Heyderxanli Mescidi - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Heydərxanlı məscidi — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində yerləşən XV əsrə aid məscid.
Heydərxanlı məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Status | yerli əhəmiyyətli abidə |
Yerləşir | Cəhri, Babək |
Tikilmə tarixi | XV əsr |
Vəziyyəti | Sonuncu dəfə XIX əsrdə restavrasiya olunub |
Kateqoriya | Məscid |
Babək rayonunu Cəhri kəndində zəmanəmizədək beş məscid binası gəlib çatmışdır. Bu məscidlərdən bəzisi yarımuçuq vəziyyətdə olsa da nisbətən salamat qalanları da olmuşdur. Ancaq onlardan sovet hakimiyyəti illərində təsərrüfat məqsədilə anbar kimi istifadə olunmuşdur. Belə məscidlərdən biri kənd əhalisi arasında "Heydərxanlı məscidi" kimi tanınan məsciddir. Kəndin mərkəzində, Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid qoşa mehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşa mehrablı məscidlərə demək olar ki, rast gəlinməmişdir.
Sovet hakimiyyəti illərində Heydərxanlı məscidindən anbar kimi istifadə edilmişdir. Son illərdə bura taxıl yığılırdı. Buna görə də məscidin uçub tökülən yerləri, xüsusi ilə qərb divarı kobud şəkildə bərpa edilmişdir. Məscidin cənub tərəfdən iki giriş qapısı vardır. Qərbdəki qapı kişilər, şərq tərəfdəki qapı isə qadınlar üçün nəzərdə tutulmuşdur. Binanın içərisi üç sıra ağaç sütunlarla dörd yerə ayrılmışdır. Məscidin daxilində şimal və şərq divarların qarşısında kərpic hörgü ilə geniş səki düzəldilmişdir. Bu hissə qadınların oturması üçün nəzərdə tutulmuşdur. Mehrab cənubda yerləşən iki dərin uzunsov taxça və onları birləşdirən tağşəkilli ornamentdən ibarətdir. Məscidin üstü ağac tirlərlə örtülmüşdür. XV əsrə aid olan məscid son dəfə XIX əsrdə əsaslı şəkildə bərpa edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s., s. 60