görə "Qırğızlar hər fəsli üç ay hesab etmiş və onları on iki heyvan adı ilə adlandırıb təqvim kimi istifadə etmiş, ilkin başlanğıcına da "Mo-chenq ay" yəni "Buz ay" demişlər"[3]. Qədim Qırğızlar ilin müəyyən günlərində toplanar, şənlik edər, musiqiçilər musiqi səsləndirər, mahnı oxuyar, rəqs edər, içki içər, Şamanlarını dinləyərdilər. Şamanları onlara il boyu nələrin baş verəcəyi haqqında məlumatlar verər, onlar da Şamanlarının dediyinə inanardılar. Şamanların tövsiyəsi olmadan ordunu toplamaz və savaşa getməzdilər. Onlar Şamanların verdiyi məlumatların Tanrıdan gəldiyinə inanardılar. Qırğız Şaman inancı da digər Türklərdəki kimi olmuşdur. Onlar da xəstə olduqda, uşaq dünyaya gətirdikdə və s. Şaman çağırardılar. Qədim qırğızlar islamdan öncə ölülərini hindlilər kimi yandırardılar. İslamı qəbul etdikdən sonra isə onu dəfn etməyə başladılar. Böyük Hun İmperatorluğu dağıldıqdan sonra meydana çıxan Ağ Hun dövlətini Göy Türklər, Göy Türk dövlətini Uyğurlar, Uyğur dövlətini isə Qırğızlar əvəz etdi. Qədim Çin mənbələrində adı keçən Türk boyları, o cümlədən də Qırğızlar köçəri Türk tayfaları sayılsalar da bəzi Çin qaynaqlarında göstərilir ki: "Hər Türk qəbiləsinin özlərinəməxsus bir ərazisi var"[4]. Hun İmperatorluğu yıxıldıqdan sonra Qırğızlar bir müddət "Xakas" adlandırılsalar da sonradan yenə də tarix səhnəsində Qırğızlar kimi tanınmışlar. Qədim Göy Türk yazılarında Qırğızlar ən qədim Türk qövmlərindən biri kimi göstərilmişdir. Tarixdə ilk Qırğız dövləti eradan əvvəl ikinci yüzildə indiki Qırğızıstan ərazisində qurulmuşdur. İlk əvvəl Böyük Hun İmreratorluğunun tərkibində yaşayan Qırğızlar İmperatorluğun çöküşündən sonra öz dövlətlərini qurmuşlar. V əsrdə meydana çıxan Göy Türk dövləti ərazilərini genişləndirərək Qırğızları da özlərinə tabe etmiş, bu dövlət yıxılana qədər Göy Türklərin hakimiyyəti altında qalmışlar. İki yüz ildən sonra yıxılan Göy Türk İmperatorluğundan sonra Qırğızlar yenidən öz dövlətlərini qurmağa çalışmış və öz müstəqilliklərini qorumaq üçün Uyğurlarla uzun müddət müharibə şəraitində yaşamışlar. Qırğızlar ikinci Göy Türk Xaqanlığı dövründə təkrar 758-ci ildə Uyğur Xaqanlığına bağlanmışlar. Göy Türk xaqanları, xüsusilə ikinci Göy Türk xaqanlığının qurucusu Bilgə Xaqan tabeliyində olan və hətta onlara qarşı üsyan edən Oğuz, Türkeş və Qırğızları Türk kimi göstərir və onları "Öz Türk millətim" deyə adlandırır, "Yanıldıqları üçün yazıq etdiklərini" bildirirdi[5]. Həhayət Qırğızlar 840-cı ildə şiddətli hücuma keçərək Uyğur dövlətini yıxmış, Ötükəndə öz dövlətlərini qurmuşdular. Qırğızlarla Uyğurların — bu iki Türk xalqının bir-biri ilə uzun müddətli çatışmaları qonşu Çinin işinə yaramışdı. Fürsətdən istifadə edən Çinlilər daha geniş əraziləri zəbt edərək Qırğızları öz ölkələrini belə tərk edib köçəri həyat sürməyə məcbur etmişlər. 920-ci ildə Monqolustanı ələ keçirən Kitanlar (Çində Liao sülaləsi) Qırğızları Ötükən bölgəsindən də çıxarmağa müvəffəq olmuşdular. Daha sonra 1207-ci ildə Çingiz Xan Monqolustanı və bütövlükdə Asiyanın böyük bir qismini öz hakimiyyəti altında birləşdirmək məqsədilə Merkit və Haymanlarla yanaşı Qırğızları da öz itaəti altına almışdı. 1218-ci ildə Moğollara qarşı çıxdıqları üçün Çingiz xanın oğlu Cuci tərəfindən məğlub edilən Qırğızların ondan sonra artıq xaqanları olmamış və onlar iki hissəyə ayrılaraq bir qismi də Tolu ulusuna tabe tutulmuşdu. Sonra onlar Tanrı Dağlarının cənub-qərb bölgəsinə köç edərək qısa bir dövrdə Xokand dövlətinin yönətimi altında olmuş, bir müddət sonra isə sayları artdığından Xokand dövlətinin yönətimini ələ keçirmiş və bu dövləti Qırğız dövlətinə çevirmişdilər. XVIII əsrdə Xokand dövlətinin Qırğızların yönətimində güclənməsi Buxara Əmirliyini narahat etmiş və XIX əsrin əvvəllərində iki Türk xanlığı arasında başlanan çəkişmə nəticəsində hər iki xanlıq zəifləmiş, fürsətdən istifadə edən çar Rusiyası bütün bölgəni işğal etmişdi. Çar Rusiyasının Türküstanı işğal etməsi ilə bölgədə yeni bir dövr başlamış, digər Türk xalqları kimi Qırğızlar da çar Rusiyasının müstəmləkəsi altında yaşamağa məcbur olmuşlar. Bu müddətdə Qırğızların bir qismi vətənlərində qalsa da çoxlu miqdarda Qırğız Türkü Çinə qaçmaq məcburiyyətində qalmışlar. Orta Asiyanı Ruslara vermək istəməyən İngilislər də yetərli yardım etmədiyindən Türküstan əyalətlərinin qərb hissəsi Rusların, Şərq hissəsi isə Çinlilərin əlinə keçdi. Beləliklə bütün Orta Asiya Türkləri kimi Qırğızların da müstəqilliyinə son qoyulmuşdu. Çox qəribədir ki, nə I Dünya müharibəsinin sonuna qədər Avstriya və Almaniya arasında bölüşdürülmüş Çexoslavakiyaya Avstriya Çexoslavakiyası və Alman Çexoslavakiyası, nə də II Dünya müharibəsindən sonra Şərqi Almaniyaya Rus Almaniyası deyilmədiyi halda, bir çox xarici müəlliflər Sovet İmperiyası dağılmamışdan öncə tarixi Türküstan ərazisinin Şərq hissəsini Çin Türküstanı, Qərb hissəsini isə Rus Türküstanı (həmçinin Sovet Azərbaycanı və İran Azərbaycanı) kimi qələmə vermişlər ki, bu da siyasi xarakter daşıyan böyük bir tarixi xətadır. Çünki bu bölgənin bütövlükdə tarixi-coğrafi adı məhz Türküstandır ki, iki hissədən — Doğu Türküstandan və Batı Türküstandan ibarətdir. Çar Rusiyasının çökməsindən sonra digər Türküstan Türkləri ilə bərabər Qırğızlar da müstəqillik uğrunda mübarizə aparmış, lakin Qızıl Ordu tərəfindən Türküstan yenidən bolşevik Rusiyasının müstəmləkəsinə çevrilmişdir. Bütün bunlar da azmış kimi Sovet Rusiyası və Kommunist Çin rəhbərləri Türküstan adını tarixdən silmək üçün Qərbi Türküstanı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistana, Şərqi Türküstanı isə Əfqanıstan və Sinkian adı ilə yeddi yerə böldülər və Sovet İttifaqı, Çin və Əfqanıstan çatısı altına aldılar. Sovet Rusiyasının kollektiv — kolxoz təsərrüfatı siyasətinə qarşı çıxan Qırğızlar zaman-zaman üsyan etmiş, lakin kənardan heç bir dəstək almadıqlarından bu üsyanlar qanla yatırılmışdır. Bu da azmış kimi Sovet Rusiyası Qafqazda olduğu kimi bu bölgədə də 1990-cı ildə Oş bölgəsində Qırğız Türkləri ilə Özbək Türkləri arasında etnik çatışma salmış, iki Türk xalqını bir-birinə qırdırmış (Axısqa türkləri ilə Özbəklər kimi), arada düşmənçilik yaratmağa çalışmışlar. Sovet İttifaqı zamanında Ruslar Qırğız Türk kimliyini yox etməyə çalışsalar da Qırğız milli ziyalıları buna imkan verməmiş, bütün Orta Asiya türkləri kimi Qırğızlar da rus müstəmləkəsi şəraitində öz mövcudluqlarını qoruyub saxlaya bilmişlər. Sovet İmperiyasının çökməsi ilə Qırğızlar da başqa Türk xalqları kimi 31 avqust 1991-ci ildə öz Müstəqil Cümhuriyyətlərini elan etmişlər. Sovet İmperiyası kimi Çin İmpreriyası və Əfqanıstan da gec-tez parçalanacaq və Tarixi Böyük Türküstan yenidən bərpa olunacaq. Bugünkü Qırğızıstan Respublikasının ərazisi 198.500 km², əhalisi təqribən 5 milyon 500 min nəfərdir. Tarixdə olduğu kimi bu gün də Qırğızlar Qırğızıstandan başqa Özbəkistanda, Uyğurustanda, Əfqanıstanda, Tacikistanda və dünyanın müxtəlif bölgələrində yaşamaqdadırlar. Hətta Uyğur-Sincuq Muxtar bölgəsində bir Qızılsu Qırğız Muxtar Əyaləti də bulunmaqdadır. Qırğızıstan Respublikası idarəçilik baxımından Bişkək, Cəlilabad, Oş, İssık Göl, və Tanrı Dağları adlı beş bölgəyə, iqtisadi baxımdan isə Fərqanə, Talas, Çu, Kəbin və İssık Göl bölgələrinə ayrılmışdır. Qırğızıstan bir kənd təsərrüfatı ölkəsi olsa da yeraltı və yerüstü sərvətləri ilə zənginldir. Ölkədə iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edir. Ölkənin 50 faizi 1000–3000 metr, 25 faizi 3000–4000 metr yüksəklikdə, qalan 25 faizi isə Fərqanə vadisi olmaqla düzənlikdə yerləşir. Ölkə Tanrı Dağları və Alatay sıra dağları ilə əhatə olunmuşdur. Yüksək dağlardan axıb gələn çaylar iti axınlı olduğundan elektrik enercisi əldə etməyə çox yararlıdır. Qırğızıstanda əldə edilən enercinin böyük bir hissəsi Qazaxıstan, Özbəkistan və Tacikistana nəql edilir. Dünyadakı ikinci böyük krater gölu olan İssık Göl (6202 km²) böyük bir su ehtiyatına malikdir. Əhalinin əsas hissəsi — 42 faizindən çoxu yaşamağa münasib bölgə olan Fərqanə vadisində yerləşib. Ölkənin quzey və güney-batısından civə, kömür, neft, sink, sürmə (antimon), İssık Göl ətrafında isə kükürd çıxarılır. Ölkədə konservləşdirmə xeyli inkişaf edib. Müstəqilliyin ilk illərindən ağır iqtisadi durumda olan Qırğızıstan Respublikası özünü toplayaraq xarici aləmə açılmaqla Orta Asiyanın "İsveçrəsi" olmağı bir milli hədəf kimi qarşısına məqsəd qoymuşdur. Ölkə bütün yönlərdə istədiyi nəticələri əldə etməyə çalışmaqdadır. İlk əvvəl öz vətənlərində çoxluq təşkil etməyən Qırğızlar müstəqillik qazandıqdan sonra ölkə əhalisinin demək olar ki, 80 faizi Qırğızlardan ibarətdir. Ölkədə Qırğızlardan başqa Ruslar, Özbəklər, Almanlar, Tatarlar, Ukraynalılar, Uyğurlar, Qazaxlar, Dunqanlar və Taciklər yaşamaqdadır. Doğu Türküstan ilə sərhəd olan Qırğızıstan kiçik bir ölkə olduğu üçün Çinin təhdidi altındadır. Qırğızıstan gələcəkdə iqtisadi cəhətdən yüksəlsə də bu Çin təhdidinə qarşı yetərli deyil. Ona görə də bütün Türk Cümhuriyyətləri Qırğızıstanla hər cəhətdən yaxın əlaqələr yaratmalı, bir-birinə dayaq olmalıdırlar ki, xarici təhdidlərə birgə cavab verə bilsinlər. Qırğızıstan Moskvayönlü Əskər Akayevdən sonra risqli addımlar atmaqda, Türk dövlətləri ilə əlaqələri daha da genişləndirməkdədir. Azərbaycan Respublikası kimi Qırğızıstan da Türküstanın digər Cümhuriyyətlərindən irəli gələrək öz ölkəsində yalnız Türkiyə tərəfindən tanınan Kipr Türk Respublikasının təmsilçiliyini açıb.