Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün.
Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər. Amma ümumilikdə prosesin gedişini izləyiblər.
Tabelilik bağlayıcıları müstəqil cümlələri tam, bütöv şəkildə bağlamırsa, həmin bağlayıcılardan əvvəl nöqtə qoyulur. Məsələn: ATƏT-in Minsk qrupu var, maraqlı tərəflər var. Ona görə də düşünürəm ki, bu məsələlər həmin qrup çərçivəsində həll olunmalıdır.
Adların qısaldılmış yazılışında və gizli saxlanılan adların yazılışında qısaldılmalardan sonra nöqtə qoyulur.
Və sair, və ilaxır sözləri qısaldılmış şəkildə belə yazılır. Və s., və i.a.