Orta Asiyanin Monqollar Terefinden Istilasi - Wikipedia
Orta Asiyanın monqollar tərəfindən istilası — 1219-cu ildə başlanmış fütuhat.
Tarixi
redaktəMonqollar Kulun-Bukir gölündən Altay dağlarının qərb hissəsinə qədər olan ərazidə yaşayırdılar. XII əsrdə bu ərazidə kerait, merkit, oyort, noyman, tatar və digər tayfalar məskunlaşmışdı.
XII əsrin sonunda köçəri maldarların tayfa ittifaqları yarandı. Bu ittifaqlardan birinin başçısı Timuçin 1155-ci ildə Onon çayının sağ sahilindəki Dulun-Boldaq adlı yerdə anadan olmuşdu. Onun atası Yesugey kiyat tayfasından idi. Monqol mənbələrində deyilir ki, Timuçin Çingiz xanın atasının uşaq doğulmamışdan əvvəl məğlub etdiyi tayfalardan birinin başçısının adı olmuş və atası həmin adı oğluna qoymuşdur. Monqol rəvayətlərinə görə, uşaq ovcunda qurumuş qan ləkəsi ilə doğulmuşdur. Atası öləndə Timuçinin 12 yaşı var idi. Temuçin, kiçik qardaşları və anası ovla və balıq tutmaqla dolanmalı olmuşlar.
Timuçin digər monqol tayfalarını özünə tabe etdi və 1189-cu ildə əyanlar onu xan elan etdilər. Lakin merkitlərin yeni başçısı Camuka da 1201-ci ildə xan elan olundu. İki rəqib arasında hakimiyyət uğrunda mübarizə başlandı və 1203-cü ildə Camuka həlak oldu. 1202–1205-ci illərdə Timuçinin qoşunu tabe olmaq istəməyən merkit, noyman və digər tayfaların silahlı qüvvələrini darmadağın etdi.
1206-cı ildə Onon çayı sahilində monqol əyanlarının Böyük Qurultayı çağrıldı. Timuçin Böyük xan- Çingiz xan elan olundu. Çingiz monqol dilindəki "Çinq" sözündən olub güclü deməkdir. Çingiz xan oxumaq və yazmaq bilmirdi. Dövlət yaranandan sonra monqollar uyğurların əlifbasını mənimsəmişdilər.
Çingiz xan Cənubi Sibir və Mərkəzi Asiyanın köçəri tayfalarının hərbi-feodal dövlətini yaratdı. Onun oğlu Cuci Sibirin köçəri tayfalarını mərkəzi dövlətə birləşdirdi. Baykal gölünün sahilində yaşayan buryatlar və yakutlar, daha sonra uyğurlar Monqol dövlətinə birləşdirildilər. 1209-cu ildə Çingiz xanın qoşunu Çinin şimalına yürüş etdi. 1211-ci ildə Yeddi suyun şimalı işğal etdildi.
Monqol qoşunu onlardan qaçan merkit və noyman tayfalarını təqib edərək Çinin doxsanadək şəhərini tutdu. 1210–1211-ci illərdə Karluk dövlətinin hakimi Arslan xan Çingiz xanın asılılığını qəbul etdi. 1211-ci ildə Çingiz xanın oğlu Xubilay mərkəzi Beşbalıq olan Turfana və karlukların ərazisinə göndərilmişdi. 1218-ci ildə Çingiz xan Mavərənnəhr ətrafındakı əraziləri dövlətinə birləşdirdi.
Xarəzmlə müharibə
redaktəÇingiz xanın qələbəsindən narahat olan Xarəzmşah Əlaəddin Məhəmməd Bahəddin Razinin başçılığı ilə nümayəndələrini Pekinə göndərdi. Onları hörmətlə qarşılayan Çingiz xan Xarəzmə ticarət karvanı göndərdi. Xarəzmşah da nümayəndələri təntənə ilə qarşılayıb karvan başçısı Mahmud Yalavacı öz tərəfinə çəkdi. Xarəzmşah monqollarla Xarəzm arasında dostluq münasibətlərini möhkəmləndirərək sülh imzalamağa hazır olduğunu bildirdi.
Otrar qalasının komendantı Yanal xanın göstərişi ilə monqol ticarət karvanı qarətə məruz qaldı. Çingiz xan Yanal xanın ona verilməsini tələb etsə də, Əlaəddin Məhəmməd rədd cavabı verdi. Beləliklə,1219-cu ilin yayında monqol qoşunu Xarəzmşahlara qarşı yürüşə başladı. Sentyabrda 160–200 minlik monqol ordusu Xarəzmə daxil oldu. Əməliyyata Çingiz xanın oğlanları Çağatay və Ugedey rəhbərlik edirdilər. Onlar Otrar qalasını ələ keçirməli idi. Cucinin komandanlığı altında ordu Sırdərya sahillərinə, Uluq Noyonun komandanlıq etdiyi ordu isə Sırdəryanın yuxarı axarı boyu hücuma keçməli idi.
Sultan Məhəmməd hərbi Şura çağırdı. O, Bəlxə gəldi. Sərkərdələr ona sui-qəsd hazırlasalar da, sultan gecə oranı tərk etdi və sui-qəsd uğursuzluqla nəticələndi.
1220-ci ilin fevralında monqollar Otrar qalasını tutdular. Cucinin ordusu Sığnaq şəhərinə daxil olub onu qarət etdi. Əhalisinin əksəriyyəti məhv edildi.
Çingiz xan və kiçik oğlu Tulu Buxaraya doğru irəlilədilər. Monqollar Zernux qalasını və Nur şəhərini müqavimətsiz tutdular. Şəhərin idarəsi Sabutaya tapşırıldı. Şəhərin sağ qalan hər bir əhalisindən 1500 dinar tələb edildi. Buxara 12 günlük müdafiəsinə baxmayaraq fevralın 16-da monqollar tərəfindən tutuldu. Xarəzmşah qaçdı. Şəhər Kutluq-Balıq adlandırıldı.
Ölkənin müdafiəçilərinin son dirənişi Ürgənc şəhəri oldu. Əhali bir neçə ay monqollara müqavimət göstərdi. Bu zaman Xarəzmşahın oğlu Cəlaləddin Ürgəncə gəlib özünü şah elan etdi. O, şəhəri müdafiə edə bilməyərək onu tərk etdi. Cəlaləddin dəstəsi ilə Qaraqum səhrasına, sonra Xorasana, Əfqanıstana və Azərbaycana qaçdı.
1220-ci ilin sonunda monqol ordusu Ürgəncə daxil olub onu dağıtdı. Əhali məhv edildi. Monqollar Amudəryanın suyunu şəhərə axıtdılar. Mərkəzi Asiyanın monqollar tərəfindən işğalı başa çatdı.
Martda monqol ordusu 110 minlik qoşun və 20 filin olduğu Səmərqəndə yaxınlaşdı. Səmərqənd dairəsinin baş komandanı Turqay xan idi. Lakin şəhərin müdafiəçoləri arasında birlik yox idi. Səmərqəndin mühasirəsinə Çingiz xan rəhbərlik edirdi. Şəhər əhalisinin yalnız ¼-i sağ qaldı, 30 min nəfər qula çevrildi, bir hissəsi isə 200 min dinar verərək şəhərə buraxıldı.
Sonra Çingiz xanın ordusu Binəkənd və Xoçəndə doğru irəlilədi. Xoçəndin müdafiəsinə Teymur Məlik başçılıq edirdi. Monqollar Sırdəryanın suyunu şəhərə yönəltsələr də, əhali onun qarşısını bağladı. Vəziyyətin çıxılmaz olduğunu hiss edən Teymur Məlik şəhəri tərk etdi və Xarəzmə çəkilərək Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinə qoşuldu.
Sultan ölkənin cənub-qərbinə çəkildi və 18 aprel 1220-ci ildə Nişapura gəldi. O, özü ilə gətirdiyi iki sandıq daş-qaşı Ərdahan qalasına göndərdi. Lakin tezliklə qala monqollar tərəfindən alındı və Xarəzmşahın var-dövləti Çingiz xanın əlinə keçdi. Mayın 12-də sultan Məhəmməd Nişapuru tərk edərək onu 30 minlik ordu ilə gözləyən oğlu Rükəddinin yanına- Qəzvinə qaçdı. O, Bağdad və Həmədandan keçib Xəzər dənizindəki Abaskun adasına qaçdı və sətəlcəm olub 1220-ci ilin dekabrında vəfat etdi.