Hesen Xeyrullah Efendi - Wikipedia
Həsən Xeyrullah Əfəndi (1834, İstanbul – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır.
Həsən Xeyrullah Əfəndi | |
---|---|
Əvvəlki | Turşucuzadə Əhməd Muxtar Əfəndi |
Sonrakı | Həsən Fəhmi Əfəndi |
12 may 1876 – 26 iyul 1877 | |
Əvvəlki | Həsən Fəhmi Əfəndi |
Sonrakı | Qara Xəlil Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1834 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Həyatı
redaktəTəxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi.
Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi. Səyahətin ardından imam-ı sultani vəzifəsindən alındı və Anadolu qazəsgəri təyin olundu. 2 il bu vəzifədə xidmət etdikdən sonra 22 mart 1869-cu ildə Rumeli qazəsgərliyinə namizəd göstərildi. 1871-ci ilin iyununda tərsanə müftüsü, 1872-ci ilin noyabrında yenidən imam-ı sultani təyin edildi.
Xeyrullah Əfəndi 11 iyun 1874-cü ildə Turşucuzadə Əhməd Muxtar Əfəndinin yerinə şeyxülislamlığa yüksəlsə də, onun bu ilk şeyxülislamlığı 1 ay 8 gün davam etdi və 19 iyulda vəzifədən alınaraq 2500 lirə ilə təqaüdə ayrıldı. Vəzifədən alınma səbəbi isə o dönəmin sədrəzəmi Hüseyn Avni Paşa ilə bank imtiyazlarının müddətinin uzadılması məsələsində ziddiyyət yaşaması oldu.
Şeyxülislamlığa ikinci dəfə təyini isə 12 may 1876-cı ildə Həsən Fəhmi Əfəndinin vəzifədən alınması ilə baş tutdu. Bu təyinatda, onun səbəbsiz olaraq vəzifədən alınmasına məyus olan Sultan Əbdüləzizin Xeyrullah Əfəndinin könlünü almaq istəməsinin mühüm rolu oldu. 7 iyun 1876-cı ildə Osmani və Məcidi nişanlarıyla təltif olunan Xeyrullah Əfəndinin bir ildən çox davam edən ikinci şeyxülislamlığı isə siyasi fəaliyyət, gizli məclislər və intriqalarla keçdi. Siyasi rəqibi olan Hüseyn Avni Paşanın etirazlarına baxmayaraq, Rüşdü Paşanın səyiylə Sultan Əbdüləzizi devirməyi planlaşdıran gizli komitəyə üzv oldu. Komitənin gizli iclasları və məclisləri də əksəriyyətlə Xeyrullah Əfəndinin Kuruçeşmədəki sahil sarayında baş tuturdu. Xeyrullah Əfəndi bir tərəfdən sultanı, əhalinin və üləma zümrəsinin padşahdan razı olduğuna inandırır, digər tərəfdən isə onu taxtdan endirmək üçün fətva hazırlayırdı. Xeyrullah Əfəndi adına dönəmin fətva əmini Qara Xəlil Əfəndi tərəfindən qələmə alınan həmin fətvada, "padşahın əqli cəhətdən zəif olduğu, dövlət idarəsindən xəbərsiz olduğu, dövlət xəzinəsinə yüklü miqdarda borc qazandırdığı" kimi olduqca sərt və ağır ittihamlara yer verilmişdir. Buna baxmayaraq taxtdan endirilib Topqapı sarayında həbs olunan Sultan Əbdüləzizin daha sonra Fəriyə sarayına daşınması əsnasında, şəxsən Xeyrullah Əfəndi tərəfindən nəşr olunan məqalə ilə onun vaxtilə padşahın əqli zəif olması barədə yazdığı fətva arasında məntiqi uyğunsuzluqlar şeyxülislama qarşı etriazlara səbəb oldu. Yeni padşaha biat (tabe) etməsi üçün saraya dəvət edilən Şərif Əbdülmütəllib Əfəndi, Sultan Əbdüləzizin taxtdan bu şəkildə endirilməsinə etiraz edərək şeyxülislamı bu məsələdə günahlandırmış və yeni padşaha biat etməkdən imtina etmişdir.
Sultan Əbdüləzizin ölüm səbəbinin araşdırılmasında da Xeyrullah Əfəndi aktiv rol oynamış, şeyxülislamlıq qurumunda vəzifəli Qazəsgər Mustafa İzzət Əfəndi və Hüsnü Əfəndi tərəfindən yazılan rəsmi məlumatda sabiq padşahın vəfat səbəbinin intihar olduğu göstərilmişdir. Ancaq çox keçmədən yeni sultanın əqli zəifliyi, hətta dəlilik sayılacaq hərəkətləri üzə çıxdı və bu dəfə də onun haqqında fətva vermək Xeyrullah Əfəndiyə tapşırıldı.
Sultan Əbdülhəmid etimad etmədiyi halda cülusundan sonra Xeyrullah Əfəndini bir müddət daha vəzifədə saxladı. 26 iyul 1877-ci ildə vəzifədən alsa da, daim göz önündə saxlamaq üçün bəzi məsələlərin müzakirəsində saraya dəvət etdi. Daha sonra öz istəyilə Mədinəyə göndərildi. Sultan Əbdüləzizin ölümündən birinci dərəcəli təqsirkar olsa da, nə mühakimə olunmaq, nə də dindirilmək məqsədilə məhkəməyə çağırılmadı. Ancaq siyasi rəqiblərindən Şərif Əbdülmütəllib Əfəndinin Məkkə şərifliyinə gətirilməsindən sonra olduqca çətin günlər yaşadı. Başda Mithat Paşa olmaqla, digər təqsirləndirilən şəxslərlə birlikdə Taifə sürgün edildi və orada 1898-ci ildə vəfat etdi.
Mənbə
redaktə- BA, YEE, nr. 18/1858–93–39.
- Ali Kemali Aksüt, Sultan Aziz’in Mısır ve Avrupa Seyahati, İstanbul 1944, s. 234.
- Hayrullah Efendi, Cennetmekân Sultan Abdülaziz Han Hazretlerinin Suret-i Hal’leri Hakkında Hayrullah Efendi’nin Risalesi (Fahri Bey, İbretnüma [haz. Bekir Sıtkı Baykal] içinde), Ankara 1968, s. 121–137.
- Mehmed Memduh Paşa, Mir’ât-ı Şuûnât, İzmir 1328, s. 67.
- a.mlf., Hal‘ler-İclâslar, İstanbul 1329, tür.yer.
- İlmiyye Salnâmesi, s. 605–607.
- İsmail Hakkı Uzunçarşılı, Midhat Paşa ve Tâif Mahkûmları, Ankara 1950, tür.yer.
- a.mlf., Midhat Paşa ve Yıldız Mahkemesi, Ankara 1967, tür.yer.
- Karal, Osmanlı Tarihi, VII, 106, 108, 140; VIII, 307, 308.
- Fahri Bey, İbretnüma (haz. Bekir Sıtkı Baykal), Ankara 1968, tür.yer.
- Danişmend, Kronoloji, V, 156, 157.
- "Hayrullah Efendi", TA, XIX, 127–128.
- Cevdet Küçük, "Abdülaziz", DİA, I, 183–184.