Naxcivanda Amerika General Qubernatorlugu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naxçıvanda Amerika general-qubernatorluğu — Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənmək və Naxçıvanı erməni nəzarətinə vermək üçün zəmin hazırlamaq məqsədilə yaratdığı hərbi inzibati idarəçilik forması.
Qafqazda nüfuz dairəsi qazanmağa çalışan ABŞ-nin əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919-cu ilin sentyabrında irəli sürdüyü "Haskel layihələri" adlandırılan sənəddə öz əksini tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu.
ABŞ-nin himayəsi altında Naxçıvana yiyələnməyə çalışan Ermənistanın daşnak hökuməti "Haskel layihələri"nin gerçəkləşməsi üçün canfəşanlıq göstərirdi. 1919-cu ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini — Naxçıvan diyarını ələ keçirməyə cəhd göstərdi. Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türkiyənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji əhəmiyyəti olan ərazi kimi baxırdı. V.Haskelin Azərbaycan və daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi ki, Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin mənafeyinə zidd olan bu layihələri qətiyyətlə rədd etdi və onların gerçəkləşməsinə imkan verməyəcəyini bildirdi.
Haskelin müavini polkovnik Ceyms Rey 1919-cu il oktyabrın 24-də Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bəyanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bəyanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı və Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidiylə Ceyms Rey qərarını dəyişməyə məcbur oldu. Delli Naxçıvanda general-qubernator kimi deyil, Antanta ali komissarı V.Haskelin nümayəndəsi kimi qaldı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-nin yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə puça çıxardı.
Mənbə
redaktə- Азербаиджанская Демократическая Республика (1918-1920). Внешняя политика (документы и материалы), Б: 1998
- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993
- Musayev İ., Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyəti və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər), B., 1996.