Muzefferiler Iran - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Müzəffərilər — 1314-1393-cü illərdə İranın Yəzd, Fars və Kirman əyalərlərində qurulan Müzəffərilər dövlətini idarə etmiş sülalə. Paytaxtı Şiraz şəhəri idi. Sülalənin banisi Şərəf əd-din Müzəffər Elxani hökmdarı Qazan xanın minbaşısı və Yəzd yaxınlığındakı Məybur şəhərciyinin hakimi olmuşdur. Sonralar Elxanilər dövlətinin tənəzzülü dövründə müzəffərilər bütün Fars, Kirman və İraq-i Əcəmi özlərinə tabe etdilər. 1359-cu ildə Mübariz əd-din Məhəmməd (1314-1359) Azərbaycana hücum edib Təbrizi tutdu. Lakin bir həftədən sonra Azərbaycanı tərk etməyə məcbur oldu və tezliklə oğlu Şah Şüca (1359-1384) tərəfindən öldürüldü. Şah Şücanın ölümündən sonr Müzəffərilər dövləti parçalandı. Teymur 1393-cü ildə sonuncu müzəffəri hökmdarı Mənsuru (1387-1393) məğlub edib Müzəffərilər dövlətinə son qoydu.
Tarixi dövlət | |
Müzəffərilər | |
---|---|
fars. مظفریان | |
|
|
|
|
Paytaxt | Yəzd, Şiraz |
Dil | Fars dili, ərəb dili |
Din | Sünni islam |
Pul vahidi | Dinar |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Müzəffərilər |
Şah | |
• | Mübarizəddin Məhəmməd (ilk) |
• | Şah Mənsur (son) |
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin mənşəyi və güclənməsi
redaktəMüzəffərilər XIV əsrdə Ərəb fəthləri dövründə Xorasanda yerləşmiş ərəb əsilli sülalədir.[1] Lakin bəzi mənbələrdə sülalənin irani,[2] və ya fars mənşəli[3] olduğu da qeyd edilib. Sülalənin əsası Qiyasəddin Hacı tərəfindən qoyulmuşdur. Monqolların yürüşü dövründə, 1221-1222-ci illərdə Qiyasəddin Hacı Xorasandan Yəzdə, daha sonra isə Məybuda (və ya Məybur) getdi və bir müddət sonra burada vəfat etdi.[4] Oğulları Əbubəkir və Məhəmməd Yəzd atabəyi Ələüddövlənin (və ya Əlaəddin) xidmətinə daxil oldular. Əbubəkir Şam və Misirdə Monqol ordusunun hərbi əməliyyatlarında iştirak etmiş və burada həlak olmuşdur. Məhəmməd isə Yəzddə öz əcəli ilə ölmüşdür. Qiyasəddin Hacının bu iki oğlundan nəvələri olmasa da, üçüncü oğlu Mənsurun 3 övladı var idi (Məhəmməd, Əli və Müzəffər).[5] Əlinin övladı olmadığı üçün sülalə Məhəmməd və Müzəffərin soyu ilə davam etmişdir.[6]
Şərafəddin Müzəffər hərbi sahədəki uğurlarına görə Yəzd atabəyi Yusif Şah tərəfindən Məybud və Nəduşan bölgəsinə vali təyin edildi.[4] Yusif Şahın Elxani hökmdarı Arqun xanla münasibətlərinin pozulduğu dövrdə Yusif Şah tərəfindən çıxış etdi. Şərafəddin Müzəffər Arqun xanın ölümündən sonra isə Qazan xanın xidmətinə daxil oldu. O, Elxani hökmdarı tərəfindən əmir-i həzara (yəni yüzlərin komandanı, yüzbaşı) təyin edildi. Həmçinin Olcaytu xanın hakimiyyəti dövründə onun Bağdada yürüşünə qatıldı və sonrakı dövrlərdə Kirmanşah-Herat və Mərv-Əbərkuh arasındakı yolların mühafizəsinə təyin edildi. Şərafəddin Müzəffərin 1313-cü ildə ölümündən sonra onun yerinə 13 yaşlı oğlu Mübarizəddin Məhəmməd keçdi. Mübarizəddin Məhəmməd Müzəffəri hakimiyyətinin banisi sayılır.[7]
Mübarizəddin Məhəmməd
redaktəElxanilərlə münasibətlər və Müzəffəri hakimiyyətinin əsasının qoyulması
redaktəŞərafəddin Müzəffərin ölümündən sonra əmlakı Fəzlullah Rəşidəddin tərəfindən müsadirə edildi. Bundan sonra Mübarizəddin Məhəmməd əmlakın geri alınması üçün Elxani hökmdarı Olcaytu xanın yanına getməyə qərar verdi. Mübarizəddin Məhəmməd Yəzdə yaxınlaşdıqda bölgəni yağmalamaq üçün gələn Nekudərilərlə qarşılaşdı. Tərəflər arasında baş vermiş toqquşmada Nekudərilərin bir qismi öldürüldü və başları Olcaytu xana aparıldı. Elxani hökmdarı Mübarizəddin Məhəmmədin şücaətini qiymətləndirərək atasından miras qalan mülkü ona geri verdi və onu Meybud və Yəzd ətrafındakı yolların mühafizəsinə təyin etdi.[8] Mübarizəddin Məhəmmədin atasının yerinə keçdiyi 1314-cü il həmçinin Müzəffəri hakimiyyətinin əsasının qoyulması kimi də qəbul edilir.
Bu dövrdə Yəzd atabəyi Hacı Şah ilə Elxani hökmdarı Əbu Səidin münasibətləri pozuldu. Mübarizəddin Məhəmməd Əbu Səidin icazəsi ilə Hacı Şahın üzərinə hərəkətə keçdi. Hacı Şah müqavimət göstərə bilmədi və 1318-1319-cu illərdə şəhəri tərk etdi. Beləliklə, Yəzd atabəyliyi süquta uğradı və Mübarizəddin Məhəmməd bölgəyə vali təyin edildi.[8] Bu dövrdən etibarən Mübarizəddin Məhəmməd burada müstəqil hakimiyyət sürməyə başladı.[1] Həmin dövrdə Mübarizəddin Məhəmməd Nekudərilərlə mübarizəyə başladı və son iki qarşılaşmada onları məğlub etdi. Nekudərilərin rəhbəri Tuman öldürüldü. Bu proseslər Elxani sarayında onun nüfuzunu qaldırdı.[9]
Əbu Səidin 1335-ci ildə ölümündən sonra Mübarizəddin Məhəmməd Yəzddəki Elxani xəzinəsini ələ keçirdi və öz adına pul zərb etdirərək siyasi müstəqillik elan etdi.[10]
İncularla münasibətlər, Şirazın və İsfahanın ələ keçirilməsi
redaktəElxani hakimiyyətinin süqutundan sonra onun ərazilərinin bir qismində hakimiyyət quran Həsən Çobani 1339-1340-cı illərdə əmiri Pir Həsənin komandanlığı altında İncuların tabeliyindəki Şiraza yürüş təşkil etdi. Çobani ordusu şəhəri ələ keçirsə də, əhali üsyan qaldıraraq onları şəhərdən çıxardı. Bundan sonra şəhərə ikinci yürüş üçün hazırlaşan Pir Həsən Mübarizəddin Məhəmməddən yardım istədi. İkinci yürüşdən sonra şəhərə tam nəzarəti ələ keçirən Pir Həsən Kirmanın valiliyini Mübarizəddin Məhəmmədə verdi.[10] Şəhərin keçmiş valisi Qütbəddin Nikruzun müqavimətinə baxmayaraq bölgə tamamilə Müzəffərilərin əlinə keçdi. Həmçinin Bam qalası, Rikan, Bəsa, Nərməşir də Müzəffərilərə tabe edildi.[11]
Elxani hökmdarı Əbu Səid dövründə Şiraz və Fars bölgəsinə hakimlik edən İncular Şərafəddin Mahmud Şah dövründən etibarən yarı-müstəqil hakimiyyət sürməyə başladılar.[12] İncularla Müzəffərilər arasında münasibətlərin pozulmasının səbəbi Şirazın ələ keçirilməsi zamanı Mübarizəddin Məhəmmədin Pir Həsənə yardım göstərməsi idi. Bunun qarşılığında İncu hökmdarı Əbu İshaq Yəzdi mühasirəyə alsa da, daha sonra tərəflər arasında sülh imzalandı.[11]
Lakin bu sülhü pozan Əbu İshaq 1343-1352-ci illərdə bir neçə dəfə Kirmanı ələ keçirmək üçün yürüşlər təşkil etdi. 1350-ci ildə Yəzdi yenidən mühasirəyə alsa da, böyük itki verərək geri çəkildi.[11] 1352-ci ildə Əbu İshaqın Kirmana təşkil etdiyi növbəti yürüşdə də ağır itki verməsindən sonra, İncular üzərinə yürüş təşkil edən Mübarizəddin Məhəmməd həmin il Şirazı ələ keçirdi.[13] 1357-ci ildə Mübarizəddin Məhəmməd İsfahanı mühasirəyə aldı. Həmin vaxt Əbu İshaq da şəhərdə idi. İncuların müqavimətini qıran Müzəffəri ordusu şəhərə daxil oldu və ələ keçirilən Əbu İshaq 12 may 1357-ci ildə edam edildi. Beləliklə, İncu hakimiyyəti süqut etdi.[14]
Luristanın və Farsın bir hissəsinin ələ keçirilməsi
redaktəŞəbankarəlilər Mərkəz İyq olmaqla, Fars vilayətinin Tarem, Darab, İstəhban, Ferq və Neyriz kimi şəhərlərinin idarəsini əllərində saxlayırdılar. Şəbankarə əmiri Məlik Ərdəşirin Mübarizəddin Məhəmmədə tabelikdən imtina etməsindən sonra Mübarizəddin Məhəmməd oğlu Şah Mahmudu ordu ilə bölgəyə göndərdi. 1355-1356 Şah Mahmud İyq qalasını mühasirəyə aldı və qalanı ələ keçirdi. Məlik Ərdəşir isə şəhəri tərk etdi və beləliklə, Şəbankarə məliklərinin əraziləri Müzəffərilər tərəfindən ələ keçirildi.[14]
Luristan atabəyi Əlvənd Müzəffəri-İncu qarşıdurmaları zamanı İncuların tərəfindən çıxış edirdi. Bu səbəbdən 1357-ci ilin yanvarında Luristana hərəkət edən Mübarizəddin Məhəmməd Əlvəndin 10 minlik hərbi qüvvəsini məğlubiyyətə uğradaraq Luristana nəzarəti ələ keçirdi.[15]
Azərbaycana yürüş və taxtdan endirilməsi
redaktəQızıl Orda xanı Canı bəy 1357-ci ildə Azərbaycana yürüş təşkil etdi. Qızıl Orda qoşunu ciddi müqavimətə rast gəlmədən Təbrizə daxil oldu. Çobani hökmdarı Məlik Əşrəf isə tutuldu və öldürüldü.[16] Canı bəy oğlu Berdibəgi şəhərə vali təyin etdi və paytaxta geri döndü. Lakin bir müddət sonra Canıbəyin xəstələnməsi xəbərini alan Berdibəg, Çobanilərdən Əxicuğu öz yerinə təyin edərək paytaxta getdi.[17]
1359-cu ildə Cəlairi hökmdarı sultan Üveys Əxicuğu Təbrizdən çıxarsa da, əks həmlə edən Əxicuq şəhəri yenidən ələ keçirdi.[18] Hakimiyyət boşluğundan yararlanan Mübarizəddin Məhəmməd 1359-cu ilin yazında böyük ordu ilə Azərbaycana yürüş təşkil etdi. Vərziganda Əxicuğu məğlubiyyətə uğradan Mübarizəddin Məhəmməd həmin il Təbrizə daxil oldu.[19] Lakin Təbrizdə çox qala bilmədi, sultan Üveysin yenidən bölgəyə hərəkətini xəbər tutduqdan sonra İsfahana geri çəkildi.[20]
İsfahanda oğulları Şah Şüca və Şah Mahmud Mübarizəddin Məhəmmədi taxtdan saldılar və Təbarək qalasında həbs etdirdilər. 14 avqust 1459-cu ildə hökmdarın gözünə mil çəkildi. Gözlərinə mil çəkildikdən sonra Farsdakı Səfid qalasında həbs edildi.[21] Bir müddət sonra peşman olan Şah Şüca və Şah Mahmud Mübarizəddin Məhəmmədi yenidən Şiraza gətirərək xütbəni onun adına oxutdular və adına sikkə zərb etdirdilər. Lakin Şah Şüca Mübarizəddin Məhəmmədin tərəfdarlarının onu taxtdan salmaq istədiyi xəbərini aldıqdan sonra, onun adalmarını öldürtdürdü və özünü isə Tabər qalasında həbs etdirdi. Qaladakı şərait səbəbindən xəstlənən Mübarizəddin Məhəmməd daha sonra Bam qalasına aparılsa da sağalmadı və burada təxmini 1363-cü ilin dekabrı-1364-cü ilin yanvar aylarında vəfat etdi. Məybuddakı Müzəffəriyyə mədrəsəsində dəfn edildi.[21]
Cəlaləddin Şah Şüca
redaktə1459-cu ildən etibarən Müzəffəri taxtına oturan Şah Şüca 26 il hakimiyyətdə olmuşdur. O, taxta çıxdıqdan sonra Şirazı paytaxt elan etdi. Qardaşı Şah Mahmudu İsfahan və Əbərkuh valisi, digər qardaşı Əhmədi isə Kirman valisi təyin etdi.[22]
Cəlairilərlə münasibətlər
redaktəŞah Şücanın vergi məmurları Əbərkuhdan vergi toplamaq istədikdə Şah Mahmud bunu qəbul etmədi və Şah Şücaya qarşı üsyan etdi. Şah Şücanın adını sikkələrdən və xütbədən çıxararaq müstəqilliyini elan etdi. Bundan sonra Şah Şüca 1362-1363-cü illərdə böyük qoşunla İsfahana doğru hərəkət etdi. Şah Şüca qardaşı ilə müharibədə qəti nəticə əldə edə bilmədi və qardaşlar arasında sülh imzalandı.[22]
Lakin sülhə əməl etməyən Şah Mahmud Cəlairi hökmdarı sultan Üveysə müraciət etdi və ona kömək göstərəcəyi təqdirdə Müzəffəri dövlətini onun vassalı kimi idarə edəcəyini bildirdi. Bu gözlənilməz təklifi qəbul edən Cəlairi hökmdarı 1363-1364-cü illərdə İsfahana böyük ordu göndərdi.[22] İsfahana çatan Cəlairi ordusu burada 1 ay qalaraq əksikləri tamamladı. Bu dövrdə Şah Mahmudun qalib gələcəyini bilən ətrafdakı Müzəffəri əmirləri də Şah Mahmuda qatıldılar.[23] 1364-cü ildə iki ordu Şirazın şimal-şərqində Sər-i Cahan adlı yerdə qarşılaşdı. Döyüşdə tərəflərdən heç biri nəticə əldə edə bilmədi və Şah Şüca Şiraza çəkildi. Onu təqib edən Şah Mahmudun qüvvələri ardınca şəhəri mühasirəyə aldılar. Lakin müqavimət göstərə bilməyəcəyin başa düşən Şah Şüca Şirazı tərk edərək Əbərkuha, oradan da Kirmana çəkildi. Şah Mahmud isə özünü hökmdar elan edərək taxta oturdu.[24]
Bu tarixdən etibarən Müzəffəri ərazilərinin böyük qismi faktiki olaraq Cəlairilər tərəfindən idarə edilirdi və Cəlairilərin vergi məmurları bölgədən vergi toplayırdılar. Şah Mahmud isə olaraq əyalət valisi mövqeyində idi. Bu proses təxmini iki il davam etdi. Ardınca bu vəziyyətdən narazı olan Müzəffəri əyanları yenidən Şah Şüca ətrafında birləşməyə başladılar.[25] Kirmandan Şiraza hərəkət edən Şah Şüca 1366-cı ilin iyulunda Şiraz yaxınlığında Şah Mahmudu və Cəlairi qüvvələrini məğlubiyyətə uğratdı və yenidən bölgədə hakimiyyətini təsis etdi. Şah Mahmud İsfahana çəkildi. Şah Şüca 1366-1367-ci illərdə İsfahanı ələ keçirmək üçün yeni yürüş təşkil etdi. Şah Mahmudun sülh təklif edib onun hakimiyyətini qəbul edəcəyini bildirməsindən sonra tərəflər arasında sülh imzalandı. Beləliklə, İsfahanda Şah Şüca adına sikkə zərb edildi və xütbə oxundu.[25]
1368-1369-cu illərdə Şah Şüca sultan Üveysə elçi göndərərək onun bacısı ilə evlənmək istədiyini bildirdi. Bundan xəbər tutan Şah Mahmud da eyni addımı atdı. Şah Mahmud sultan Üveysə evlilik nəticəsində yenidən Cəlairi hakimiyyətini qəbul edəcəyini və məqsədinin sultan Üveysin köməkliyi ilə Fars, Kirman, Yəzd və Əbərkuh ərazilərinin ələ keçirmək olduğunu, bu əraziləri Cəlairilərin vassalı kimi idarə etmək olduğunu bildirdi.[26] Həmçinin bu əraziləri gələcəkdə Cəlairi xatunundan olan şəhzadəyə verəcəyini qeyd etdi. Bunun qarşılığında sultan Üveys Şah Mahmudla razılaşdı. 1369-1370-ci illərdə bacısını böyük təntənə və çoxsaylı Cəlairi qüvvəsi ilə İsfahana göndərildi. Beləliklə, Şah Mahmud Cəlairi şəhzadəsi ilə evlənməsi nəticəsində İsfahan yenidən Müzəffəri hakimiyyətindən ayrıldı və Şah Mahmud tərəfindən müstəqil idarə edilməyə başladı.[26]
1376-cı ildə sultan Üveys və Şah Mahmud vəfat etdi. Bundan sonra İsfahana hərəkət edən Şah Şüca şəhəri nəzarətə götürdü və Təbrizə hücum üçün hazırlıqlara başladı. Şiraz, Kirman və İsfahandan topladığı 12 min nəfərlik hərbi qüvvə ilə 1375-1376-cı illərdə Təbrizə yürüş təşkil etdi. Qəzvini ələ keçirən Müzəffəri ordusu Sultaniyəyə doğru irəlilədi. Lakin şəhərə toxunmadan Təbrizə doğru hərəkət etdi. Ucan yaxınlığında baş vermiş döyüşdə Cəlairi sultanı Hüseyni məğlub edən Şah Şüca Təbrizə daxil oldu. Sultan Hüseyn isə Bağdada çəkildi.[27]
Şah Şüca vaxt itirmədən Azərbaycana tam nəzarət əldə etmək üçün Aran, Qarabağ, Muğan və Naxçıvana hərbi qüvvə göndərdi və bölgənin böyük qisminə nəzarəti ələ keçirdi. Lakin bir müddət sonra Azərbaycanda Müzəffəri hakimiyyətinə qarşı üsyanların başlaması və sultan Hüseynin Bağdaddan ordu ilə geri dönməsi səbəbindən Şah Şüca Şiraza geri çəkildi. Nəticədə 1376-cı ildə daxil olduğu Təbrizdə sadəcə 4 ay hakimiyyətdə ola bildi.[28]
Daha sonra tərəflər sülhə razılaşdılar və sultan Hüseynin bacısı Dilşad xatun Şah Şücanın oğlu Zeynalabidin bəylə evləndirildi.
Teymurilərlə münasibətlər
redaktəŞah Mənsur
redaktəSüqutu
redaktəMədəniyyət
redaktəMemarlıq
redaktəİncəsənət
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Rıza Kurtuluş, 2020. səh. 417-418
- ↑ Beatrice Forbes Manz, 2007. səh. 155
- ↑ Zetterstéen K.V., 2020
- ↑ 1 2 Samet Alıç, 2022. səh. 129
- ↑ Mehlika Üstündağ, 2016. səh. 35
- ↑ Mehlika Üstündağ, 2016. səh. 35-36
- ↑ Mehlika Üstündağ, 2016. səh. 39
- ↑ 1 2 Samet Alıç, 2022. səh. 130
- ↑ Samet Alıç, 2022. səh. 130-131
- ↑ 1 2 Samet Alıç, 2022. səh. 131
- ↑ 1 2 3 Samet Alıç, 2022. səh. 132
- ↑ Mehlika Üstündağ, 2016. səh. 42
- ↑ Mehlika Üstündağ, 2016. səh. 43
- ↑ 1 2 Samet Alıç, 2022. səh. 133
- ↑ Samet Alıç, 2022. səh. 133-134
- ↑ Azərbaycan Tarixi, III cild, 2007. səh. 26
- ↑ Fatih Korkmaz, 2017. səh. 14
- ↑ Azərbaycan Tarixi, III cild, 2007. səh. 29
- ↑ Şaban Cem Tüysüz, 2021. səh. 421
- ↑ Şaban Cem Tüysüz, 2021. səh. 422
- ↑ 1 2 Samet Alıç, 2022. səh. 135
- ↑ 1 2 3 Şaban Cem Tüysüz, 2021. səh. 423
- ↑ Bülent Yılmaz, 2002. səh. 132
- ↑ Bülent Yılmaz, 2002. səh. 133
- ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 134-135
- ↑ 1 2 Şaban Cem Tüysüz, 2021. səh. 427
- ↑ Şaban Cem Tüysüz, 2021. səh. 428-429
- ↑ Şaban Cem Tüysüz, 2021. səh. 430
Ədəbiyyat
redaktə- Rıza Kurtuluş, MUZAFFERÎLER (türk), XXXI cild, TDV İslâm Ansiklopedisi, 2020
- Şaban Cem Tüysüz, MUZAFFERÎLER TARİHİNDE ŞAH ŞÜCA (1358-1384) (türk), sayı 67, Atatürk Üniversitesi Edebiyat Fakültesi Dergisi, 2021
- Samet Alıç, MUZAFFERÎLERİN TARİH SAHNESİNE ÇIKIŞI VE MÜBARİZÜDDİN MUHAMMED DÖNEMİNDE MUZAFFERİLER (H 718 - H 765) (türk), Cilt:12, Sayı: 1, Nevşehir Hacı Bektaş Veli Üniversitesi, Sosyal Bilimler Enstitüsü Dergisi, Mart 2022
- Bülent Yılmaz. Celayirliler Kabile-Devlet (PDF). Ərzurum: Atatürk Üniversitesi Sosyal Bilimler Tarih Anabilim Dalı Enstitüsü. 2002.
- Mehlika Üstündağ. ORTA ÇAĞ İRAN TARİHİNDE YEREL BİR HANEDAN: MUZAFFERİLER. Samsun: ONDOKUZ MAYIS ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TARİH ANABİLİM DALI. 2016.
- Nurullah Soylar, Muhammed İbrahim Yıldırım, Emir Timur’un Fars Hanedanlarına Karşı Tutumu: Mar’aşîler ve Muzafferîler Örneği (türk), 12/41, 281-296, Avrasya Uluslararası Araştırmalar Dergisi, 2024
- Zetterstéen K.V., CITEREFZetterstéen_K.V.2020 Muẓaffarids (#bad_url) // Encyclopaedia of Islam First Edition Online, 2020, doi:10.1163/2214-871X_ei1_SIM_4963
- Beatrice Forbes Manz. Power, Politics and Religion in Timurid Iran. Cambridge University Press. 2007. ISBN 978-1-139-46284-6.
- Azərbaycan Milli Elmlər Akademiyası, A. Bakıxanov adına Tarix İnstitutu (məsul redaktor: Oqtay Əfəndiyev). Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər) (PDF). Bakı: Elm. 2007. ISBN 978-9952-448-39-9. 07.10.2024 tarixində arxivləşdirilib (PDF).
- Fatih Korkmaz. Sultan Ahmed Celayir dönemi ve Celayirli – Timurlu ilişkileri. Ərzurum: T.C. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Türk Tarihi Ana Bilim Dalı. 2017. 07.10.2024 tarixində arxivləşdirilib.