Mehemmed Kazim - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhəmməd Kazım (1720-1753) - fars tarixçisi.
Haqqında
redaktəMəhəmməd Kazım 1720-ci ildə anadan olmuş, əvvəllər Nadir şahın qardaşı, Azərbaycan hakimi İbrahim xanın katibi və xidmətçisi olmuş, sonralar Mərv şəhərinə dəvət olunub, yerli hakimin vəziri olmuşdur. Həmin illərdə Məhəmməd Kazım "Dünyanı bəzəyən Nadir şahın tarixi" və ya "Nadirnamə" əsərini yazmışdır. Dövrünün ictimai-siyasi hadisə və məsələlərinə aid faktlarla zəngin olan bu üç cildlik böyük əsər Asiyanın son fatehi olan Nadir şah haqqında bir növ epopeyadır. Faktlarla zəngin olan bu əvəzsiz əsərdə xalqların sosial hərəkatları haqqında da ətraflı məlumat verilir. 1743-cü ildə Şirvanda Nadir şahın zülmünə qarşı I və II Sam Mirzələrin başçılığı ilə baş vermiş xalq üsyanlarının geniş təfərrüatları ilə də Məhəmməd Kazımın bu əsərində tanış olmaq mümkündür.
Tarixçi Nadir şahın əməllərini Şərq üslubunda yüksək poetik epitetlərlə təsvir edir. Mədhiyyə xarakterli bu əsər böyük sərkərdə və dövlət xadimi olan Nadir şahın sərkərdəlik qabiliyyətinin mahiyyətini təyin olunması üçün qiymətli bir mənbədir. Əsər həm də Nadir şah haqqında bir salnamə kimi obyektiv mahiyyət daşıyır. Tarixçi əsərdə hadisələr hakim sinfin mövqeyindən yanaşsa da, eyni zamanda heç nəyə göz yummamağa da çalışmışdır. Təəssüf ki, bütün Şərq mənbələrində olduğu kimi, bu əsərdə də təsvir olunan döyüşlərin taktiki gedişləri haqqında məlumat yox dərəcəsindədir. Hər qələbə Allahın iradəsi və şahın hünəri kimi təqdim olunur. Əsərdə İran, Orta Asiya, Əfqanıstan, Hindistan və xüsusilə XVIII əsr Azərbaycan tarixi haqqında qiymətli məlumatlar vardır.
Məhəmməd Kazım 1753-cü ildə vəfat etmişdi.
Mənbə
redaktə- Əlisa Nicat. Dünya tarixçiləri. Bakı, 1998.