Naxcivanin Geoloji Qurulusu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir. Lakin Arazboyu düzənlik zonada IV dövr çöküntüləri üstünlük təşkil edir.[1]
Naxçıvan vilayətinin ərazisi birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir:
- Şərur-Culfa antiklinorisi
- Ordubad sinklinorisi
- Zəngəzur antiklinorisi
Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur-Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Şərur-Culfa antiklinorisi Naxçıvan MR ərazisində Naxçıvan çuxuru ilə ayrılmış ikinci dərəcəli antiklinorilərə parçalanmışdır. Bunlar şimal-qərbdə Şərur, cənub-şərqdə isə Culfa antiklinoriləridir. Şərur-Culfa antiklinorisinin quruluşunda devon, karbon, perm və trias çöküntüləri iştirak edir. Ayrı-ayrı sahələrdə isə yura çöküntüləri də vardır. Şərur-Culfa antiklinorisinin şimal-şərq qanadını təşkil edən Culfa antiklinorisi üst perm, trias, yura və üst təbaşir süxurlarından yaranmışdır. Antiklinorinin oxu İran ərazisinə də keçir.
Aşağıda, Şərur-Culfa antiklinorisinin quruluşunda iştirak edən devon, karbon, perm və trias çöküntülərinin qısa təsviri verilir[2] :
İnkişaf tarixi
redaktəNaxçıvan qırışıqlıq əyalətinin geoloji inkişaf tarixini iki böyük tsikl — hersin və alp təşkil edir. Hersin (devon-trias) dövrünün vahid geosinklinalı (tetis) epoxanın sonunda qalxaraq qırışıqlığa çevrilmişdir. Alp siklində (yura-antropogen) çöküntütoplanma prosesi hersinə nisbətən daha mürəkkəb olmuşdur.
Yura dövründə əyalətin şərq hissəsindəki dar çökəklik alt leyasda əsas tərkibli vulkanogen süxurlarla dolmuş və devonda gilli-mergelli dəstə ilə əvəz olunmuşdur. Kimmericdə paleozoy-trias substratının yuyulması ilə müşahidə olunan əyalətin yenidən çökməsi qeyd olunmuşdur.
Senoman dövründə əyalətin yenidən çökməsi və dəniz transqressiyası başlamışdır. Turon dövrünün başlaması ilə Ordubad çökəkliyinin geotektonik şəraitinin dəyişməsi, yəni çökəkliyin şərq və şimala doğru miqrasiyası ilə müşahidə olunan yeni inkişaf mərhələsi başlamışdır. Konyak-santon çöküntüləri baxılan ərazidə həmin əhəngdaşları və onun müxtəlif növlərindən ibarətdir ki, bu da qırıntı terrigen çöküntülərinin toplanmasının qurtardığını göstərir. Kampanın üst yarısında əyalətin şimal-qərb hissəsi qalxmağa məruz qalmış və hövzənin sahil xətti şərqə doğru hərəkət etmişdir. Kampanın sonunda qalxma hərəkətləri daha da güclənmişdir.
Çöküntülərin uyğun yatmasına əsaslanaraq qeyd etmək lazımdır ki, Kampandan Maastrixtə keçid müntəzəm surətdə baş vermişdir. Maastrixt cənub-şərqdə daha geniş mütəşəkkillik tapmışdır.
Dat reqressiyasından sonra paleogen və alt eosen sərhəddində, baxılan ərazidə, qalxma və enmə zonalarının yerləşməsində yeni dəyişikliklər qeyd olunmuşdur.
Alt eosendə başlanmış transqressiya öz maksimumuna alt lyütetdə çatır. Bu zaman vulkanik fəaliyyətin zəifləməsi müşahidə olunur.
Alt lyütetdən fərqli olaraq üst lyütet (qırıntı-tufogen lay dəstəsi) çöküntülərinin qalınlığının daha çox olması, differensial hərəkətlərin mürəkkəbləşdiyini göstərir. Çökmə zonasında (Zəngəzur dağ silsiləsi və onun qərb yamacı) lokal qalxımların artması müşahidə olunur. Orta və üst lyütetin karbonatlı-tufogen süxurlarında çoxlu miqdarda nummulitlərin olması orta eosen hövzəsinin yüksək temperatur rejiminə malik olmasını göstərir. Üst eosenin əvvəlində baxılan razidə vulkanik fəaliyyət zəifləyir. Buna görə də bu lay dəstəsi əsasən əhəngdaşlı gillərdən, argillitlərdən və təmiz əhəngdaşlarından ibarətdir.
Bununla bərabər üst eosen lay dəstəsinin kəsilişində Əlincəçay, Naxçıvançayın orta axımı boyu, Qaradərə çayının üst axımı hövzəsində kobud dənəli müxtəlif süxurlar qeyd olunur(tufoqravellitlər və tuflukonqlomeratlar).
Statiqrafiya və litoqrafiya
redaktəNaxçıvan Muxtar Respublikası ərazisinin geoloji-litoloji kəsilişində aşağıdan yuxarı Devon, Karbon, Perm, Trias, Yura, Təbaşir, Paleogen, Neogen yaşlı çöküntülər iştirak edir.
Devon
redaktəNaxçıvan ərazisində devon çöküntüləri alt, orta və üst bölmələri ilə iştirak edir.
Ancaq Muxtar respublikanın şimal-qərb hissəsində 160 km² sahədə yayılmışdır. Qeyd edildiyi kimi, bu çöküntülərə mütləq yüksəkliyi 1100–1200 metrə çatan Vəlidağda, Bozdağda və Sarıdağda təsadüf olunur. Şərqi Arpaçay hövzəsinin aşağı axınında bu dövr çöküntüləri iki zolaqda yayılmışdır. Onlardan biri Görənqala-Oabaqdağ-Bağırsaq dərəsi-Ermənistan sərhəddi boyunca, cənub-qərbdən şimal-şərq istiqamətində, digəri isə Dəvəöləndən yuxarı Danzik-Ardıc dağı xətti üzrə uzanır. Aşağı devon çöküntüləri başlıca olaraq iridənəli gilli əhəngdaşlarından, şistli və kvarslı qumdaşlarından; orta üst devon çöküntüləri isə kvarslı qumdaşlarından, pelitomorf əhəngdaşlarından, kvarsitlərdən, gilli şistlərdən və başqa süxurlardan təşkil olunmuşdur.
Alt devon (D1)
redaktəçöküntülərinə Dəhnə dağı ərazisində quyular vasitəsilə rast gəlinmişdir. Bu çöküntülər litoloji olaraq şistlənmiş piritli əhəngdaşlarından və argillitli kvarslardan ibarətdir.
Orta devon (D2)
redaktəMuxtar Respublika ərazisində eyfel və jivet mərtəbələri ilə müşaiət edilir. Eyfel mərtəbəsi Dəhnə və Vəlidağ antiklinallarının nüvə hissəsini təşkil edir, jivet mərtəbəsi isə Bozdağ və Sarıdağ dağlarında xarakterik fauna vasitəsi ile Sədərək və Armudlu (Dan Yeri) təbəqələrinə ayrılır. Sədərək rayonunun şimalında jivet mərtəbəsinin qalınlığı 280 metrdir. Litoloji olaraq kristallaşmış əhəngdaşlarından, qumdaşlarından, gilli şistlərdən və kvarslı qumdaşlarından ibarətdir.
Üst devon (D3)
redaktəNaxçıvanda frans və famen mərtəbələri ilə müşaiət edilir. Frans mərtəbəsi Arpaçayın sol sahilində Yuxarı Armudlu (Hal hazırda bu kəndin bir hissəsi Dan Yeri kəndindən yuxarıda yerləşən süni gölün altındadır) kəndi ərazisində 650 metr qalınlığa malik əhəngdaşlarından ibarətdir. Bu əhəngdaşları qumludurlar, bitiumlaşmışdırlar, alevrolitli-mergellidirlər, bəzi sahələrdə şistləşiblər. Çoran qalasının cənubunda 280 metr qalınlığa malik frans mərtəbəsi gillərdən, qumdaşlarından, əhəngdaşlarından, kvarsitlərdən təşki ediliblər. Famen mərtəbəsi şərqi Arpaçayın Yuxarı Armudlu (Dan Yeri) kəndi ərazisində kristallaşmış əhəngdaşlarından bitiumlaşmış gillərdən, oolitlərdən ibarət olaraq 300m qalınlığa malikdir.
Karbon
redaktəŞərqi Arpaçay dərəsi rayonunda iki zolaq boyu yayılmışdır:
Birinci zolaq Görənqala dağının cənub-şərqindən başlayan zolaq Münxbalaoğlu dağına doğru uzanır və 1400–1600 metr yüksəkliyə qədər qalxır.
İkinci zolaq Aşağı Yaycı kəndindən başlayıb Ardıc dağına doğru uzanır.
Karbon dövr sistemi başlıca olaraq orta və nazik qatlı, eləcə də qalın və massiv əhəngdaşlarından, qumdaşlarından, gilli şistlərdən və başqa süxurlardan təşkil olunmuşdur.
Bu çöküntülər Naxçıvan Muxtar Respublikasının şimal-qərb hissəsində Yaycı kəndi, Dan yeri kəndi və Ardıc dağlarında yayılmışlar.
Neogen
redaktəNeogen çöküntüləri Naxçıvan muldasında, Darıdağda, Sirabda, Vayxır və digər mineral su yataqları ərazilərində yayılmışdır, litoloji olaraq əhəngdaşlarından, qumdaşlarından, mergellərdən ibarətdirlər.
Dördüncü dövr. Darıdağ mineral su yatağı ərazisində Dördüncü dövr çöküntülərinin dörd şöbəsinin hamısı iştirak edir: Aşağı, Orta, Üst və
Müasir
redaktəAşağı şöbə qalınlığı 4–5m olan qumdaşlı və əhəngdaşlı konqlomerat horizontundan ibarətdir. Bu horizont yatağın hər iki qanadında və keçmiş Darıdağ mədəninin qəsəbəsi ətrafında geniş yayılmışlar.
Aşağı şöbə
redaktəBu şöbə alüvial-delüvial mənşəli çöküntülərdən ibarət olub, ərazidə mövcud olan bütün quru dərələri doldurmuşdur.
Üst şöbə
redaktəAlüvial-elivial-delüvial çöküntülərdən ibarətdir. Alüvial çöküntülər orta dənəli qum, qumca, gilcə və gil dolduruculu çınqıllardan ibarətdir.
Müasir şöbə
redaktəBu şöbənin çöküntləri gillərdən, gilcələrdən, qumlardan və qumcalardan ibarətdir. Bu şöbəyə mineral sularda çökmüş travertinlərdə aid edilir. Travertin (əhəngli tuf) cavan vulkanizm rayonlarında karbon qazlı mineral su mənbələrindən çökən və böyük qalınlığa malik laylar əmələ gətirən müasir çöküntülərdir. Ən qalın travertin laylarına Naxçıvan MR-in Babək və Kəngərli rayonlarında rast gəlinir və bu ərazilərdə Buzqov, Şahtaxtı və Qarabağlar kimi sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir. Travertinlər qədim və müasir kimi iki yerə ayrılırlar:
- Qədim travertinlər bir qayda olaraq antiklinalın şimal-şərqində yayılıblar. Travertinlər əsasən kalsitlər və oroqonitdən ibarətdirlər, rəngləri boz və sarımtıl bozdur, qalınlığı 2–3metrdir.
- Müasir travertinlər fəaliyyətdə olan bulaqların ətrafında yayılaraq bərk və az qalınlıqlı laycıqlardan təşkil olunublar. Ağ rəngli oroqonitlərdən və kalsitlərdən ibarətdirlər.
Perm dövr süxurları
redaktəPerm dövr süxurları Ərazinin şimal-qərb hissəsində (Şərqi Arpaçay hövzəsində) Şərur-Bağırsaq dərəsi boyunca Qaraultəpə dağınadək; Axura kəndindən Qabaqyal dağına qədər olan sahədə, Buzqov dağı ilə Xaçik kəndi arasında və başqa yerlərdə yayılmışdır. Perm çöküntüləri yuxarıda göstərilən sahələrdə 1600–2500 metrə qədər olan yüksəklikdədir. Bu dövrün süxurları gilli-qumdaşılı əhəng daşlarından, mergelli şistlərdən, qalınqatlı əhəng daşlarından və digər çöküntülərdən təşkil olunmuşdur.
Trias dövr süxurları
redaktəTrias dövr süxurları Qarabağlar, Tənənəm, Axura, Çalxanqala, Cağazir kəndləri ətrafında, Anabadgədik, Qaraquş, Ərikli, Binnətəli, Rəmlər, Buzqov, Keçəltəpə, Mehridağ, Ardıc və başqa dağlar ərazisində yayılmış və müxtəlif qalınlığa malik olan əhəngdaşlarından, dolomitlərdən və başqa süxurlardan ibarətdir. Yuxarıda göstərildiyi kimi, paleozoy və trias çöküntüləri Şərur-Culfa antiklinorisində dörd dik yatımlı assimetrik antiklinal təşkil edir: Dəhnə-Vəlidağ, Yaycı-Sədərək, Yuxarı Danzik və Mehridağ. Bu antiklinallar şimal-qərb istiqamətlidir.
Dəhnə-Vəlidağ antiklinalı
redaktəDəhnə-Vəlidağ antiklinalı coğrafi mövqeyinə görə respublika ərazisinin ən cənub hissəsində yerləşir. O demək olar ki, tamamilə miosen və dördüncü dövr çöküntüləri ilə örtülmüşdür. Bu strukturanın mərkəzində üzə çıxan orta devon çöküntüləri Dəhnə-Vəlidağ, Bozdağ və Sarıdağ qruplarını təşkil edir. Antiklinalın qanadları isə karbon və perm çöküntülərindən təşkil olunmuşdur. Devon çöküntüləri yuxarıda qeyd etdiyimiz hündürlükləri təşkil etməklə, ikinci dərəcəli kiçik qırışıqlıq əmələ gətirir.
Yaycı-Sədərək antiklinalı
redaktəYaycı-Sədərək antiklinalı Şərqi Arpaçay hövzəsində yerləşir. O, orta və üst devon çöküntülərindən təşkil olunmuşdur. Belə ki, orta devon çöküntüləri antiklinalın mərkəzində Kalafa ağıldan şimalda, üst devon çöküntüləri isə dağətrafı hissədə və qırışığın qanadlarında üzə çıxır, cənub qanadda onlar alt karbonla əvəz olunur, şimalda isə üstəgəlmə ilə kəsilir. Bağırsaq dərəsi ilə Şərqi Arpaçay arasında antiklinalın şarniri batdığından orta devon çöküntüləri arasında görünmür.
Yuxarı Danzik antiklinalı
redaktəYuxarı Danzik antiklinalı Yaycı-Sədərək antiklinalından şimal-şərqdə yerləşir. O, Pəyə dərəsinin başlanğıcından Yuxarı Danzik kəndinə qədər uzanır, sonra isə Şərqi Arpaçayı keçərək Təndirli və Qaraulxana dağlarına qədər davam edir. Antiklinalın mərkəzində orta və üst devon çöküntüləri, qanadlarında isə karbon çöküntüləri iştirak edir.
Mehridağ antiklinalı
redaktəMehridağ antiklinalı Ermənistan sərhəddində yerləşir. Onun mərkəzi perm və trias çöküntülərindən ibarətdir. Qanadlarında üst təbaşir çöküntüləri üzə çıxır. Yuxarıda qeyd olunan antiklinal qırışıqlar üç sinklinal ilə ayrılır.
Zəngəzur antiklinorisi
redaktəZəngəzur antiklinorisi demək olar ki, tamamilə Ermənistan ərazisində yerləşir. Onun yalnız cənub-qərb qanadı Naxçıvan MR ərazisindən keçir. Bu, üst təbaşir və eosen çöküntülərindən təşkil olunmuşdur. Zəngəzur antiklinorisi Ordubad şəhəri rayonundan Gilançayın yuxarı axını istiqamətində uzanır. Bu antiklinorinin Naxçıvan hissəsi çox sadə quruluşa malikdir: Onun cənub-qərb qanadını əmələ gətirən çöküntülər monoklinal quruluş təşkil edir. Monoklinalda iki antiklinal-Kiqi antiklinalı və Qaranquş-Başkənd antiklinalı vardır. Ordubad sinklinorisinin geoloji quruluşunda yura, təbaşir, paleosen, eosen, oliqosen, pliosen və dördüncü dövr çöküntüləri iştirak edir.
Yura dövr süxurları
redaktəYura dövr süxurları triasa nisbətən çox məhdud bir sahədə ayrıca çıxıntılar şəklində inkişaf etmişdir. Bu dövr süxurları Araz çayının Nehrəm dərəsində və Çalxanqala yaxınlığında diabaz porfritlərindən, habelə onların tufundan, müxtəlif rəngli əhəngli qumdaşlarindan, qravelitlərdən, əhəngli, qumdaşlı və alevritli gillərdən, qumdaşlı əhəngdaşlarından və mergellərdən təşkil olunmuşdur.
Təbaşir dövr süxurları
redaktəTəbaşir dövr süxurları yura dövr süxurlarına nisbətən geniş bir sahəni əhatə edir. O, Cəhriçay hövzəsində, Şərqi Arpaçayın orta axınında çox az bir hissədə, Araz çayının Nehrəm dərəsində və nəhayət, Ordubad şəhərindən şərqdə yayılmış və yalnız üst şöbədən təşkil olunmuşdur. Alt təbaşir çöküntüləri tədqiq etdiyimiz ərazidə yoxdur. Üst təbaşir süxurları əsasən pelitomorf və qumdaşlı əhəngdaşlarından, əhəngdaşlı, qumdaşlı və alevritli gillərdən təşkil olunmuşdur. Yuxarıda adları çəkilən bütün kəsilişlərdə bazalt konqlomeratlarına, əhəngdaşlı qumdaşlarına və qravelitlərə də rast gəlmək olur.
Paleogen və neogen dövr çöküntüləri
redaktəPaleogen və neogen dövr çöküntüləri ancaq orta və yüksək dağlıq qurşaqlarda yayılmaqla, çöküntü süxurlarından və onları kəsən qranitoidli intruzivlərdən təşkil olunmuşdur. Paleogen dövrünün eosen çöküntüləri vulkanogen (aşağı eosen), vulkanogen-çöküntülər və tufokonqlomerat (orta eosen), çöküntü (yuxarı eosen) qatlarından ibarətdir. Aşağı eosen vulkanogen qatı əsasən tufobrekçiyalardan, tufokonqlomeratlardan və plaqioklazlı porfiritlərdən təşkil olunmuşdur.
Pliosen çöküntülər
redaktəPliosen çöküntüləri əsasən Muxtar respublikanın Ermənistan ilə sərhəddi boyunca yerləşməklə, kiçik sahələri əhatə edir. Bu çöküntülər başlıca olaraq Naxçıvançayın mənbə hissəsində, Dərələyəz silsiləsinin suayrıcı boyu yayılmışdır. Həmin çöküntülər effuziv qatlarından (içənək qatı) təşkil olunmuşdur. Aşağı pliosen dövr çöküntüləri Naxçıvan MR ərazisində andezitlərdən, andezitli aqlomerat lavasından, vulkanik brekçiyalardan ibarətdir.
Dördüncü dövr çöküntüləri
redaktəDördüncü dövr çöküntüləri allüvial, dellüvial, prolüvial, flüvioqliasial, buzlaq və başqa çöküntülərdən yaranmışdır. Buzlaq və qravitasion mənşəli çöküntülər yüksək dağlıq ərazidə, allüvial-prolüvial çöküntülərisə əsasən Arazboyu düzənlikdə geniş yayılmışdır. Tektonik quruluşuna görə Ordubad sinklinorisi Şərur-Culfa antiklinorisindən kəskin surətdə fərqlənir. Əgər Şərur-Culfa antiklinorisinin quruluşu üçün sadə qırışıqlıq və onu mürəkkəbləşdirən qırılmalar xarakterikdirsə, Ordubad sinklinorisi üçün mürəkkəb qırşıqlar daha səciyyəvidir. Miosenə qədərki Ümumqafqaz istiqamətli xətti qırışıqlar miosen yaşlı qalxmalar və çökəklər, həmçinin pliosen yaşlı fasiləli qırışıqlar ilə mürəkkəbləşmişdir. Bundan əlavə, burada qırılmalar da geniş yayılmışdır. Eosendən sonrakı, miosendən əvvəlki xətti qırışların quruluşnda müəyyən qanunauyğunluq nəzərə çarpır. Onların hamısı, ümumiyyətlə, bir-birinə paralel olub eninə görə uzunluğu daha böyükdür. Ordubad sinklinorisində cənubdan şimala və qərbdən şərqə doğru aşağıdakı antiklinallar vardır: Darıdağ-Xançivar, Dəstə-Kütəndağ, Toxluca, Qoruqlar-Xanağa, Tivi-Nəhəcir, Qaranquş-Başkənd, Qaraquş-Bəyəhməd, Əyridağ-Ləkətağ və Kolaçay.
Darıdağ-Xançivar antiklinalı Yaycı kəndindən cənub-şərqə uzanır. O, maastrix çöküntülərindən təşkil olunmuşdur. Kəssək dağı ərazisində əlavə olaraq orta eosen bazalt konqlomeratları, oliqosenin vulkanogen çöküntüləri və başqaları da iştirak edir. Antiklinal assimmetrikdir.
Düylün kəndi ərazisində yerləşən Dəstə-Kütəndağ antiklinalı İlandağın cənub hissəsindən keçir. Bəzi yerlərdə o, assimmetrik, bəzən isə simmetirk quruluşa malikdir. Bu antiklinal vulkanogen çöküntülər, tufogen konqlomeratlarından və s. təşkil olunmuşdur.
Toxluca antiklinalı İlandağdan cənuba Cavçaqlı sahəsində yerləşir. Eosenin vulkanogen (çöküntü) və tufokonqlomerat qatlarından və s. təşkil olunmuşdur.
Qoruqlar-Xanağa antiklinalı bir zolaq üzrə deyil, fasilə ilə uzanmışdır. Bu antiklinal Əylis çayı mənbəyində Arsudağı ilə Vənənd kəndi arasında yerləşir.
Tivi-Nəhəcir antiklinalı eyniadlı kəndlər arasındadır. Eni 300 m ilə (Bist kəndi) — 2,5 kilometr (Şurut kəndi) arasında tərəddüd edir.
Qaranquş-Başkənd antiklinalı Qaranquş dağından başlayaraq Ələhi, Dərgəməlik və Başkənd istiqamətində uzanır.
Qaraquş-Bəyəhməd antiklinalı Sarıdağla Kolaçayın yuxarı axını arasında yerləşmişdir.
Əyridağ-Ləkətağ antiklinalı Əyridağla (Zəngəzur silsiləsi) Sarıdağ arasında, Kolaçay antiklinalı isə Dəmirlidağ yaxınlığında yerləşmişdir. Hər iki antiklinal Ərəfsə yaxınlığında yoxa çıxır.
Yuxarıda göstərilənlərdən beş antiklinal (Qoruqlar-Xanağa, Tivi-Nəhəcir, Qaranquş-Bakənd, Əyridağ-Ləkətağ və Kolaçay) eosenin vulkanogen, vulkanogen-çöküntü, tufokonqlomerat çöküntülərindən təşkil olunmuşdur.
Cənubda Culfa, şimalda isə Darıdağ-Xançivar antiklinalları arasında yerləşən Yaycı-Araz sinklinalı oliqosenin vulkanogen, yuxarı oliqosen-aşağı miosenin silisiumlu əhəng daşlarından, gillərdən, qumdaşlarından və orta miosenin qum daşlı-gilli çöküntülərindən ibarətdir. Sabirkənd-Həşirdağ sinklinalı eyniadlı kəndlər arasında yerləşir, yuxarı oliqosen-aşağı miosen və eosen çöküntülərindən yaranmışdır.
Əylis-Şurut sinklinalı Qoruqlar-Xanağa antiklinalından şimala uzanmaqla Əylis kəndindən cənubda dördüncü dövr süxurları altında itir. İqangit çayının sağ sahilində sinklinalın özəyi vulkanogen (aşağı eosen) çöküntülərindən, Üstüpü və Behrud kəndləri arasında isə vulkanogen çöküntülər və tufokonqlomeratlardan (orta eosen) təşkil olunmuşdur.
Qazançı sinklinalı Tivi-Nəhəcir (cənubda) və Qaranquş-Başkənd (şimalda) antiklinalları arasındadır. Saqqarsu çayının mənbəyindən Göynük kəndinə qədər uzanan Nürgüt-Göynük sinklinalı geniş monoklinal yaradır. Ərəfsə sinklinalı Qaraquş-Bəyəhməd antiklinalından şimalda, Sarıdağ zirvəsi ilə Gilançayın yuxarı arasında yerləşmişdir.
Gəvikçay sinklinalı Əyridağ-Ləkətağ antiklinalına yanaşır. Nəhayət, Gömür sinklinalı, ən iri sinklinallardan biri olub, Gömürçayın yuxarı axını ilə Təkəlik dağının cənub yamacı-Biçənək kəndi arasında uzanır. Burada da vulkanogen çöküntüləri (orta eogen) və s. geniş yer tutur. Naxçıvan çuxuru iti bucaq altında qədim strukturları kəsir. Belə ki, onun şərq hissəsi Ordubad sinklinorisində, qərbi hissəsi isə Şərur-Culfa antiklinorisində yerləşir. Naxçıvan çuxuru şərqdə Əlincəçayla, qərbdə isə Şərqi Arpaçayla sərtıədlənir. Şimalda o, Haçaparaq, Qahab, Sirab, Vayxır, Payız, Çalxanqala, Qarabağlar və Axura kəndləri ilə hüdudlanır. Naxçıvan çuxurunda aşağıdakı antiklinal qırışıqlar qeyd olunur: Böyükdüz, Xok və Qıvraq. Onlar Duzdağ, Tazıuçan və Xıncab sinklinalları ilə ayrılır. Bu strukturlar miosenin gipsli-duzlu-terrigen çöküntülərindən təşkil olunmaqla, əsasən alçaq dağlıq sahələrin quruluşunda iştirak edir. Yuxarı oliqosen-aşağı miosen çöküntüləri Axura, Çalxanqala, Ağqaya, Cəhri, Qaraqala, Sirab, Qahab, Mahmudava, Haçaparaq, Kəşirdə kəsilişlərində başlıca olaraq gillərdən, gilli şistlərdən, qumdaşlarından və tuflu qumdaşlarından təşkil olunmuşdur. Yuxarıda təsvir olunan geoloji və tektonik quruluş Naxçıvan MR ərazisində oroqrafik quruluşun mürəkkəbləşməsində və landşaftın müxtəlif olmasında böyük əhəmiyyətə malikdir.[2]
Hidrogeologiya
redaktəNaxçıvan Muxtar Respublikasının hidrogeoloji şəraiti dağ ölkələrinə məxsus xüsusiyyətləri əks etdirir, həm də özünün spesifik cəhətləri var. Naxçıvan MR ərazisi hidrogeoloji cəhətdən özünəməxsus oroqrafik, iqlim xüsusiyyətləri, hidroloji şəbəkə və kifayət qədər mürəkkəb geoloji quruluşa malikdir. Muxtar Respublika tutduğu coğrafi mövqeyindən, tektonikasından, geoloji quruluşunu təşkil edən süxur və çöküntülərin litoloji tərkibinin əmələ gəlmə şəaritindən asılı olaraq rəngarəng və səciyyəvi hidrogeoloji xüsusiyyətlərə malikdir.
Naxçıvan Muxtar Respublikanın hidrogeologiyası geniş miqyasda müxtəlif müəlliflər, elmi tədqiqat və layihə institutları tərəfindən öyrənilmişdir. Bu sahədə N. M. Paffenqolts, K. N. Filonov, F. Ş. Əliyev, H. T. Süleymanov, Ə. H. Əlimov, Ç. A. Fətullayev, D. S . Rossoxotskaya, Ə. G. Quliyev və başqa tədqiqatçılar işlər aparmışlar.
Qrunt suları
redaktəNaxçıvan Muxtar Respublikasının qrunt suları mineral sulara nisbətən az öyrənilmişdir. Buna baxmayaraq, qrunt suları, müxtəlif dərinliklərdən çıxarılmış quyu suları haqqında kadastr üzrə çoxlu faktiki materiallar vardır.
Bulaqlar
redaktəRegion üzrə bulaqların ümumi miqdarı hələ də müəyyən edilməyib. Onların sayı, yəqin ki, 1000-ə bərabərdir. "Bulaq suları kadastrı"-na müvafiq olaraq Azərbaycan SSR Geologiya İdarəsinin Naxçıvan MR su təsərrüfatı təşkilatları tərəfindən bu günədək 100 bulaq yaxşı öyrənilmişdir. Regionun bulaq sularının ümumi illik debiti 300 l/san-ə yaxın, ayrı-ayrı bulaqların illik debiti isə 0,15–30 l/san təşkil edir, temperatur isə 0,5–26,6 °C arasında dəyişir.
Burada enən bulaqlarla yanaşı çoxlu sayda qalxan bulaqlar da vardır. Qeyd edək ki, bulaqların çıxışı əsasən dağlıq hissədədir. Onların suyu əsasən kimyəvi tərkibcə faydalı olub, az minerallaşmış olur — 0,1–0,5 q/l, Arazyanı düzənliklərdə isə bulaqların sayı kəskin azalır və nisbətən yüksək minerallaşmış olur. Bulaq sularının yaşayış məntəqələrinin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Onların dəqiq tədqiqinə təcili vəzifə kimi baxılmalıdır.
Kəhriz suları
redaktəOrta əsrlərdən hazırkı dövrə qədər Naxçıvan MR qrunt sularının süni yolla kəhrizlər vasitəsilə yerin səthinə çıxarılmasından geniş istifadə olunur. Regionda yerləşən kəhrizlərlə bağlı son illərdə ciddi tədqiqat və bərpa işləri aparılmışdır. Qeyd etmək lazımdır ki, bütün dünyada ilk dəfə olaraq 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında Kəriz İdarəsi yaradılmışdır. Muxtar Respublikada kəhrizlərin əsas tədqiqatçısı sayılan kənd təsərrüfatı elmləri namizədi Əbülfəz Quliyevin 2006-cı ildə aparıdığı araşdırmaya muxtar respublikanın 79 kəndində 407-dən artıq kəhriz aşkara çıxarılmışdır.
Müqayisə üçün qeyd edək ki, XX əsrin 70-ci illərdin aparılan tədqiqatlar zamanı tədqiqatçılara məlum olan kəhrizlərin sayı 200-ə çatırdı. O dövründı Muxtar Respublika ərazisində Azərbaycan SSR Geologiya İdarəsi "Yeraltı suların kadastrı"-na müvafiq olaraq 120-ə yaxın kəhrizi öyrənilmişdi. Ayrı-ayrı kəhrizlərin suyığıcı ştolların uzunluğu bir neçə yüz metrə, bəzilərininki 1 km-ə çatır. Son məlumatlara görə muxtar respublika ərazisindəki kəhrizlərin debitinin cəmi 2722,2 l/san-ə yaxındır. Kəhriz suları da bulaq suları kimi kimyəvi tərkibcə xoş xassəlidir. Quru qalıq — 300–400 mq/l-dir. Bir çox kəhrizlərin suları böyük yaşayış məntəqələrində içməli su kimi istifadə olunur. Bəzi kəhrizlərin suları həm də suvarmada istifadə olunur.
Qrunt sularındam danışarkən qeyd etmək lazımdır ki, 1930-cu ildən bəri müxtəlif xüsusi təşkilatlar tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində regionda şurf və quyular qazmaqla təzyiqli sular aşkar edilmişdir.
Bu sular əsasən Arazətrafı düzənliklərdə alınmışdır. Onlar su təchizatı üçün müvəffəqiyyətlə tətbiq olunur. Bu yolla müxtəlif dərinliklərdən (3–25 m) alınmış (çıxarılmış) suların quru qalığı 0,3–0,6 q/l təşkil edir. Sədərək düzənliyində yeraltı su axınının istiqaməti şimal –şərqdən cənub –qərbə doğrudur. Yeraltı sular Dəhnə və Başdağ dağlarına toxunaraq müəyyən qədər istiqamətini dəyişir və bu da mütləq qiymətləri 790–800 m olan izogipslərin düzülüşündə aydın nəzərə çarpır. Yeraltı suların dərinlikdə yatım aynası 1,0 m-dən 20 m arasında tərəddüd edir.
Sədərək düzündə su aparıcı qatın qalınlığı 20 m-dən 130 m-dək dəyişir. Ən yüksək qalınlıq mərkəz hissədə üstünlük təşkil edir. Mərkəzdən dağ ətəklərinə doğru su aparıcı qatın qalınlığı 20 m-dək azalır.
Düzənlik hissədə qrunt suları şimal-şərqdə dağətəyi zonada yaranmağa başlayır. Bu zonada qrunt suları Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq dərəsi çaylarının yerüstü və yataqaltı sularının, atmosfer çöküntüləri və dağətəyi ana süxurların yeraltı sularının süzülməsi hesabına qidalanır. Bu zonada yaranmış yeraltı suların axımı cənub-qərbə yönələrək düzənliyin qrunt sularının əsas mənbəyi sayılır. Dağətəyi zonada yaranmış yeraltı su axımı düzənliyin mərkəz hissəsində öz ehtiyatını suvarmadan süzülən sular hesabına bir qədər artırır. Düzənliyin Arazboyu hissəsində bu axım Ermənistanın Arazdəyən düzənliyindən axan yeraltı suaxımı ilə qarşılaşaraq bir qədər cənuba doğru öz istiqamətini dəyişir. Düzənliyin qrunt suları əsasən Araz çayı, qismən də buxarlanma və transpirasiya vasitəsilə sərf olunur.
Düzənlik daxilində qrunt sularının yatım dərinliyi müxtəlif olub, şimal-şərqdən cənub-qərbə doğru dayazlaşır. Ən böyük yatım dərinliyi düzənliyin şimal–şərq dağətəyi hissəsində olub, 30 m-dən bir qədər artıqdır. Dağətəyi zonanın aşağı hissələrində qrunt sularının dərinliyi 20–30 m-ə çatır. Konusun aşağı hissəsində qrunt sularının yatım dərinliyi 10–20 m, düzənliyin orta hissəsində isə 3–10 m-dir. Arazkənarı zonada qrunt suları 3 m-dən dayazda yataraq, bəzən yer səthini rütubətləndirib, kiçik bataqlıq sahələri yaradır.
Düzənliyin Arazboyu hissəsində çöküntülərin süzülmə əmsalı 1–5 m/sut. olub, litoloji tərkibcə qumlu çınqılları, çınqıllı qumları və lilli çaqılları təmsil edir. Arpaçayın gətirmə konusunun mərkəz və yuxarı hissəsində həmin əmsal 10–15 m/sut. olub, Şərur düzənliyi üçün ən yüksək göstərici sayılır. Düzənliyin qrunt suları əsasən şirin olub, minerallaşması 0,3 q/l-dən 1,5 q/l –ədək dəyişir. Qrunt sularının codluğu düzənliyin əsas hissəsində 5 mq/ekv –dir. Araz kənarı hissədə codluq 10–12 mq/ekv-dək dəyişir. Qrunt sularının temperaturu 9–14 °C arasında tərəddüd edir.
Düzənliyin yeraltı sularının əmələ gəlməsində Şərqi Arpaçayın yerüstü və yataqaltı sularının, atmosfer çöküntülərinin, suvarmadan süzülən sular və dağətəyi zonanı təşkil edən süxurlardan süzülən suların mühüm rolu vardır.
Yeraltı suların kimyəvi tərkib hissəsi hidrokarbonatlı-sulfatlı-kalsium-maqneziumlu və hidrokarbonatlı–sulfatlı-kalsium-natriumludur. Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin şimal-qərb və cənub-şərq hissələrində ensizləşir. Çöküntülərlə müncər olan qrunt sularının yatım dərinliyi şimaldan dağətəyi hissədən cənuba, Araz çayına doğru və düzənliyin kənarlarından mərkəz hissəyə, Naxçıvana doğru azalır. Düzənlik ərazisində qrunt sularının yatım dərinliyi 2,0–30 m arasında tərəddüd edir. Çöküntülərin süzülmə əmsalı onların litoloji tərkibindən asılı olaraq 1,5 m/sut. arasında tərəddüd edir. Qrunt sularının minerallaşması 1 q/l-ə qədərdir. Suların codluğu 4–9 mq/ekv, temperaturu 11–14 °C-dir. Yeraltı axımın mailliyi 0,0025–0,0057-dir. Sukeçiricilik əmsalı 3–145 m²/sut. arasında dəyişir. Suların kimyəvi tərkibi hidrokarbonatlı – kalsiumlu–maqneziumlu və hidrokarbonatlı — sulfatlı-maqneziumlu-natriumludur.
Düzənliyin şimal-qərb, Arazkənarı hissəsində qrunt suları əsasən Araz çayı vasitəsilə, qismən də buxarlanma yolu ilə sərf olunur.
Culfa-Ordubad Arazboyu düzənliklərində qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir. Araz çayına yaxın qazılmış quyuların sərfi böyük göstəricilərə malikdir. Yaycı, Gilançay, Dəstə, Ordubad düzənliklərində quyuların sərfi 3,2–18,5 l/san, xüsusi sərfi isə 0,1-dən 5,4 l /san arasında dəyişir. Culfa –Ordubad Arazboyu düzənliyinin qrunt suları mxtəlif minerallaşma və kimyəvi tərkibə malikdir. Əlincə çayda suların minerallaşma dərəcəsi 0,5–0,8 q/l, kimyəvi tərkibi isə hidrokarbonatlı-kalsiumludur. Düzənliyin qalan hissəsində suların minerallaşma dərəcəsi 1,0–1,2q/l olub, hidrokarbonatlı –sulfatlı və sulfatlı-hidrokarbonatlı-maqnezium-kalsiumlu tərkibə malikdir.
Yaycı, Gilançay, Dəstə, Ordubad düzənliklərində qrunt sularının minerallaşma dərəcəsi 0,32–1,82 q/l arasında, kimyəvi tərkibi isə hidrokarbonatlı-kalsiumlu tərkibdən, sulfatlı-hidrokarbonatlı-natriumlu-kalsiumlu tərkibə dəyişir.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının qrunt sularında təzyiqli suların tükənməz ehtiyatı vardır. Bu sular bir çox sahələrdə aerasiya zonalarında toplanırlar.
Qrunt sularının qidalanma mənbəyi əsasən atmosfer çöküntüləridir. Bundan başqa , çay sularının, dağ göllərinin və irriqasiya kanallarının sularının qrunt sularının formalaşması prosesində əhəmiyyətli rolu vardır. Qrunt sularının dərinlik suları ilə qarışmasının mümkün olması da istisna edilmir. Güman edilir ki, bir çox bulaq sularının kimyəvi tərkibinin dəyişməsi, temperaturunun nisbətən artması və onların tərkibində nadir elementlərin olması bununla əlaqədardır.
Təzyiqli sular
redaktəNaxçıvan Muxtar Respublikası ərazisində artezian təzyiqli suları az öyrənilmişdir. Etibarlı artezian hövzələrinin aşkar edilməsi məqsədilə hələ sovet dövründə Respublika Su təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Geologiya İdarəsi tərəfindən burada 250–400 metr dərinliyi olan quyuların qazılması təşkil edilmişdir. Müxtəlif dərinlikli quyulardan alınan sular əksər hallarda su təchizatı üçün yararsız olmuşdur.
O zaman qazılan az sayda quyular qidalanma mənbəyi, təzyiq və boşalma zonası dəqiq təyin edilə bilməyən artezian hövzələri aşkar etməyə imkan verməmişdir. Kəşfiyyat quyuları 2 sahədə qazılmışdır: Arazətrafı düzənlik və Qarabağlar platformasında.
Şahtaxtı düzənliyində Şahtaxtı kəndi ərazisində qazılmış 160m dərinlikli quyu (Yuxarı Sarmat) 4 sulu horizont — 79–85 m, 96–100 m, 135–139 m, 142–154 m dərinliklərdə aşkar edilmişdir.
Birinci iki horizontun sularının quru qalığı 1–2 q/l, 3-cü sulu horizontun — 2–2,45, 4-cünun isə — 4,8 q/l təşkil etmişdir. Göstərilən quyu özüaxarlı olmuşdur. Sudan sərbəst H2S ayrılır.
Tektonika
redaktəŞ. Ə Əzizbəyova görə Naxçıvan MR ərazisində aşağıdakı tektonik strukturlar mövcuddur:
- Miosenə qədər formalaşmış Şərur-Culfa antiklinoriumu
- Miosenə qədər formalaşmış Ordubad sinklinoriumu
- Naxçıvan Miosen çökəkliyi
Şərur-Culfa antiklinalı Üst Perm, Trias, Alt və Orta Yura və Üst Təbaşir çöküntülərindən ibarətdir.
Ordubad sinklinoriumu daxilində 9 antiklinal və onları əlaqələndirən 9 sinklinal mövcuddur. Darıdağ mineral su yatağı da tektonik cəhətdən Ordubad sinklinoriyasına aid edilən aşağıdakı antiklinalları və sinklinalları qeyd edilir:
Antiklinallar
redaktəDarıdağ-Hacıvar, Dəstə-Kutandağ-Toxluca, Qaravulxana-Xanağa-Nəhəcir, Qaranquş-Boyəhməd, Əyridağ və Kolaçay aiddir.
Sinklinallar
redaktəYaycı-Əvəzni, Sabirkənd-Kanirdağ, Banəkd-Sirab, Əylis-Şrud, Qazançı, Nürgüt-Göynüd, Ərəbcə-Əyriçay, Gömür aiddir.
Darıdağ mineral su yatağına bitişik olan Darıdağ-Hacıvar antiklinalı Yaycı kəndinin cənub-şərqindən başlayaraq Kəsəndağ istiqamətində uzanır. Kəsəndağ ərazisində qırışığın mərkəzində yatma bucağı 70˚, qanadınlarında 20–25˚-dir.