Ferhad Ve Sirin Vehsi - Wikipedia
Fərhad və Şirin — fars şairi Vəhşi Bafqinin Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə müstəqil olaraq yazdığı poemadır. Şair poemanı tamamlaya bilmədən dünyasını dəyişmişdir. Vəhşinin vəfatından təxminən 250 il sonra, Vüsal Şirazi təxəllüsü ilə yazan Mirzə Şəfi Şirazi həmin əsəri tamamlamağı öhdəsinə götürmüşdür. Lakin, əcəl ona da imkan verməmiş, poema yenə yarımçıq qalmışdır. Vüsalın vəfatından bir neçə il sonra, Sabir Şirazi təxəllüslü bir şair əsəri tamamlamağı öz öhdəsinə götürmüşdür. O, Vəhşi və Vüsalın əsərinə 608 misra artırmaqla əsəri başa çatdırmışdır.
Fərhad və Şirin | |
---|---|
Müəllif | Vəhşi Bafqi |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Vəhşinin "Fərhad və Şirin" poeması yarımçıq olmasına baxmayaraq, Nizaminin "Xosrov və Şirin" poemasından sonra bu mövzuda yazılmış ən güclü əsər hesab edilir.[1]
Məzmunu
redaktəVəhşi özü də zəhmətkeş ailəyə mənsub olduğundan, əsərini şahənşah Xosrov Pərvizə yox, zəhmətkeş Fərhada həsr etmişdir. Vəhşi də Nizami Gəncəvi kimi həyatın və kainatın əsas məqsədini eşqdə görmüş, eşqdən başqa hər şeyi etibarsız hesab etmişdir. O, eşq nemətindən məhrum olan bir insanı, dirilik suyu içib, əbədi yaşamaq hüququ qazanmış olsa da, mənəvi ölmüş hesab edir:
“Əgər yüz dəfə dirilik suyu içmiş olsan da,
Səndə eşq yoxdursa, ölüsən!”[2] |
Şair, həqiqi eşq uğrunda yanıb kül olmağı belə, "vücudun həddi-kəmalə çatması" kimi qiymətləndirir. O, eşqin hər cür ağır əzablarını həyatın ən şirin, ən müqəddəs nəşələri kimi qəbul edir. Özü də bütün bu təhlükə və əzabları böyük həvəs və səmimiyyətlə qarşılayır.
Vəhşi eşqə, eşqin qüdrətinə çox yüksək qiymət verir. Şairin fikrincə, bütün kainat, mövcud olan hər bir zərrə ancaq eşq üçün, eşqin qüdrəti ilə yaşayır. Bütün həyat və kainat ancaq eşqə bağlıdır. Onsuz varlıq boş, qaranlıq və mənasız bir məfhumdur:
“Hər zərrədə yeganə bir meyl vardır ki, Onu öz xüsusi məqsədinə çatdırır... Yerdən göyə qədər axtarsan da, |
Əsas obrazlar
redaktəFərhad
redaktəVəhşinin "Fərhad və Şirin" poemasının əsas qəhrəmanı Fərhaddır. Əsərin natamamlığına baxmayaraq, Vəhşi bu poemada Fərhad obrazını xeyli mükəmməl və hərtərəfli təsvir edə bilmişdir.[4]
Vəhşi, elə başlanğıcdan fərhadı polad iradəli daşyonan bir usta kimi təsvir edir. Şirin nəzərdə tutduğu qəsri tikdirmək üçün iki nəfər məharətli usta tapılıb gətirilməsinə göstəriş verəndə Vəhşi Şirinin dili ilə o sənətkarların səciyyəsini belə bəyan edir.
Bənna haqqında:
“Birinci hünərli bir sənət sahibi ki, Əlindən gözəl bir bina tikmək gəlsin. Layihələri həndəsə əsasında qurulub, |
Daşyonan haqqında:
Sonra dəmir ürəkli, polad canlı olsun ki, Zəhmət çəkməyə belini bağlasın. Canı bərklikdə daşı üzən olsun, |
Bununla da Vəhşi əvvəlcədən Fərhadın nə kimi xüsusiyyətlərə malik olacağı haqqında fikir söyləyir.
Vəhşinin Fərhadı həddindən artıq gözü-könlü tox, qızıl-gümüşə etinasızdır. Şirinin xidmətçiləri nəzərdə tutulan sənətkarı tapıb, onlarla görəcəkləri iş və alacaqları əmək haqqı barəsində danışıq aparanda bənna yerinə yetirəcəyi iş qarşılığında ancaq qızılla maraqlanır, ona istədiyi miqdarda qızıl veriləcəyi təqdirdə, tapşırığı qəbul edəcəyini sözyləyir. Fərhad isə görəcəyi iş qarşılığında qızıldan imtina edir. Vəhşinin Fərhadı hələ heç Şirinin üzünü görməmiş, onun adını eşitməmiş, kim olduğunu bilməmiş, heç bir fikir və məqsədə əsaslanmadan muzd almaqdan imtina edir. Əmək qarşılığında qızıl almağı özünə ayıb hesab edir. Lakin, həmin dövr üçün bu cür təfəkkür heç də təbii və adi deyildi.[1]
Fərhad Şirinlə üzbəüz gəldikdə ilk baxışdan ona məftun olur. Dağçapan bütün varlığı, bütün vücudu ilə Şirinin hüsn camalına heyran olur. Nizamidə olduğu kimi, Vəhşinin Fərhadı da, o qədər sadəlövh, xəyalpərəst və məsumdur ki, özünün Şirinə tay olmadığını nəzərdə tutmayaraq, ona vurulur. Lakin, bu uğursuz eşqin nə ilə nəticələnəyini düşünmür. O, özünü pərvanə kimi şöləyə vurur, bu atəşin eşqin bərabərində heç nədən qorxmayaraq sevgi meydanına atılır.
Vüsal Şirazi də nəzmə çəkdiyi hissədə Fərhadın obrazını sələfi kimi təsvir edir. Vüsalın Fərhadı da gözəl bir rəssam, bacarıqlı bir heykəltəraşdır. O, hələ əsas işə başlamazdan əvvəl Şirinin təsvirini Bisütun dağının sıldırım bir qayasında həkk edir. Vüsalın Fərhadı da polad əzmli və möhkəm iradəlidir. Şirin onunöhdəsinə qoyduğu işin çətinliyindən danışanda Fərhad öz saf eşqinin qüdrətinə əsaslanaraq ona cavab verir:
“Daş dağ yox ki, polad bir dağ olsa da,
Eşqinin gücü ilə onu kökündən qazaram.” [5] |
Vüsal Fərhadı çinli bir bütpərəst kimi təsvir edib, onun dilindən belə söyləyir:
“Mən çinliyəm, çinlilər də bütpərəstlikdə,
Badədəki sərxoşluq kimi məşhurdurlar.”[5] |
Digər bir yerdə Şirin onun həqiqətən də bütpərəst olduğunu dəqiqləşdirmək istəyəndə, Fərhad gözəlin sualına belə cavab verir:
“Fərhad ona söylədi, bəli, belədir,
Mən çinliyəm, çinlilər də bütpərəstdirlər.” [5]> |
Fərhad, bir neçə dəfə özünün Çində, Bütxanədə, Brəhmən təlimi əsasında böyüyüb pərvəriş tapması, bütlərə pərəstiş etməsi haqqında fikir söyləyir. Şirinə bildirir ki, əgər bu vaxta kimi cansız-ürəksiz bütlərə pərəstiş etmişdirsə, bundan sonra, Şirini – canlı və ürəkli bütü öz məbudu bilib, ona sitayiş edəcəkdir.
Sabir Şirazi nəzmə çəkdiyi hissədə əvvəlcə Fərhadı çox utancaq və həyalı biri kimi təsvir edir. Hətta, Şirin onu xəlvətə çağırıb müaşiqə etmək istərkən, Fərhad susur, utandığından qızarır, həyasından başını yuxarı qaldıra bilmir. Fərhadın utandığını görən Şirin, başqa tədbir görür, onu uzaq, səfalı bir çəmənə dəvət edir, orada hər cür şərait yaradır. Bütün gecəni onunla təklikdə qalır. Fərhada tam azadlıq, istədiyi kimi hərəkət etmək imkanı verir. Ancaq Sabirin Fərhadı özünü ilahi bir şeq, ruhani bir məhəbbət yolçusu kimi göstərərək, Şirinə yaxın durmur.
Şirin
redaktəVəhşi öz əsərini Xosrovun Şirini tərk edib, isfahanlı Şəkərin ardınca getməsi ilə başlayır. Xosrovun bu növbəti yaramaz hərəkəti gözəlin həssas ürəyini kədərləndirir, onu bərk incidir. Xosrovun möhtəşəm və təmtəraqlı sarayı Şirinə qəfəsdən də darısqal gəlir. O, sarayı tərk edəndə söyləyir:
“Sən ona bir bax ki, bizi süfrəsinə çağırıb,
Özü isə başqasına qonaq gedib.” [5] |
Nizami Şirini Xosrovun bütün şıltaqlıqlarına dözür. Öz saf eşqi uörunda hər şeyə göz yumub, hər cür əzaba qatlaşır. Sona qədər ancaq Xosrovun məhəbbətinə sadiq qalır. Lakin Vəhşinin Şirini belə deyil, Xosrovun isfahanlı Şəkərlə birlikdə olduğunu öyrənən kimi sarayı tərk edərək başqa yerə köçür, Xosrovdan intiqam almaq fikrinə düşür. Cariyələr onun bu hərəkətini tənqid edərək, vəfasız adlandırdıqda, Şirin Xosrov sarayını tənqid edərək, onun iç üzünü açıb göstərir və "Vəfasızlığı sizlərdən öyrəndim"[5] deyə cavab verir.
Vəhşi Şirini onun xadimlərinin dilindən belə səciyyələndirir: Həddindən artıq gözəl olduğuna görə çox məğrurdur. Xüsusən onun bu qürur və etinasızlığı adi insanlara qarşı yox, kübarlara və zadəganlara qarşıdır. O, yoxsul və möhtaclara qarşı çox mehriban və səxavətlidir. Şirin həm də həddindən artıq cazibəli və gözəldir. Lakin bu qədər zərif olmasına baxmayaraq, hər şeydən artıq at oynatmağı, ovlayıb-quşlamağı sevir.[5]
Vəhşinin təsvir etdiyi Şirin xosrovdan incisə də, hələlik, Fərhada da öz ürəyini verməmişdir. Fərhadın eşq əsiri olduğunu bilsə də, son qərara gəlməmişdir.
Vüsal Şirazinin nəzmə çəkdiyi hissədə isə Şirin çox mükəmməl və ağıllı bir qadın obrazıdır. Vüsalın Şirini olduqca kamallı və mərifətlidir. O, Fərhadın sınaqdan çıxarılmasını davam etdirməyə çalışır. Hər şeydən qabaq, bu yeni aşiqin onu həqiqətənmi sevdiyinə, yoxsa Xosrov kimi hərdəmxəyal olduğuna əmin olmaq istəyir. Fərhad ona eşq elan edib, sadiq qalacağına and içdikdə Şirin ona inanmır, çanki, daha əvvəl Xosrovdan da bu cür vədlər eşitmiş, lakin tam əksini görmüşdü. Şirin Fərhadi içirib sərxoş edərək, ona müxtəlif suallar verir, onun şəxsiyyəti, əsil-nəcabəti və nə məqsədlə səfər etməsi haqqında məlumatlar öyrənməyə çalışır. Vüsalın Şirini musiqi və içkiyə meyillidir. O, sarayda, seyrdə və səyahətdə heç vaxt içkisiz olmur.
Sabir Şirazi nəzmə çəkdiyi hissədə Fərhad və Şirini görüşdürür. Fərhad könlünü açıb Şirinə söylədikdə Şirin onu uzaq, səfalı bir çəmənə dəvət edir, burda Fərhadla gecələyib, ona hər cür ixtiyar verir. Sabirin Şirini sələflərindən fərqli olaraq, zəif iradəli bir qadındır. O, Fərhaddan kam tələb edir. Fərhad bundan imtina etdikdə, o düşünür ki, bunun səbəbi, Xosrovla nişanlı olmasıdır. Fərhadı bu qeyddən azad etmək üçün ona söyləyir:
“Öz mətaımı artıq Xosrova, Başqa dilbəri olduğuna görə satmayacağam. Gəl mənim bu müşkülümü özün asan et, |
Tarixi
redaktəXVI əsrdə yaşamış fars şairi Vəhşi Bafqi Nizaminin "Xosrov və Şirin" poemasının təsiri ilə bu mövzuda əsər yaratmışdır. Vəhşinin 2140[6] misralıq "Fərhad və Şirin" mənzuməsinin 1242 misrası əsərin müqəddiməsinə, nətə və münacata həsre olunmuş, qalanı isə "Fərhad və Şirin" mövzusuna aiddir. Buradan aydın olur ki, müəllif böyük həcmli, mükəmməl bir əsər nəzmə çəkmək istəmişdir. Lakin, ölüm şairə bu arzusunu həyata keçirməyə imkan verməmiş, əsər yarımçıq qalmışdır. Vəhşinin vəfatından təxminən 250 il sonra, Vüsal təxəllüsü ilə yazan Mirzə Şəfi Şirazi (1779–1846) həmin əsəri tamamlamağı öhdəsinə götürmüşdür. Vüsal Qacar sülaləsindən olan Fətəli şah (1771–1834) və Məhəmməd şah (1810–1848) dövrünün görkəmli şairlərindən olub, 15 min beytdən ibarət bir divan yaratmışdır. O, Vəhşinin "Fərhad və Şirin" məsnəvisini tamamlamağa cəhd etmiş, lakin, əcəl ona da imkan verməmiş, poema yenə yarımçıq qalmışdır.
Vüsal öz əsərini Vəhşinin əsərinin davamı hesab etdiyinə görə ənənəvi münacat, tərif, mədh və sairə hissələr üzərində dayanmadan, eşq haqqında 38 misralıq kiçik bir müqəddimədən sonra, birbaşa mətləbə keçərək, hadisələri qaldığı yerdən davam etdirməyə çalışmışdır. Vüsal həmin parçada Vəhşinin başladığı bu eşq dastanını bitirəcəyi fikrini bir beytlə ifadə etmişdir:
İstər Vəhşi, istər Vüsal söyləmiş olsun,
Məqsəd eşq və eşqin tərifidir.[5] |
Vüsal bu əsərə 2500 misra artırdıqdan sonra ölmüşdür. O, özü əsəri bitmiş hesab etsə də, tələb olunan nəticə poemada öz əksini tapmamışdır. Odur ki, Vüsalın vəfatından bir neçə il sonra, Sabir Şirazi təxəllüslü bir şair əsəri tamamlamağı öz öhdəsinə götürmüşdür. O, Vəhşi və Vüsalın əsərinə 608 misra artırmaqla əsəri başa çatdırmışdır.
Vəhşi Bafqinin sələfləri öz əsərlərini başqalarının göstərişi, istək və arzusu ilə yaratmışlar. Vəhşi isə poemanı ancaq öz qəlbinin ehtiyacı, şəxsi ilham və zövqü ilə yazdığını bildirir. O, dəfələrlə ancaq öz qəlbindən ilham aldığına, əsəri eşq macəralarını tərənnüm etmək məqsədilə yazdığına işarə edir:
“Fərhadla Şirinə aid olan, Bu eşq poemasını deməkdən məqsədim Eşqdir, eşqin şərhi və izahıdır. |
Nizaminin təsiri
redaktəVəhşi də, "Xosrov və Şirin" və "Fərhad və Şirin" poemalarının digər müəllifləri kimi böyük Nizamidən təsirlənmişdir. Hüseyin Nəxəi tərtib etdiyi "Divani-kamili-Vəhşi Bafqi"də ümumiyyətlə Vəhşinin Nizamidən təsirlənməsi haqqında yazır:
"O, "Fərhad və Şirin"i nəzmə çəkərək Nizaminin "Xosrov və Şirin"ini özünə nümunə götürüb., o gövhər dənizində üzmüşdür. Çox vaxt onun sözlərini, tərkib hissələrini, terminlərini, bəzən də bütövlükdə beytləri götürüb öz şerlərinə daxil etmişdir."[5]
Digər İran tədqiqatçısı Maziyar "Mahnameye-suxən" adlı əsərində Nizaminin "Xosrov və Şirin" mövzusunda yazan şairlərə, o cümlədən Vəhşi Bafqiyə təsiri barədə yazır:
"Nizamidən sonra bir çox şairlər onun ardınca getmiş, "Xosrov və Şirin" poemasındakı Fərhadın nakam eşqini yenidən qələmə almışlar. Ancaq, bu təqlidlərin heç biri orijinalın bərabərində rövnəq tapmamışdır. Təkcə, Vəhşinin natamam "Fərhad və Şirin"i özünün bəzi xüsusiyyətlərinə görə oxucuların zövqünü oxşamışdır."[7]
Nizami poemasının əsas qəhrəmanları Şirin və Xosrovdur. Fərhad isə, ikinci dərəcəli və ötəri bir obraz kimi tərənnüm olunur ki, Nizami onu əsərə xeyli sonra gətirib, tez də səradan çıxarır. Şair bir neçə epizodda Fərhadın faciəsini tərənnüm etməklə surətini əbədiləşdirsə də, onu ön planda götürmür. Lakin, Vəhşi nəzmə çəkdiyi planını tamamilə başqa cür qurur. O, əsərin əsas qəhrəmanı Fərhadı götürərək, poemanı ona həsr edir.
Vəhşi də, Əmir Xosrov Dehləvi kimi Nizami əsərində qoyulan bir çox məsələləri vacib hesab etməmiş, onların üstündən keçmişdir. O, əsərini Xosrovun Şirindən küsüb Şəkəri əldə etmək məqsədilə İsfahana hərəkət etməsi, Fərhadın meydana gəlib çıxması ilə başlayır.
Əsərin qayə və məqsədi haqqında Nizami ilə Vəhşinin fikirləri bir-birindən fərqlidir. Nizami göstərmək istəyir ki, nəzmə çəkdiyi bu dastan əsas etibarilə əfsanə yox, baş vermiş tarixi bir hadisədir.[8] Lakin, Vəhşi məsələni tamamilə başqa cür düşünür, o, hadisələri Nizaminin qoyduğu mövqenin əksindən götürür. O, əhvalatın tarixi bir həqiqət olub-olmamasına fikir vermir, əksinə, hadisələri "doğruya bənzər yalan" adlandırır:
“Gerçəyə bənzər bir yalanı tərənnüm edirəm,
Özümü müqayisə edib eşq ilə bağlayıram.” [5] |
İstinadlar
redaktə- ↑ 1 2 Beqdeli, 205
- ↑ Beqdeli, 203
- ↑ 26
- ↑ Beqdeli, səh. 202
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Vəhşi Bafqinin divanı, səh.545-558
- ↑ Beqdeli, 197:
"Ərəfati-aşiqin"də Vəhşinin "Fərhad və Şirin" mənzuməsinin həcminin 2700 misra "Meyxanə"dəm isə poemanın misralarının sayının 4000-ə yaxın olduğu göstərilmişdir. AMEA-nın Əlyazmalar Fondunda saxlanan nüsxədə (inv. N258 (398)) əsərin həcmi 2090 misradan ibarətdir."
- ↑ "Söz" aylıq dərgisi, 3-cü cild, Tehran, səh.214
- ↑ Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 25
Ədəbiyyat
redaktə- Q. Beqdeli – Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu, Bakı, 1970