Portuqaliyali Izabella Burqundiya Hersoqinasi - Wikipedia
Portuqaliyalı İzabella (port. Isabel de Portugal) (21 fevral 1397 – 17 dekabr 1471, Dijon) — Burqundiya hersoqu Xeyirxah Filippin üçüncü xanımı, Burqundiya hersoqinası. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır.
Portuqaliyalı İzabella | |
---|---|
7 yanvar 1430 – 15 iyul 1467 | |
Əvvəlki | Artualı Bonna |
Sonrakı | Yorklu Marqarit |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1397 |
Vəfat tarixi | 17 dekabr 1471 (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | I Juan[1] |
Anası | Lankasterli Filipa[1] |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Avis sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDonna İzabella 1397-ci ildə Evorada dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. Latın, fransız, ingilis və italyan dillərini öyrəndi. 1415-ci ildə Fransaya qarşı müttəfiq axtaran İngiltərə kralı V Henri onunla evlənmək istəsə də, anası kraliça Filipanın ani vəfatıyla danışıqlar yarıda qaldı.
Çıxdığı Avropa səyahəti əsnasında 2 il boyunca Burqundiya sarayında yaşayan qardaşı Don Pyotrun səyləriylə 1428-ci ildə Burqundiya hersoqu Xeyirxah Filipplə evlənməsi planlaşdırıldı. Xeyirxah Filipp daha öncə 2 dəfə evlənsə də, hələ də varisi yox idi. O əsnada 30 yaşında olan Donna İzabella, istər ailəsində oğul sayının çoxluğu, istərsə də aristokrat şəcərəsi səbəbilə mükəmməl gəlin namizədi idi. Aparılan danışıqların ardından 29 iyul 1429-cu ildə cütlüyün vəkalətən nigahı bağlandı.
Ancaq cehiz hazırlığı səbəbilə 8 həftə daha Portuqaliyada qalan Donna İzabella 19 oktyabrda 20 gəmi və təxminən 2 min nəfərlik portuqal heyətlə yola düşdü. 25 dekabrda Niderland sahillərinə çatdı və ardından 7 yanvar 1430-cu ildə cütlüyün rəsmi toy mərasimi baş tutdu. Mərasimin ardından əriylə birlikdə hersoqluğun fərqli bölgələrinə səyahət edən Donna İzabella qısa zamanda Burqundiya sarayında özünü sevdirdi. Ancaq ərinin saysız məşuqələri və nigahdan kənar onlarca övladı ilə mübarizə aparmalı oldu. Donna İzabella 30 dekabr 1430-cu ildə ilk övladı Antonini, 24 aprel 1432-ci ildə isə ikinci oğlu Jozefi dünyaya gətirdi. Ancaq hər iki övladı 1432-ci ildə vəfat etdi. Üstəlik həmin il ərinin Dijonun müdafiəsində olmasından istifadə edən Fransa kralı VII Çarlzın hücumu səbəbilə hersoqluğu təkbaşına müdafiə etməli oldu. Ertəsi il 10 noyabr 1433-cü ildə son övladı Karlı dünyaya gətirdi.
Əri üzərindəki nüfuzu nəticəsində dövlət məsələlərində mühüm rol oynadı. Üstəlik bir çox saray əyanının evlliklərini tərtiblədi. Bunlar arasında öz oğlu Karlın Valualı Ketrinlə baş tutan evliliyi də yer alır.
Yüzillik müharibənin başa çatması və bölgədə müvəqqəti sülhün təmin edilməsinin ardından 1457-ci ildə Donna İzabella dövlət məsələlərindən uzaqlaşdı və daha dini həyata yönəldi. Onun bu qərarı almasında ərinin apardığı daxili siyasət və aldığı bəzi qərarların mühüm rolu oldu. Ərinin 1467-ci ildə ölümünün ardından saraya qayıtmayan Donna İzabella 1471-ci ildə vəfat etdi.
Övladları
redaktə- Antoni (d. 30 dekabr 1430 - ö. 5 fevral 1432)
- Jozef (d. 24 aprel 1432 - ö. 6 may 1432)
- Cəsur Karl
Mənbə
redaktə- Taylor, Aline S. (2001), Isabel of Burgundy : the Duchess who Played Politics in the Age of Joan of Arc, 1397-1471, Madison Books, ISBN 1-56833-227-0
- Leite, José Guilherme Reis, "Os Flamengos na Colonização dos Açores", Boletim do Instituto Histórico da Ilha Terceira (in Portuguese), Angra do Heroísmo (Azores), Portugal, pp. 57–74
- Campbell, Lorne; Szafran, Yvonne (March 2004), "The Portrait of Isabella of Portugal, Duchess of Burgundy, in the J. Paul Getty Museum", The Burlington Magazine, vol. 146, pp. 148–157