Kececilik - Wikipedia
Keçəçilik — Qədim xalq sənəti növü
Keçənin yaranması
redaktəXalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200–1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin "İlliada" əsərində rast gəlindiyi məlum olur.[1] E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir.[2] Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycanda keçəçiliyin tarixi
redaktəKeçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb. Amma ehtimal etmək olar ki, keçənin hazırlanması heyvanların əhilləşdirilməsi qədər qədimdir. Ancaq keçəçilik sənətinin təşəkkül tapmasında maldarlığın rolunu xüsusilə qeyd etmək lazımdır. Araşdırmalar göstərir ki, qədim dövrlərdə soyuq vaxtları insanlar isti olsun deyə adi yunu və ya yunlu dərini altlarına salıb üzərində oturardılar. Bu zaman yunun bir-birinə yapışdığını görüb keçə əldə etməyi öyrənmişlər. Mənbələrə əsaslanaraq qeyd edək ki, Midiyada yaşayan əhali başlarına uzun keçə papaq — "tiarı" qoyurdular. Ola bilsin ki, həmin dövrdə keçədən digər geyim dəstləri də hazırlanıb. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı e.ə. IV–III əsrlərə aid bir neçə tunc möhür tapılıb. Həmin möhürlərin üzərində olan insan rəsmlərindəki geyim nisbətən gödək keçə yapıncını xatırladır. Xüsusilə əlində çomaq, başında şiş papaq və gödək yapıncısı olan təsvir daha xarakterikdir.[3] Keçəçilik Azərbaycanda kustar sənətkarlığın mühüm bir sahəsinə çevrilmişdir. Bu sahə dağ və dağətəyi ərazilərdə daha çox inkişaf etmişdir. Bu da belə yerlərdə qoyunçuluğun əsas məşğuliyyət sahəsinin olması bu sahənin inkişafına təkan verdiyini göstərir. Azərbaycan xalqının məişətində keçədən istifadə geniş yer tutmuşdur. Keçə məmulatlarından müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Əhali keçədən döşənəcək, at üçün tərlik, baş geyimi, yapınçı, ən əsası alaçıqların üstünü örtmək üçün istifadə etmişlər. Tədqiqatlar göstərir ki, lazım gələndə keçə türk döyüşçüsünün döyüş geyimi də olmuşdur.[3]
Türk dünyasında keçəçilik sənəti
redaktəQədim xalq sənəti olan keçəçilik təkcə Azərbaycan üçün deyil, bütün türk dünyasına xas olmuşdur. Altayda Pazırık kurqanlarında tapılmış keçə parçası buna bir daha subutdur. 1947–1948-ci illərdə Rudenko tərəfindən aparılan arxeoloji qazıntılar zamanı e.ə. IV–III əsrlərə — Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü aşkar edilmişdir. Bu tapıntı keçəçilik sənətinin qədimliyini və türk dünyasına məxsusluğunu sübuta yetirir. Qazıntılar zamanı Hun kurqanlarından tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri ondan məişətdə geniş istifadə olunduğunu göstərir. E.ə. V əsr mənbələrində qeyd edilir ki, saklar (türklər-A. O) keçədən tikilmiş ucu şiş papaqlar qoyardılar.[4] Ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdılar. Keçədən məişətdə istifadə olunması haqqında "Kitabi-Dədə Qorqud" dastanında da məlumat var. Dastanda deyilir: "Kimin ki, oğlu-qızı yox, qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin".[3]
Məişətdə keçəçilik
redaktəMüəyyən tarixi mərhələdə alaçıqları keçəsiz təsvir etmək mümkün deyildi. Yaylaqda yaşayış evlərinin hansı etnosa aid olması (türk, kürd, ləzgi) uzaqdan bəlli olurdu. Belə ki, azərbaycanlılara məxsus olan alaçıqlar keçə ilə örtülmüş və bir-birindən fərqlənərək iki cür olmaqla alaçıq və dəyə adlanırdı. Yaylaqdakı çadırların nəinki hər hansı bir etnosa, hətta hansı tayfaya məxsusluğunu da çadırların formasından və rəngindən təyin etmək mümkün idi. Azərbaycanın bir çox bölgəsində olduğu kimi Naxçıvanda da sənətkarlığın bu növü geniş yayılmışdır. Bölgədən topladığımız etnoqrafik çöl materiallarına görə ərazidə bəzi kəndlərdə keçəçi məhəllələri də mövcuddur.
Keçəni salana keçəçi, həllac, həm də atıcı deyərlər. Atıcılıq alətini düzəltmək üçün 8–9 metr qoyun bağırsağını (acı bağırsaq) bir neçə qat bir yerdə eşib yay üçün kiriş düzəldilirdi. Acı bağırsaq quruyandan sonra qatıq və ya süddə yumşaldılırdı. Yay kirişinin uzunluğu bir metrdən artıq olur. Kiriş ağacdan düzəldilmiş yaya bağlanır. Yayın əltutan yerində dördkünc taxta kiriş vasitəsilə yaya bərkidilir. Atıcının yay kirişini vurmaq üçün 3–4 kq ağırlığnda toxmağı olur. Atıcı toxmağını yay kirişinə vurduqda kiriş yunu didir. Keçə salmaq üçün "güzəm" yunundan istifadə edilirdi. Keçəçi ustaların söylədiyinə görə, yaz yunundan (saçaqlı) keçə salmaq olmaz. Ona görə ki, saçaqlı yun uzun olduğu üçün bitmir, yəni bir-birinə yapışmır. 7–8 yunundan (12–15 kq yundan) bir keçə (yəni bir qəlib) hazırlanır. Alaçığın üstünü örtmək üçün bir neçə qəlibi bir-birinə tikirdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş qəlibdən, yanlarını örtmək üçün yan qəlibdən, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər. Bu da alaçığın ölçüsündən asılı olaraq hazırlanırdı.
Keçə hazırlanarkən həllaclar çalışırdılar ki, xüsusən qara yundan istifadə etsinlər. Keçə qara olduqda həm gec kirlənir, həm də qara keçədə hava keçirməmək xüsusiyyəti olduğu üçün soyuq havalarda alaçığın isti, yayda sərin olmasına imkan verir. Məişətdə keçədən döşəmə kimi də geniş istifadə edilmişdir. Naxçıvanda aparılan sorğular zamanı məlum olmuşdur ki, keçənin basılma prosesi aşağıdakı qaydada icra olunur. Yunu yay-kirişi ilə diddikdən sonra onu ağ parçanın (bezin) üstünə sərirlər. Bundan sonra hamarlanmış, yonulmuş, düz silindirik ağaca büküb hər iki tərəfindən bağlayırlar. Bu ağacın adına ox deyirlər. 5–6 nəfərin iştirakı ilə onu ayaqlayır, sonra ayaqları ilə vura-vura fırladırlar ki, yetişsin (hazırlansın). Hərdən bir salınmış yunun üzərinə ilıq su (bu su bəzən sabunlu da olur) səpirlər ki, yun bir-birinə tez yapışsın. Yun bitişib tam keçə halına gələnə qədər bu iş davam etdirilirdi. Yunun yapışması üçün küncləri toxmaqla döyülürdü. Hazırlanan məhsul "qəlib" adlanırdı. Keçəçiliklə bağlı müxtəlif deyimlər də mövcuddur.
Atıcıyam yayım var, Çaxmağım var, qovum var. Yunu yığın, gətirin, Burda mənim ovum var.[5] Və ya Həllacın var dişləri, Qırılmaz kirişləri, Vurun-vurun keçəni, Tamam olsun işləri. Dəymə-dəymə qoy dursun, Həllac görsün qudursun, Toxmağı güclü vursun.[6]
Keçələrin hazırlanması prosesi
redaktəKeçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da nəzərə alınmalıdır. Keçəçilik sənətində həllaclar qohum-qonşunun qüvvəsindən də istifadə edərdilər, çünki keçənin basılması prosesində xeyli adamın iştirak etməsi tələb olunurdu.
Həllaclar bəzən keçələrin ortasına naxış da salırdılar. Bunun üçün müəyyən rəngə boyadılmış ipi keçənin üzərinə qoyub toxmaqla döyərdilər. Belə olduqda ip keçənin üzərinə həkk olunurdu. Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olurdu. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, narıncı rənglərə boyanmış bəzəkli keçələr də hazırlanırdı. Belə keçələrə nəmənd deyərdilər. Nəmənd, heybə, yəhərüstü, tərlik və başqa keçələrin bəzəkləri əsasən zoomorf (dağ keçisi, ceyran, aslan, heyvanların döyüş səhnələri), həndəsi (romb, düzbucaq, üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, günəş, ulduz) ornamentlərindən, həmçinin "zəncir", "qoç buynuzu", "qaz ayağı", "ürək" və s. naxışlardan ibarət olurdu.[7] Keçəçilik böyük gəlir gətirən sahədir. Xüsusən müasir dövrdə, turizmin inkişaf etdiyi bir vaxtda keçədən düzəldilmiş bəzəkli məişət əşyaları, baş geyimləri, gödəkcələr diqqəti daha çox cəlb edir. Digər tərəfdən hazırda Naxçıvanda qoyunçuluğun inkişafı bu sahənin və xalçaçılığın inkişafı üçün ciddi xammal bazasının olduğunu söyləməyə imkan verir.[3]
Mənbə
redaktə- Abdulla B. Əmək nəğmələri // Azərbaycan ədəbiyyat tarixi, 6 ciliddə, I c., Bakı: Elm, s. 155–165
- Bünyadov T., Məhərrəmova S. Keçəçilik // Azərbaycan etnoqrafiyası, 3 cilddə, I c., Bakı: Şərq-Qərb, 2007, s. 463–469
- Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 265 s.
- Qədirzadə H. Q. Cəhriçay vadisi. Naxçıvan: Qızıl dağ, 2007, 160 s,
- Məhərrəmli S. Keçəçilik sənəti haqqında // Mədəni maarif, 2006, № 3, Qərənfil, s. 26–27
- http://www.kaspi.az/news/a-8684.html[ölü keçid]
- http://ekitap.kulturturizm.gov.tr/belge/1-17480/hunlar-doneminde-tepme-kececilik.html Arxivləşdirilib 2013-07-16 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Homer. İlliada. Bakı: "Öndər nəşriyyatı", 204, 528 s. (tərcümə edəni Mikayıl Rzaquluzadə)
- ↑ Heredot. Tarix. Doqquz kitabda, Birinci hissə. Azərbaycan dilinə tərcümə edən Pənah Xəlilov. Bakı: Azərnəşr, 1998, 329 s.
- ↑ 1 2 3 4 Bünyadov T., Məhərrəmova S. Keçəçilik // Azərbaycan etnoqrafiyası, 3 cilddə, I c., Bakı: Şərq-Qərb, 2007, s. 463–469
- ↑ "Arxivlənmiş surət". 2013-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
- ↑ Qədirzadə H. Q. Cəhriçay vadisi. Naxçıvan: Qızıl dağ, 2007, 160 s
- ↑ Abdulla B. Əmək nəğmələri // Azərbaycan ədəbiyyat tarixi, 6 ciliddə, I c., Bakı: Elm, s. 155–165
- ↑ http://www.kaspi.az/news/a-8684.html[ölü keçid]