Fusimi Qesri - Wikipedia
Fuşimi qəsri (伏見城, Fuşimi-co?) – Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda yerləşən qəsr. Qəsrin məhv olmasından bir əsr sonra yerləşdiyi təpədə şaftalı ağacları əkildiyi Momoyama qəsri (桃山城, Momoyama-co?, azərb. Şaftalı təpəsi qəsri) kimi də tanınmağa başlamışdır.[1]
Fuşimi qəsri | |
---|---|
=伏見城 | |
Kioto ( Yaponiya) | |
Tipi | Azuçi-Momoyama qəsri |
Tikinti yerinin tarixi | |
Tikilib | 1592–1594, 1964 |
İnşaatçı | Toyotomi Hideyoşi (orijinal) |
Materiallar | taxta, daş |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda ancaq bir neçə divarı və xəndəkləri salamat qalmışdır. 1964-cü ildə qəsrin reproduksiyası hazırlansa da, bu reproduksiya orijinal yerdə tikilmədiyi və qəsrin orijinal görünüşü haqqında çox az informasiya olduğu üçün mübahisə mövzusuna çevrilmişdir.[2]
Tarixi
redaktə1594-1600
redaktəFuşimi qəsri 1594-96-cı illərdə Toyotomi Hideyoşi tərəfindən dağ-düzənlik qəsri tipində tikdirilmişdir. Bəzi mənbələr isə tikintinin 1592-ci ildə başladığını bildirir. Hideyoşinin bu qəsri tikdirməsində bir neçə səbəbi var idi. Birincisi, Kioto şəhərini cənubdan qorumaq istəyirdi. Şəhər dağlarla əhatə olunsa da, Fuşimi istiqamətində müdafiəsiz qalmışdı. Bundan əlavə, ərazi Osaka şəhərinə yaxın olduğu üçün oradan göndərilən atəş siqnalını görmək üçün əlverişli idi.[1] Digər səbəb Hideyoşinin özünə uyğun iqamətgah axtarması idi. O, malikanəsi Curakudayı ögey oğluna, Osaka qəsrini isə Toyotomi Hideyoriyə vermişdi. Üçüncü səbəb Hideyoşinin Çin nümayəndələrini təsirləndirmək istəməsi idi. Sonuncu səbəb isə ondan ibarət idi ki, Hideyoşi şimal-şərq daymyolarını qəsrin tikintisinə cəlb edib onların büdcələrini azaltmağı planlaşdırmışdı.[3]
Tikinti yeri kimi Kioto şəhərini qurmuş İmperator Kammunun basdırıldığı təpə seçilmişdir. Hideyoşi Uci çayını qazdıraraq qollara ayırmış və Uci ilə Yodo çayları vasitəsilə Daxili Yapon dənizinə çatmaq üçün birbaşa yol açdırmışdır. Qəsrin tikintisində 20 əyalətdən göndərilmiş 20-30 min insan iştirak etmişdir. Qəsri tikdirmək üçün hər 300 kişiyə 10.000 koku vergi tətbiq olunmuşdur. Materiallar bir neçə ərazidən gətirilmişdir. Taxta Kiso rayonundan tədarük edilmiş və çay vasitəsilə tikinti ərazisinə çatdırılmışdır. Curakudaydakı bəzi tikililər bu qəsrə daşınmışdır.[3]
Hideyoşinin 1598-ci ildəki ölümündən sonra qəsr Tokuqava İeyasunun nəzarəti altına keçmiş və o, qəsri dostu Torii Mototadaya vermişdir.[3]
Fuşimi mühasirəsi və sonrası
redaktə1600-cü ildə Toyotomi və Tokuqava dəstəkçiləri arasında hakimiyyət mübarizəsi başlayanda o, qəsri ziyarət etmiş və Toriiyə qəsri qorumağı tapşırmışdır. Tokuqava qəsri tərk etdikdən sonra Şimazu Yoşihiro və Kobayakava Hideake Toriiyə yaxınlaşaraq qəsri müdafiə etmək üçün onlara qatılmaq təklifi etmişdirlər. Lakin Torii onların sədaqətindən şüblənərək təklifi rədd etmişdir. Onun şübhələri özünü doğrultmuş, 27 avqustda Fuşimi qəsrinin Kobayakava, Şimazu, Ukita və Nabeşimanın 40 minlik ordusu tərəfindən mühasirəyə alındığını görmüşdür. Toriinin qəsrdə cəmi 1800 adamı olsa da, qəsr yeni olduğu üçün mühasirəyə yaxşı tab gətirirdi.[3] Hətta qəsrin müdafiəsi o qədər yaxşı idi ki, Torii vaxtını qo oynamaqla keçirirdi. 8 sentyabrda qəsrdəki komandirlərdən biri 40 əsgərlə xəyanət edərək yanğın başlatmış və divarın bir hissəsini sındırmışdır. Hücumçular qəsrə daxil olaraq tenşunu yandırmışdılar. Torii 200 adamı ilə müqavimət göstərməyə davam etsə də, sonda ölmüşdür. Qalan 10 nəfər zəng qülləsini yandırmış və özünü öldürmüşdülər. Qəsrdən qurtulan yeganə əsgər İeyasunun yanına yollanaraq Fuşimidəki hadisəni ona çatdırmışdır. Mühasirə nəticəsində qəsrin 1800 müdafiəçisi ölsə də, düşmən 3000 itki vermişdi.[4]
1602-ci ildə İeyasu qəsri yenidən tikdirmiş və onu daha da möhkəm istehkama çevirmişdir. 1603-cü ildə Tokuqava klanının şoqunluq mərasimi bu qəsrdə baş tutmuşdur. 1615-ci ildə Toyotomi klanının məhv olmasından sonra qəsr öz əhəmiyyətini itirməyə başlamış, vaxt keçdikcə hissələri məbədlərə verilmişdir. Son söküntü işləri 1620-ci ildə başlamış, 1623-cü ildə daş materialları digər qəsrləri bərpa etmək üçün istifadə olunmuşdur. 1625-ci ildə tenşusu Nico qəsrinə daşınmışdır.[4] Qəsrin bir çox darvazası və strukturu Kioto və Biva gölü ərazisindəki məbədlərin tikintisində istifadə olunmuşdur.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Schmorleitz, 1974. səh. 78
- ↑ 1 2 Schmorleitz, 1974. səh. 81
- ↑ 1 2 3 4 Schmorleitz, 1974. səh. 79
- ↑ 1 2 Schmorleitz, 1974. səh. 80
Ədəbiyyat
redaktə- Schmorleitz, Morton S. Castles in Japan. Tokyo: Charles E. Tuttle Co. 1974. 65–68. ISBN 0-8048-1102-4.