Limfa Duyunleri - Wikipedia
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat. vasa efferentia vasitəsilə çıxarılaraq mərkəzə doğru daşınır. Beləliklə gətirici damarlar ilə aparıcı damarların fərqi bundadır ki, birincilər düyünlərin çıxıq səthindən daxil olur, ikincilər isə batıq səthindən – qapısından (lat. hilus) xaric olur, bundan başqa aparıcı damarlar qan damarları ilə müşayiət olunduqları ilə gətirici damarlardan ayrılır. limfa düyünlərinin miqdarı və ölçüləri olduqca müxtəlifdir, ən kiçiyi buğda boyda və ən böyüyü paxla ya badam boyda olur, bəzi patoloji proseslər nəticəsində (taun, qarayara və s.) həcmi daha da artıb konsistensiyası sərtləşir.
Limfa düyünləri | |
---|---|
Limfa düyününün quruluş sxemi | |
Limfa düyünü: (1) kapsula, (2) kapsulaltı ciblər, (3) follikullar (4) limfoid düyüncüyü, (5) atmalar. | |
Latınca | Nodus lymphaticus |
Sistem | Limfa, immun |
Üzv | Qan yaradıcı |
Histoloji quruluşu
redaktəLimfa düyünü xaricdən kapsul ilə örtülüdür, bu kapsul sərt birləşdirici toxumadan və saya əzələ liflərindən (onlar sıxılaraq düyünlərin daxilindəki limfanın cərəyanına kömək edir.) təşkil olunaraq düyünün daxilinə doğru atmalar – lat. trabeculae verir və beləliklə, onun əsasını (stromasını) əmələ gətirir. Kapsuldan daxilə atmaların arasında olan sahələr limfoid və retikulyar toxuma ilə tutulmuşdur. Düyünü təşkil edən kütlə iki hissəyə ayrılır, boz və ya qırmızı-sarımtıl qabıq maddə – lat. cortex (substantia corticalis – BNA) və qırmızı yumuşaq beyin maddə – lat. substantia medullaris. Qabığı təşkil edən limfoid toxuma follikullar (düyüncüklər) əmələ gətirir, beyin maddəni təşkil edən toxuma isə süngərə bənzəyir və qan damarları ilə zəngin olur. Qabıq maddə follikullarının mərkəzində leykositlər əmələ gəlir. Həm qabıq həm də beyin maddə limfoid toxuma ilə atmalar arasında xüsusi sahələr, limfa cibləri qalır; bunların hamısı bir-birilə rabitədə olub limfa düyününün daxilində ümumi limfa yolu əmələ gətirirlər. Qabıq maddədə hasil olan leykositlər follikullardan azad olaraq. həmin limfa ciblərinə daxil olurlar və sonra buradan aparıcı limfa damarlarına keçirlər. Limfa cibləri xüsusi torcuq – lat. reticulum vasitəsilə bölünmüşlər; bu torcuq bir tərəfdən qabıq maddə follikulları ilə və digər tərəfdən kapsul və atmalarla rabitədə olub limfa yolları ilə axan limfa cərəyanını zəifləşdiri və bunun ilə bərabər bütün atmaları, kapsulu və limfoid toxumanı bir-birilə əlaqələndirir. Limfa düyününün daxilində olan bütün yollar endotel ilə örtülü olur. Limfa düyünlərinin gətirici damarları (lat. vasa afferentia) kapsulu dəlib. qabıq maddənin limfa ciblərinə açılır, bura tokülən limfa qabıq maddənin ciblərini dövran edərək, əvvəlcə beyin maddənin eyni adlı ciblərinə və sonra limfa düyünlərinin aparıcı damarlarına (lat. vasa efferentia) keçir. Gətirici və aparıcı damarlar düyünün daxilində limfa zolları ilə rabitədə olurlar və endotel təbəqədən başqa bütün qişalarını itirirlər. Limfa düyünlərində leykositlər əmələ gəldiyi üçün, aparıcı damarlarda limfanın tərkibində onların miqdarı gətirici damarlardakı limfaya nisbətən çox olur.
Hemolimfatik düyünlər
redaktəBəzən adi limfa düyünlərindən başqa, qarın boşluğunda enən aortanın yan tərəfində, nadir hallarda boyunun dərin limfa düyünlərinin arasında hemolimfatik düyünlərə – lat. hodi hemolimphatici təsadüf edilir. Bunlar bəzi müəlliflər tərəfindən qurluşca dalaq ilə müqayisə edilir; digər grup müəlliflər isə həmin düyünləri dəyişmiş adi limfa düyünlərindən hesab edir, ancaq qan damarlarının çox olması ilə onlardan ayərd edirlər. Hemolomfatik düyünlərin rəngi tünd qırmızı və kapsulunun altında olan limfa cibləri olduqca geniş olur. Limfa ciblərində leykositlər və limfositlərdən başqa artıq miqdarda qırmızı qan cicsimcikləri təsadüf olunur, çünki düyünə daxil olaraq bilavasitə limfa ciblərinə açılır. Hemolimfatik düyünlərdə toplanan limfa və qan venalar vasitəsilə geriyə daşınır. Levisin məlumatına görə bunlarda da aparıcı damarlara təsadüf olunur. Hemolimfatik düyünlərin əhəmiyyəti bundadır ki, orada qırmızı qan cisimcikləri pozulub faqositlər vasitəsilə udulur və nəticədə eozinsevən leykositlər – eozonofillər əmələ gəlir. Dalaq çıxarılarkən bu düyünlərin miqdarı çoxalır.
Vaskulyarizasiyası və innervasiyası
redaktəArteriyalar limfa düyünlərinə həm onun xarici səthindən və həm də qapısından daxil olurlar. Xarici səthindən daxil olan arteriyalar kapsulu dələrək atmalarda şaxələnirlər; qapıdan daxil olan arteriyalar isə beyin və qabıq maddədə şaxələnərək onları qidalandırır. Limfa düyünlərində kapillyarlardan əmələ gələn venalar düyünlərin qapılarından xaric olur. Limfa düyünləri hissi və hərəki sinir liflərilə təchiz olunurlar (A. S. Doqel); bu liflər düyünlərə uyğun nahiyələrdəki kələflərdən ya sinir kötüklərindən başlayırlar.
Əlaqəli şəkillər
redaktə-
Limfa sistemi
-
İnsanın limfa sistemi
-
Dovşanın limfa düyününün kəsiyi. X 100.
-
Yuxarı ətrafın limfa düyünləri
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)