Mixail Fyodorovic Romanov - Wikipedia
Mixail Fyodoroviç Romanov (rus. Михаи́л Фёдорович Рома́нов, 12 iyul 1596 – 13 iyul 1645, Moskva, Çar Rusiyası) — Rusiyanın Romanovlar sülaləsindən olan ilk hökmdarı.
Mixail Fyodoroviç Romanov | |
---|---|
21 fevral 1613 – 13 iyul 1645 | |
Əvvəlki | Qeyri-müəyyən dövr |
Sonrakı | Aleksey Mixayloviç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Çar Rusiyası |
Vəfat tarixi | 13 (23) iyul 1645[1] (49 yaşında) |
Vəfat yeri | Moskva, Çar Rusiyası |
Dəfn yeri | Arxanqelsk kafedralı, Moskva |
Sülalə | Romanovlar |
Atası | Fyodor Nikitiç Romanov |
Anası | Kseniya İvanovna Şestova |
Həyat yoldaşları | Mariya Dolqorukova, Yevdokiya Streşneva |
Uşaqları | Aleksey, İoann, Vasili, İrina, Anna, Tatyana, Pelaqeya, Marfa, Sofya |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktəMixail Fyodoroviç Romanov 1596-cı ildə boyar Fyodor Nikitiç və Kseniya İvanovnanın yeganə oğlu kimi dünyaya gəlib. O Rusiyanın Ryurikoviç sülaləsindən olan sonuncu çarı İvan Qroznının üçüncü oğlu Fyodor İvanoviçə qohumluğu çatırdı. Romanovlar sülaləsinin banisi Nikita Romanoviç Zaxarin-Yuryev uzun mûddət çar sülaləsinə ən yaxın adamlardan biri olub və ailəsi ilə birgə dövlətdə önəmli vəzifələr tutub. Ancaq Fyodor İvanoviçin ölümündən sonra başlayan və Rusiya tarixində hakimiyyət uğrunda mübarizə, hərcmərclik, İsveçlə müharibə ilə səciyyələnən və "qeyri-müəyyən dövr" adlanan zaman kəsiyi (rus. Смутное время) sülalə üçün acınacaqlı olur. Beləki çariça İrina Fyodorovnanın qısa müddətli hakimiyyətindən sonra taxta gələn Boris Qodunov üçün Romanovlar ailəsi hakimiyyət uğrunda əsas rəqiblərdən hesab edilirdi. Buna görə o 1601-ci ildə Nikitiç Romanoviç Zaxarin-Yuryenin oğulları Fyodor, Aleksandr, Mixail, İvan və Vasilini rahibliyə uyğun olaraq taraş edərək ailələri ilə birgə Şimali Uralda yerləşən Nırob şəhərinə sürgün edir. Fyodor və İvandan başqa digər qardaşlar kiçik aralıqlarla 1602-ci ildə vəfat edirlər.
1605-ci ildə Boris Qodunov vəfat edir. Yerinə hakimiyyətə gələn oğlu II Fyodor isə 18 gün sonra öldürülür. Beləki özünü 15 may 1591-ci ildə naməlum səbəbdən ölmüş İvan Qroznının kiçik oğlu kimi qələm verən və Dimitri İvanoviç (Yalançı I Dimitri) adlandırılan şəxs çevriliş edərək taxta çıxır. Daha sonra o Ryurikoviç sülaləsinə mənsubluğunu sübut etmək üçün sürgündə olan Fyodor Romanov (mitropolit Flaret), həyat yoldaşı Kseniya İvanovna (inokinya Marfa) , oğlu Mixail və həmçinin İvan Romanovu geriyə qaytarır. Fyodor Romanov (Flaret) Rostov mitropoliti təyin edilir. O bu vəzifəni həm də IV Vasili Şuyskinin dövründə də saxlayır. 1608-ci ildə Fyodor Romanov Şuyskinin rəqibi II Yalançı Dimitrinin rəhbərlik etdiyi "Tuşino oğruları" tərəfindən həbs edilir və patriarx kimi onun tac qoyma mərasimində iştirak edir. Bu zaman Kseniya İvanovna və Mixail Moskvada olurlar.
1609-cu ildə Reç Pospolita kralı III Sigizmundun göstərişi ilə polya-litva ordusu Rusiyaya hücum edir, növbəti il Moskvanı mühasirəyə alır və 1611-ci ilə kimi paytaxtı işğal edirlər. Bütün bu dövr ərzində Mixail anası ilə birgə Kremldə qalır. Atası Flaret isə 1610-cu ildə Polşaya səfir kimi göndərilir və burada kralın oğlu Vladislavın rus taxtına namizəd kimi tacqoyma mərasimində işgirak edir. Ancaq mitropolit çarın mütləq provaslav olması şərtini irəli sütür. Qarşı tərəf isə bununla razılaşmır. 1611–1612-ci illər arasında kazak dəstələrinin və könüllülərin mübarizəsi nəticəsində paytaxt azad edilir və polyaklar geri dönürlər.
1612-ci ilin qışında Kseniya İvanovna və oğlu Mixail Domnine kəndindəki Romanovların qış mülkündə yaşayırlar.
13 mart 1613-cü ildə başda Ryazan arxiyepiskopu Feodoritin olduğu Qış sarayı səfirləri Mixaili çar elan edirlər. Mixail anası inokinya Marfanın razılığını aldıqdan sonra səfər boyu Kostroma, Nijni Novqorod, Vladimir, Yaroslavl, Serqiyev Posad, Rostov və Suzdaldan keçərək Moskvaya yola düşür. Kostromada olduğu zaman polyak-litva dəstələri yeni hökmdara qəsd etməyə çalışırlar. Yolda rastlaşdıqları Domnine kənd sakini İvan Susanin adlı şəxsdən Mixailin yerini göstərməyi tələb edirlər. Ancaq Susanin onları azdıraraq Romanovun həyatını xilas edir və öldürülür. Paytaxta çatdıqdan sonra Kreml sarayına gələn Mixaili çar hakimiyyətinin simvolları ilə qarşılayırlar. Sonra o Arxanqelsk kilsəsində rus çarlarının məzarı üzərində dua edir.
11 iyul 1613-cü ildə Uspensk kafedralında Mixail Romanovun tac qoyma mərasimi keçirilir. I Mixaillin taxta çıxması ilə ara dövr bitdi, mərkəzi hakimiyyət gücləndi.
Hakimiyyət illəri
redaktəÇarlığının ilk 6 ilində gəncliyi ilə əlaqədar olaraq Mixail ölkəni Marfa və dirgə qohumları ilə şərikli idarə edirdi.
1617-ci ildə İsveçlə Stolbev müqaviləsi bağlanılır. Sülhə əsasən Novqorod torpaqları Rusiyaya qaytarılır.[2] Həmçinin 1618-ci ildə Reç-Pospalita ilə müharibəyə son verilir, Deulin sülhü bağlanır və əlaqələr normallaşdırılır.
1619-cu ildə Mixail atasını Polşadan geri gətirir. Mənbələrə əsasən Patriarx Flaret sarayda çox böyük nüfuza malik olub və ona hökmdar kimi müraciət olunub.
1621-ci ildə çar üçün xüsusi olaraq ilk əlyazma rus qəzeti "Kurantı" və ya "Xəbĕr məktubları (rus. Ве́сти-Кура́нты, rus. Вестовые письма) dərc olunmağa başlayır.[3]
1632-ci ildə yeni rus-polyak müharibəsi başlayır. Savaş 2 il davam edir və Polyanov sülhü ilə bitir. Rusiya 1609–1618-ci illərdə itirdiyi Smolenski və Şimal torpaqlarını geri qaytara bilmir. Ancaq IV Vladislav rus tacına olan iddiasından imtina edir.
1632-ci ildə Mixailin razılığı ilə Andrey Vinius[4] Tulada ilk çuqun, dəmir və silah istehsal edən müəssisə açır.
Bu illərdə həm də Rusiya ərazisini şərqə doğru genişləndirməkdə davam edir və Sakit okeana çıxış əldə edilir.
Ailə həyatı
redaktə1616-cı ildə Mixailin 20 yaşı tamam olur və evlilik üçün yetişkin zamana gəlir. Anası Marfanın tələbi müxtəlif yerlərdən nüfuzlu ailələrin gənc qızları baxış üçün Moskvaya buyururlar. Marfa oğlunu Saltıkovlar nəslindən olan qızla evləndirmək istəsədə Mixail boyar ailəsindən olan Mariya Xlopovanı seçir. Xlopova yaxınları ilə birgə saraya yerləşir və ona İvan Qroznının həyat yoldaşının şərəfinə Anastasiya adı verilir. Ancaq Marfa bu işə mane olur və bir müddət xəstə olan Mariyanı sülalə davamçısını dünyaya gətirməkdə iqtidarsız olduğunu bəhanə edərək yaxınları ilə birgə əvvəlcə Qış sarayına və daha sonra Tobolska göndərir.
1619-cu ildə vətənə geri qayıdan Flaret Mariyanı Nijni Novqoroda gətirir. Mixail bir daha Mariya ilə evlənmək istəsədə Marfa yenĕ bununla razılaşmır və izdivac baş tutmur.
18 sentyabr 1624-cü ildə Mixail Mariya Vladimirovna Dolqarukova ilə evlənir. Amma Mariya bir neçə gün sonra xəstələnir və növbəti il vəfat edir.[5].
Mixailin ikinci həyat yoldaşı Yevdokiya Streşneva[6] olur. Onlar 5 fevral 1626-cı ildə Moskvada baş tutur. Mixail və Yevdokiyanın bu evlilikdən 10 övladı olur. Pelaqeya, Marfa, Sofya körpə yaşlarında (2 yaşına çatmamış), Yevdokiya doğulduğu gün, Vasili doğulduqdan bir neçə gün sonra, İvan isə 5 yaşında vəfat edir.
Ölümü
redaktəMixail Romanov 13 iyul 1645-ci ildə 49 yaşında assit xəstəliyindən vəfat edir və Arxanqelsk kafedralında dəfn edilir. Xəstəlyin səbəbi kimi oturaq həyat tərzi, soyuq içkilər və melonxaliya olur. Onun yerinə hakimiyyətə Aleksey Mixayloviç gəlir.
Xatirəsi
redaktəAbidələr
redaktə1851-ci ildə Kastromada memar Vasili Demut-Makinovskinin "Çar Mixail Fyodoroviç və kəndli İvan Susanin" abidəsi ucaldılır. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin "respublika abidələri haqda" dekretinə əsasən çar və onların qulluqçularına həsr olunmuş abidələr dağıdılacaqdı. Bu kateqoriyaya uyğun gələn Kastromada ucaldılmış sütun 1918–1928-ci illər arasında mərhələli şəkildə uçurulur.
Filmlər
redaktə- "Romanovlar evinin hakimiyyətə gəlməsi" (1913)
- "Romanovlar sülaləsinin hakimiyyətinin 300 illiyi" (1913)
- "Romanovlar" (2013)
Ədəbiyyat
redaktə- Pçelov Y. V. Romanovlar. Sülalənin tarixi. — ОЛМА-ПРЕСС, 2003. — ISBN 5-224-01678-9.
- Kozlyakov V. N. Mixail Fyodoroviç. — Молодая гвардия, 2010. — ISBN 978-5-235-03386-3.
İstinadlar
redaktə- ↑ RKDartists (nid.).
- ↑ "Государь Царь и Великий Князь Романов Михаил Фёдорович". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
- ↑ Rəsmi olaraq qəzetin adı yox idi. "Aleksey Mixayloviçin siyahıyalama kitabı (1976)"da "müxtəlif xəbərlər haqda kurantlar" adlanır. "Kurant" sözü xəbərlər bərkidilən dirəkləri ifadə edir.
- ↑ Winius, Andries Dionyszoon Arxivləşdirilib 2015-01-06 at the Wayback Machine // Kotilaine, Jarmo T. Encyclopedia of Russian History (2004)
- ↑ "Первый и второй браки царя Михаила Федоровича. Извлечение из книги В. Н. Берха «Царствование царя Михаила Феодоровича…». 1832". 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
- ↑ Yevdokiyaya da Anastasiya adını qəbul etmək təklif edilir. Ancaq o bu addın öz daşıyıcılarına uğur gətirmədiyini bildirərək ismini dəyişdirmir.