Materiya Felsefe - Wikipedia
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır.
XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir. Həmin idealist konsepsiyalarda aləmdəki bütün hadisələrin substansiya növündə Allah iradəsi, "mütləq ideya", ruh, enerji (energetizm) və s. götürülür.
Materiyanı onun müəyyən konkret formalarına, məsələn, maddəyə və ya atomlara müncər etmək olmaz, çünki materiyanın maddədən ibarət olmayan növləri vardır: elektromaqnit qravitasiya sahələri, son dərəcə mürəkkəb struktura malik müxtəlif tipli neytronlar. Müasir elm nöqteyi-nəzərindən materiyanın 3 əsas forması bunlardır:
- cansız təbiət sistemləri (elementar zərrəciklər və sahələr, atomlar, molekullar, mikroskopik cisimlər, müxtəlif qaydalı kosmik sistemlər);
- bioloji sistemlər (bütün biosfer-mikroorqanizmlərdən tutmuş insanlara qədər);
- sosial təşkil olunmuş sistemlər (insan, cəmiyyət).
Lakin materiya təkcə bu formalara müncər oluna bilməz, ona görə ki, sonsuz aləmdə obyektiv reallıq olmaqla materiyanın keyfiyyətcə digər növləri, məsələn, kvarklar və "elementar" zərrəciklərin strukturunda digər mümkün mikroobyektlər vardır.
Kainatda o cümlədən Yer kürəsində mövcud olan bütün cisimlər materiyanı təşkil edir. Hərəkət təbiətdə baş verən ixtiyari dəyişiklikdir. Materyanın hərəkətinin forma və növləri sonsuzdur.
Materiyanın iki əsas növü vardır : maddə və fiziki sahə . Maddə hiss üzvlərimiz vasitəsilə duyulan və kütləsi olan materiyadır.Təbiətdəki bütün canlı və cansız cisimlər maddədən ibarətdir. Maddənin mühüm xassəsi kütləsinin olmasıdır. Fiziki sahə maddələrin qarşılıqlı təsirini öyrənən bölmədir. Fiziki sahənin bir neçə növü təyin olunmuşdur. Bunlar qravitasiya sahəsi , elektrik sahəsi, maqnit sahəsi və s. -dir