Mehemmedhesen Aga Saricali Cavansir - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor.
Məhəmmədhəsən ağa Cavanşir | |
---|---|
Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Qarabağ xanlığı |
Atası | İbrahim xan |
Anası | Xanımnənə xanım |
Fəaliyyəti | zabit |
Həyatı
redaktəMəhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi.[1]
Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır:
Verdi ağa mənə bir çuxa ki, min donə dəgər,
Qeysəri-Rum geyən rəxti-humayunə dəgər,
Filməsəl, xələti-xaqanü Fridunə dəgər,
Yaxası yaxa dolu lölöi məknunə dəgər,
Müxtəsər, hər ətəyi bir ətək altunə dəgər.
1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir. Mehdiqulu ağa Məhəmməd bəyin yeznəsi idi. Mehrəli bəyin qızı Xanxanım ağanı almışdı. Xanzadə bir müddət Şuşada qalırsa da iş görə bilmir. Məhəmməd bəy xanlıqda atını sağ-sola çapırdı. İbrahimxəlil xan bu dəfə Məhəmmədhəsən ağanı Qarabağ bəyləri və 500 nəfərlik qoşun ilə Şuşaya göndərir. Məhəmməd bəy Qarabağ ellərini də götürüb İrana keçmək istəyi ilə Kirs dağına çəkilir. Məhəmmədhəsən ağa onları izləyir.
Tarixçi Mir Mehdi Xəzani yazır: "Çün Məhəmmədhəsən ağa həqiqətdə çox sahibi-tədbir və sahibi-hörmət, sahibi-nəcabət, sahibi-vüqar və sahibi-rəftar adam idi və hamı onu sayardılar və heç kim ona etinasızlığa olmağa cürət etməzdilər. Elə ki, Qarabağ əhli mərhum ağanı görcək hamısı fövc-fövc gəldilər, ağanın xidmətində baş endirdilər və bəziləri əlini öpdülər. Hamı, Məhəmməd bəyin yanında olanlar gəldilər [2].
Tarixçi Mirzə Camal Cavanşir Qarabaği də yazır: "(Məhəmmədhəsən ağa) adam göndərib Məhəmməd bəyi öz yanına çağırdı. Əvvəlcə Məhəmməd bəy qorxuya düşdü, lakin sonra xatircəm olub Məhəmmədhəsən ağanın hüzuruna gəldi, mərhum Məhəmmədhəsən ağanın əlini öpüb xatircəmliklə onun yanında qaldı. (Məhəmmədhəsən ağa) Məhəmməd bəyin istiqlaliyyəti zamanında qarışıqlığa bais olan bir neçə cinayətkarı Məhəmməd bəyin gözü qabağında məsuliyyətə cəlb edib, cəzalandırmağı əmr etdi [3].
Məhəmmədhəsən ağa Məhəmməd bəyi sakitləşdirəndən sonra mahal naiblərinə, camaata məktub yazıb öz iş-gücləri ilə məşğul olmaqlarını tapşırır. Atasına qasid göndərib Şuşaya çağırır.
Fətəli şah qaynatası İbrahimxəlil xana ənam-ərmağan göndərəndə Məhəmmədhəsən ağanı da yaddan çıxarmazdı.
Kürəkçay traktatının imzalanmasında yüksək hərbi rütbə alanlardan biri də Məhəmmədhəsən ağa idi. Çarın əmri ilə Məhəmmədhəsən ağaya general-mayor rütbəsi vermişdilər. Vəliəhd olduğundan ikinci oğlu Şükür ağanı girov kimi aparıb Gəncədə saxlamışdılar.
Elə bu zaman Məhəmmədhəsən ağa ilə atasının arasına inciklik salırlar. Tarixçi Mir Mehdi Xəzani yazır: "Xüsusən bir para şərir adamlar aralıqda şeytanlıq edib, İbrahim xan ilə öz böyük oğlu Məhəmmədhəsən ağanın arasına və Mehdiqulu ağa və Xanlar ağanın aralarına küdurət və iğtişaş saldılar. İbrahim xanı Məhəmmədhəsən ağadan dilxor və rəncidə elədilər. Cəbrayıllı tayfası ki, Vərəndə mahalında bir böyük eldir və Məhəmmədhəsən ağanın anasının qohumları olan ümdə bəyləri var idilər. Məhəmmədhəsən ağaya itaət edib, İbrahim xanın əmrinə müti olmadılar. Bu gunə işlər çox baisi-küdurət oldu. Hərçənd mərhum xan iradə elədi ki, Mehdiqulu ağa və Xanlar ağa ittifaq olub Məhəmmədhəsən ağanın hökmünü və rütbəsini aşağı salalar və cəbrayıllı camaatını dəxi bir növ (sakit) edib, ondan kənar və uzaq edələr ki, Ibrahim xana dürüst mütü olalar. Amma Mehdiqulu ağa və Xanlar ağa Məhəmmədhəsən ağa ilə bihörmətlik etməyə razı olmadılar ki, İbrahim xan yaşlaşmışdı. Məhəmmədhəsən ağa sayılan və sahibi-hörmət və sahibi-əql və rəftar və fərasətli və kamallı və sahibi-ədəb və adab və qırx yaşına yetmiş və təcrübə etmiş və hamı vilayətlərdən ümdə mötəbər və sahibi-tədbir hesab olunan idi [4].
Fətəli şah sərkərdəsi Əbülfət xan Tuti Sarıcalı-Cavanşirə beş min atlı verib Qarabağa yola salır. Tapşırır ki, Qarabağı alıb özü vəliəhd olsun. Məhəmmədhəsən ağanı da girov kimi saraya göndərsin. Əbülfət xan Qarabağa girən kimi bir çox ellər, adlı-sanlı bəylər qoşulur ona. İbrahimxəlil xan Məhəmmədhəsən ağanı və Mehdiqulu ağanı qoşunlarına başçı təyin edib oğlunu silahlı qarşılamağa gedir. Məhəmmədhəsən ağa qoşunla gəlib atası ilə bərabər Dizaq mahalında yerləşir. Əbülfət xan atasının və qardaşın üstünə hücum edir. İlk hücumda basılıb geri çəkilir. Bu barədə tarixçi Mir Mehdi Xəzani yazır: "Fətəli şah Əbülfət xanı beş min qoşun ilə Qarabağa İbrahim xanın yanına məmur elədi. Çox giran ənam və mərhəmətlər ilə ona göndərdi ki, İbrahim xanın inaət və köməyinə iqdam edə. Onun hüzurunda vəkil və naib kimi olub, dəxil və təsərrü edənləri, xüsusən Məhəmmədhəsən ağanı, bir para Qarabağın bəyzadələri ilə Fətəli şahın hüzuruna rəvanə edə. Nə qədər ki, İbrahim xan hali-həyatdadır, onun xidmətində olub, Qarabağda heç bir iş Əbülfət xanın səlah didindən xaric olmaya. Pəs Əbülfət xan sərhədi-vilayətə gəlib, Fətəli şahın bu gunə səlahdidin atası İbrahim xana hali elədi. Xan dəxi bir para işlərə və övladından küdurət etməyinə görə əvvəl hər-çənd bu əmrə razı olmaq istədi, amma sonra oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa və Xanlar ağa hər üçü ittifaq olub, əzbəski, Əbülfət xan bir ədna olan övrətdən olmuşdu və həmə vaxt Qarabağda olanda Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya nökərlər rəftarı kimi xidmətlər qılmışdı. Onun şöylə vəkil və sahibi-ixtiyar olmağına razı olmayıb, İbrahim xanı nikul və təğyir elədilər. Əbülfət xanın dedikləri kəlamatın əksinə rəftar və əməl başladılar. Xan dəxi Fətəli şahın bir para təklifatını xoşagəlməz bilib dübarə əbülfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin".
Məhəmmədhəsən ağa digər qardaşlarından kömək alıb Əbülfət xanın üstünə yürüyür. Atışmada Əbülfət xanın qoşunu məğlub olub qaçır.
Fətəli şah üç nəfər xas xanlarından ibarət elçi göndərib İbrahimxəlil xanı əmin edir ki, mənim bu davadan xəbərim yoxdur. Gəl İran qoşununu Əsgəran qalasına burax ki, onlar Qarabağı rus istilaçılarından qorusun. İbrahimxəlil xan Fətəli şahın and-amanlarına inanmayaraq elçiləri tutub ruslara verir. Fətəli şah xandan inciyir.
Abbas mirzənin başçılığı ilə İran qoşunu Qarabağa girir. Məhəmmədhəsən ağa Qarabağ qoşunu ilə savunmaya qalxır. Dizaq mahalında səngər tutub Qarabağ camaatının daldalanmasını gözləyir. Camaat dağ-daşda daldalanandan sonra geri çəkildi. Abbas mirzə ağır qoşunla Qarabağın ortasına irəlilədi. Lakin rusların köməyə gəldiyini görüb çəkilib Gəncə tərəfə getdi. Fətəli şah və Əbülfət xan Tuti də qayıdıb İrana getdilər.
Məhəmmədhəsən ağa Qarabağ içində olan məğşuşluğu dəf edib camaatı, asi bəyləri sakitliyə çağırır.
Məhəmmədhəsən ağa 1805-ci ildə Iran sərkərdələri Məhəmmədhəsən xan Müqəddəmi, Əli xan nəsəkçibaşı Kəngərlini və Maqsud xanı döyüşdə əsir tutmuşdu.
1806-ci ildə Məhəmmədhəsən ağa vəfat etdi.[5]
Məhəmmədhəsən ağanın II Şahverdi xan Ziyadoğlu-Qacarın qızı Xeyrənnisə bəyimlə, Xoy hakimi Əhməd xan Dünbilinin qızı Mahşərəf xanımla ailə qurmuşdu.
Mükafatları
redaktəMəhəmmədhəsən ağa "Qarabağın vəliəhdi Məhəmmədhəsən ağaya 1805-ci il sədaqətinə görə" brilyant işləməli qızıl medal verilmişdi.
Övladları
redaktəOğulları
- Cəfərqulu ağa, sonra Cəfərqulu xan Nəva kimi tanındı.
- Şükürulla ağa, sonra Şükür ağa Sarıcalı-Cavanşir kimi tanındı.
- Xancan ağa
- Böyük xan
Qızı
- Tubu bəyim
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Xan Shushinski | LIFE WAY | Genealogy". xan.musigi-dunya.az. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-13.
- ↑ Qarabağnamələr. 2-ci kitab. Bakı, "Yazıçı", 1991, səh. 143-144.
- ↑ Bax: Qarabağnamələr. 1-ci kitab. Bakı, "Yazıçı", 1989, səh. 129.
- ↑ Qarabağnamələr. 2-ci kitab. Bakı, "Yazıçı", 1991, səh. 161-162.
- ↑ "Hərb işi - Məhəmmədhəsən Sarıcalı Cavanşir". Azeribalası | Azerbaycan (az.). İstifadə tarixi: 2024-07-13.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2 (2) 2003.