Gokce Et Turki - Wikipedia
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur.
Həyatı
redaktəXarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.[1]
Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi.[2] Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar. Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz əlinə keçirdi. Reyin idarəsi isə Gökcəyə verilir. Ancaq Eldənizlərlə onların vassalları arasındakı ixtilaf yenidən canlandı. Atabəy Əbu Bəkrin başı içki və kef məclislərinə qarışdığından onun vəzifəsini ölkənin əsil sahibi kimi hərəkət edən Cəmaləddin Ay-Aba aparırdı. Bu vəziyyət Gökcənin gücünün artmasına səbəb oldu. Bir çox saray əyyanları Gökcənin tərəfinə keçməyə başladılar.[3]
Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi. Lakin 1203-1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şəhzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi.[4]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007. 312 səh.
- Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı, "Qanun", 2010.
- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. - 24 səh.
- Nuriyeva İradə Tofiq qızı. Azərbaycan dövlətləri intibah dövründə. Bakı, "Mütərcim", 2015. – 32 səh.