I Custan Salari - Wikipedia
I Cüstan (v. 960) — Salarilər sülaləsindən Azərbaycan hökmdarı
Cüstan ibn Mərzban | |
---|---|
957 – 960 | |
Əvvəlki | Mərzban ibn Məhəmməd |
Sonrakı | İsmail ibn Vəhsudan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Mərzban ibn Məhəmməd |
Həyatı
redaktəHəyatı barədə çox məlumat yoxdur. Hakimiyyəti əsasən anasının kölgəsində və hərəmdə keçmişdir. Vəziri və adaşı Cüstan ibn Şərmzana Urmiya qalasını vermişdi. Cüstan əmisi Vəhsudanın səfiri olaraq gəlmiş vəzir Nuaymini həbs etdirmişdi. Bu da Cüstan ibn Şərmzanın katibi olan Übeydullah ibn Mərzbana pis təsir etdi. Vəzirə şikayət edərək I Cüstanın yerinə qardaşı İbrahimi gətirmək barədə təklif verdi. İbrahim bu təklifə müsbət cavab verərək Urmiyaya, oradan da Marağaya hərəkət edərək sarayı tutdu. Cüstan bu vaxt Bərdədə idi. Ərdəbilə gələrək Nuaymini azad etdiyi barədə xəbər göndərdi, vəzir Cüstan və katibi Übeydullah bu xəbərə sevinib Urmiyaya qayıtmış, İbrahim isə tək qalmışdı.
Abbasi üsyanı
redaktəİbrahim və Cüstan vəzir Cüstan ibn Şərmzanın planını öyrənəndən sonra barışdılar. Bu arada Nuaymi həbsdən qaçmış və Muğana getmiş, orada keçmiş xəlifə əl-Muktəfinin nəvəsi özünü əl-Müstəcir Billah adlandıran və xəlifəliyə iddiaçı olan İshaq ibn İsanı üsyana səsləyir, Azərbaycanı işğala çağırırdı. Bu çağırışa daha sonra vəzir Cüstan da qoşuldu. Lakin İbrahim və Cüstanın birləşmiş qüvvələri 960-cı ildə Abbasi üsyançını məğlub etdi.[1]
Nasirin üsyanı
redaktəBu vaxt Vəhsudanın təhriki ilə kiçik qardaşı Nasir də Ərdəbildə üsyana başlamışdı. Bu üsyan ölkədə çaxnaşma yaratdı və hər şəhərdə bir əmir öz müstəqilliyini elan etdi. Bu hadisələr işığında Cüstanla barışan Nasir torpaqlarını geri qaytarmaq üçün anaları ilə birgə Vəhsudanın yanına gedərək ondan kömək istədilər. Lakin Vəhsudan onları həbs edərək öz ordusunu oğlu İsmailə verdi. 960-cı ildə İsmail Azərbaycanı ələ keçirdi və I Cüstanın hakimiyyəti həbsdə sonlandı.
Ölümü
redaktəİsmailin Azərbaycanı ələ keçirməsi Cüstanın qardaşı İbrahim üçün siqnal oldu və öz ordusunu toplayaraq Azərbaycana hücuma keçdi.[1] İbrahimə qarşı keçmiş vəzir Cüstan ibn Şərmzan, Rəvvadilərdən II Hüseyn də İsmailə qoşuldular. İbrahim məğlub edildi, Cüstan isə 960-cı ildə qardaşı və anası ilə birlikdə edam olundu.