Ordubad Seher Medresesi - Wikipedia
Ordubad mədrəsəsi — Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasıdır. Ordubad mədrəsəsi Azərbaycan ərazisində erkən memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış azsaylı mədrəsə binalarından biridir.[1]
Ordubad mədrəsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Aidiyyatı | Səfəvilər imperiyası |
Memar | Hacı Saleh |
Sifarişçi | Zəhir əd-Dövlə |
Tikilmə tarixi | 1714 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 413 |
Kateqoriya | Mədrəsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Tarixi
redaktəİslamın yayıldığı ərazilərdə mədrəsə binalarının inşasına Abbasilərin hakimiyyəti dövründən başlanılmış və XII əsrdə geniş yayılmışdır. Mədrəsə kompleksləri adətən məscid binaları ilə birlikdə inşa edilir və mədrəsə məscidi əksər hallarda həm də cümə məscidi rolunu oynayırdı.[2] Bəzi hallarda isə mədrəsələr artıq mövcud olan daha qədim cümə məscidlərinin yanında inşa edilir və kompleks yaradırdı. Bu cür komplekslərə misal kimi Gəncə və Şamaxı şəhərlərindəki cümə məscidləri ətrafında yaradılmış kompleksləri göstərmək mümkündür.[2]
Zəmanəsinin məşhur təhsil ocaqlarından olan bu Ordubad mədrəsəsi də, digər İslam ölkələrində olduğu kimi, şəhərin mərkəzində yerləşən böyük Cümə məscidinin yanında təsis olunmuş və fəaliyyət göstərmişdir. Mənsub olduğu məscidin və özünün vəqfləri hesabına maliyyələşən mədrəsə Cümə məscidindən təхminən 100 metr şimalda yerləşir.[3]
Uzun müddət ipəkçilik idarəsi yerləşdiyindən müəyyən qondarma əlavələrə məruz qalmış mədrəsə binası özünün ilkin görkəmini saхlamışdır. Tədqiqatçıların fikrincə bu mədrəsə binası Şimali Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir.[3]
Mədrəsənin giriş qapısı üzərində yerləşən kitabədən bəlli olur ki, o, Səfəvi hökmdarı Şah Sultan Hüseynin (1694-1722) dövründə inşa etdirilmiş, onun tikintisi dövlət aparatında mühüm vəzifə tutan adamların başçılığı ilə həyata keçirilmişdir.[4] Mədrəsə Ordubad şəhərinin sosial-siyasi həyatında mühüm rola malik olmuşdur. “Naxçıvan sancağının müfəssəl dəftəri”ndən aydın olur ki, 1727 ildə dəftər tərtib olunarkən mədrəsə şəhərdəki 30 dükanın hərəsindən ayda 15 ağca, Təknə hamamı gəlirinin yarısını (9 min ağca), Ordubadda olan iskələnin gəlirindən nəqd olaraq 4800 ağca vəqf olaraq alırmış. Həmin vaxt mədrəsənin gəlirlərindən müdərris üçün 30 ağca, mütəvəllilik üçün 12 ağca, qapıçı üçün 6 ağca maaş verilirmiş. Həmçinin, dəftərdə mədrəsənin gəlirindən hər tələbə üçün 5 ağca verilməsi də qeyd olunmuşdur. Orta əsrlər zamanı Ordubad şəhərindən çıxmış və “Ordubadi” nisbəsi ilə tanınmış bir sıra görkəmli şəxsiyyətlər bu mədrəsədə təhsil al¬mışlar. Mədrəsə Naxçıvanda Sovet hakimiyyəti qurulanadək fəaliyyat göstərmişdir.[4]
Kitabəsi
redaktəMədrəsənin giriş qapısı üzərində yerləşən kitabə ilk dəfə t.e.d, AMEA-nın müхbir üzvü H. Səfərli [5], ondan sonra AMEA-nın müxbir üzvü M. Nemət oхumuşdur.[6] Zaman keçdikcə təbii qüvvələrin təsirindən müəyyən hissəsi qopub düşərək məhv olmuş kitabə tünd göy rəngli kaşı üzərində sarı rənglə, gözəl nəstəliq xətti ilə yazılmışdır:
... ədalətli Həsən, Hüseyn. Müqəddəs tikintinin хərci cəsarət tələb etdiyinə görə, yüksək vəzifəli, hörmətli, Şah dövlətinin köməkçisi (Zəhir əd-Dövlə), rəhbərliyin müdrikliyi Məhəmməd İbrahim, ali ideya (plan) üzrə, sədaqətli məqsədlə, Allaha inam, elmin, mədəniyyətin, təhsilin və ordunun gücləndirilməsindən ötrü Ordubadda dərhal mədrəsə binasını yaratdı. Bu möhkəm binanın və ali məkanın tariхinin saхlanması üçün müdrik dedi: Abad olsun! 1126. Bu kitabəni Məhəmməd İsmayıl Əbd ən-Nəsiri yazdı. Bu uğurlu binanın tikintisi Hacı Salehin sərkarlığı (tikintinin rəisi) və hökmdarın dəvatdarı (katibi) Abidin oğlu Hacı Məhəmmədin köməyilə başa çatdı. |
Memarlıq xüsusiyyətləri
redaktəMədrəsə binalarının planı onların təyinatına əsasən həyata keçirilirdi.[1] Qapalı dördbucaqlı həyətin hər tərəfində hücrələr yerləşdirilmişdir. Həyətin yeganə girişi əsas – şimal fasadında yerləşir. Mədrəsənin həmin dövr üçün ənənəvi olan memarlıq təfsiri kifayıt qədər güclü təsir bağışlayır. Binanın fasadında ard-arda düzülmüş oxvari tağlar bir-birindən qabarıq çıxıntılarla ayrılmışdır. Fasadın mərkəzində sadə dizaynlı böyük portal yerləşir.[2]
Fasadın memarlığında əsas kompozisiya vasitəsi kimi qismən kiçik tağ nişləri və portalın böyük ölçülərinin kontrastından istifadə olunmuşdur.[2] Fasadın dizaynında hansısa dekorativ vasitələrdən istifadə edilməmişdir.[2] Fasadın bu cür dizaynı həm də tikilinin daxili strukturunun dizaynına uyğundur. Fasadda yerləşdirilmiş hər bir oxvari niş daxili həyətdə yerləşən hücrələrə müvafiqdir.[7]
Mədrəsənin iki mərtəbəli hissəsinin memarlığında XVII-XVIII əsr Azərbaycan memarlığı üçün xarakterik olan əsas xüsusiyyətlər izlənilməkdədir.[2] Yaşayış hücrələri qarşısında oxvari eyvanların yerləşdirilməsi iki yaruslu qalereya formalaşdırılmasına gətirib çıxarmışdır. Ə. Salamzadə bu cür memarlıq dizaynının həmin dövrlərdə Azərbaycanda geniş yayılmış karvansara memarlığı ilə oxşarlığını qeyd edir.[2] N. Bağırbəyova isə bu cür ikiyaruslu qalereyanın həm də İçərişəhərdəki ikimərtəbəli karvansarayda müşahidə edildiyini qeyd edir.[8]
Ə. Salamzadə qeyd edir ki, mədrəsə hücrələrinin yerləşməsi və ölçülərinə əsasən onların təyinatı haqqında fikir söyləmək lmümkündür.[7] Giriş qapısı tərəfdə və üzbəüz iki mərtəbəli tərəfdə yerləşən kiçik otaqlar – tullablarda ehtimal ki, məktəbdə təhsil almaq üçün uzaqdan gələn tələbələr yaşayırdılar. Girişdən sağda və solda yerləşən daha böyük hücrələr isə dərs otaqları kimi istifadə olunurdu. Bina daxilində məscid kimi istifadə edilə bilinəcək böyük otaq və ya məscid yeri yoxdur.[7]
Məşhur tələbələri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Саламзаде, 1964. səh. 32
- ↑ 1 2 3 4 5 6 7 Саламзаде, 1964. səh. 33
- ↑ 1 2 Усейнов М, Бретаницкий Л, Саламзаде А. История архитектуры Азербайджана. Москва: Госстройиздат. 1963. səh. 396.
- ↑ 1 2 Səfərli, F. Naxçıvanda sosial-siaysi və ideoloji mərkəzlər. Bakı: Nurlan. 2003. səh. 392.
- ↑ Сафаров Ф. Арабо-персоязычные надписи Нахичеванской АССР (ХVI-ХIХ вв) как историко-культурные памятники. Диссертация на сосискание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Инв.№ 8383. с. 15-16
- ↑ Неймат, М. Корпус эпиграфических памятников Азербайджана. Том III. Баку: ХХI–Йени няшрляр еви. 2001. səh. 216.
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 34
- ↑ Багирбекова, Н. Двухэтажный карван-сарай в крепости Баку (Исскуство Азербайджана, т V). Баку.
- ↑ 1 2 İsmayılova, Nərgiz. "Dünənin məktəbi bu günün abidəsidir". Şərq qapısı qəzeti. 03.02.2017. 2017-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2018.
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.