Mehemmed Teymurlu - Wikipedia
Məhəmməd Əbdüləziz oğlu Teymurlu(d. 12 sentyabr 1939, Məlikli, Zərdab rayonu) — professor, fəlsəfə elmləri üzrə alim, dosent.
Məhəmməd Teymurlu | |
---|---|
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Svetlana Teymurlu |
Atası | Əbdüləziz |
Təhsili | Bakı Slavyan Universiteti |
Həyatı
redaktəHəsən bəy Zərdabi nəslindən olan Məhəmməd Əbdüləziz oğlu Teymurlu 1939-cu ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Orta məktəbi və Göyçay Pedaqoji texnikumunu bitirib kənddə sinif müəllimi işləmişdir. Hələ orta məktəbi oxuyarkən məqalələrlə respublika mətbuatında çıxış etməyə başlamış, yerli, rayonlararası ştatdankənar müxbiri olmuşdur. M. Teymurlu "Geoloq" qəzetində ədəbi işçi sifəti ilə də çalışmışdır. 1961–1964-cü illərdə Uzaq Sibirdə ordu sıralarında xidmət edib. 1965-ci ildə indiki Bakı Slavyan Universitetinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi fəaliyyəti
redaktə1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək müəllim kimi əmək fəaliyyətinə başlamışdır. O, müəllimlik etməklə yanaşı, həm də çoxtirajlı "Bilik" qəzetində ədəbi işçi, redaktor müavini, ictimai elmlər kabinetinin müdiri vəzifələrində də çalışmışdır. 1977–1978-ci illərdə M. Teymurlu Şevçenko adına Kiyev Dövlət Universitetinin ictimai elmlər üzrə ixtisasartırma kursunu bitirmişdir. O, 1985-ci ildə indiki BDU-nun məqsədli aspiranturasına qəbul olmuşdur. 1987-ci ildə mənəvi tərbiyənin aktual problemlərinə həsr olunmuş dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə elmləri üzrə alimlik dərəcəsi almışdır.
M. Teymurlu 1989-cu ildə indiki ADU-nun fəlsəfə kafedrasının baş müəllim və dosent vəzifələrinə seçilmişdir. 1993–2005-ci illərdə həmin ali məktəbin fəlsəfə, politologiya və iqtisadi nəzəriyyə kafedralarının müdiri işləmişdir. 50-dən çoxelmi-siyasi, metodik və dərs vəsaitinin, 150-dən çox publisistik məqalənin müəllifidir. Ictimai elmlər kabinetinin müdiri, keçmiş SSRİ Fəlsəfə Cəmiyyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Son illərdə əsasən "Qədim Şərq fəlsəfəsi", "Fəlsəfə", "Sosiologiya", "Politologiya" ali məktəblər üçün dərslikləri çap olunmuşdur. M. Teymurlu Əməkdar incəsənət xadimi, tanınmış hərbçi-şair, polkovnik Abdulla Qurbaninin əsgər həyatına, vətən oğullarının qəhrəmanlıqlarına, görkəmli sərkərdələrimizin, generallarımızın ibrətamiz ömür yollarına həsr edilmiş 15-dən artıq sanballı təbii, tarixi, sənədli əsərlərdən ibarət kitabların redaktoru, ABŞ-da çıxan beynəlxalq "Babilyon-Azərbaycan" jurnalının müxbiri, İctimai-siyasi satirik "Güzgü" qəzetinin redaksiya heyətinin və Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvü, 2001-ci ildə YUNESKO-nun xətti ilə İrəvanda keçirilən Beynəlxalq simpoziumda Azərbaycan nümayəndə heyəti, 2004-cü ildə Azərbaycan Naminə Hərakatın üzvü olmuşdur.
Məhəmməd Əbdüləziz oğlu, keçmiş SSRİ Fəlsəfə Cəmiyyətinin üzvü kimi dəfələrlə Rusiyanın Moskva, Leninqrad, Lipetsk, Voronej və başqa şəhərlərində beynəlxalq elmi simpoziumlarda, konfranslarda fəal iştirakına görə mükafatlandırılmış və fəxri fərmanlara layiq görülmüşdür. İndiki BDU-nun nəzdində fəlsəfə elmləri üzrə ixtisaslaşdırılmış Müdafiə Şurasında dəfələrlə rəsmi opponent olmuşdur. Elmi fəaliyyəti nəzərə alınaraq 2009-cu ildə ADU-nun Elmi Şurasında Fəlsəfə kafedrasının professoru seçilmişdir. 2014-cü il 24–26 mayda Türk Xalqları Ümumdünya Assambleyasının Azərbaycan respublika və Zaqafqaziya regionu üzrə departamentin rəhbəri kimi Qərbi Türkistanın Çimkənd şəhərinin yaxınlığındakı Turan şəhərciyində Assambleyanın işində fəal iştirak etmişdir. M. Teymurlu 2010-cu ildə Dünya Azərbaycanlıları Konqresinin Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş XI qurultayında Türk Xalqları Ümumdünya Assembleyasının Ağsaqqal Şurasının sədri olmuşdur. Hazırda Veteranlar Şurasının sədri kimi Respublika Veteranlar Şurasının Plenum üzvüdür.
Dərslikləri
redaktə- Politologiya
- Fəsəfə
- Sosialist həyat tərzinin başlıca prinsipləri[1]
Mükafatları
redaktəM. Teymurlu "Qızıl qələm" mükafatı laureatı;
Müdafiə Nazirliyi və Ali Hərbi Komandanlıq Məktəbi tərəfindən 4 dəfə fəxri fərman və diplomlarla təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Dərsliklər [ölü keçid]
- ↑ "ADU-da universitetin professoru Məhəmməd Teymurlunun 75 illik yubileyi". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.